London, 22 noyabr, AZƏRTAC
Böyük Britaniyanın Mühafizəkarlar Partiyası Baş nazir Endi Börnhemin Avropa İttifaqı (Aİ) ilə münasibətlərin yenidən qurulmasına dair razılaşmasının ölkədə orta statistik ailənin illik enerji xərclərini 281 funt sterlinq artıracağını iddia edib.
Yeni razılaşmaya əsasən, Böyük Britaniya Avropa İttifaqının Emissiya Ticarəti Sisteminə yenidən qoşulacaq. Bu sistem karbon emissiyalarının azaldılmasını və 2050-ci ilə qədər xalis sıfır emissiya hədəfinə nail olunmasını təşviq etmək məqsədi daşıyır. Baş nazir Endi Börnhem Aİ ilə əldə olunan razılaşmanı hər iki tərəf üçün faydalı adlandıraraq, bunun yaşayış xərclərinin artması ilə üzləşən ailələrə kömək edəcəyini bildirib.
Lakin müxalifətdəki Mühafizəkarlar Partiyası hesab edir ki, Avropanın karbon ticarəti sisteminə qoşulmaq enerji qiymətlərinin əhəmiyyətli dərəcədə yüksəlməsinə səbəb olacaq. Partiyanın iddiasına görə, bu addım gələcəkdə qazla işləyən istilik qazanlarına, benzin və dizel avtomobillərinə, eləcə də müxtəlif sənaye məhsullarına yeni karbon vergilərinin tətbiqinə yol aça bilər. Mühafizəkarlar, həmçinin xəbərdarlıq ediblər ki, yeni qaydalar kiçik sahibkarlıq subyektlərinin xərclərini də artıracaq və bəzi müəssisələr üçün əlavə ödənişlər on minlərlə, hətta yüz minlərlə funt sterlinqə çata bilər. Partiya növbəti parlament seçkilərində qalib gələcəyi təqdirdə, karbon emissiyalarının ticarətinə dair razılaşmanı ləğv edəcəyini bəyan edib.
Bununla yanaşı, Böyük Britaniyanın təzə meyvə və tərəvəz ticarəti assosiasiyası yeni razılaşmanın mümkün iqtisadi təsirləri barədə xəbərdarlıq edib. Assosiasiyanın məlumatına görə, Aİ-yə üzv olmayan ölkələrdən idxal edilən sitrus meyvələri, manqo, şirin kartof və qaragilə kimi məhsulların qiymətləri arta bilər.