Cənubi Koreya Prezidenti Li Çje Myon təhsil naziri Çxve Qyo Çjinin istefasını qəbul edib. Buna səbəb hakimiyyətin dövlət imtahanlarında süni intellekt vasitəsilə köçürmənin qarşısını almaq üçün müvafiq sistemi vaxtında hazırlaya bilməməsi ilə bağlı yaranan ictimai narazılıq olub.

İnterxəbər Oxu.Az-a istinadən xəbər verir ki, Prezident Li Çje Myon Baş nazir Han Son Suka imtahanlarda ədalətli qiymətləndirmənin təmin olunması üçün tədbirlər hazırlamağı tapşırıb.

Daha əvvəl təhsil naziri Çxve Qyo Çjin açıqlamasında hakimiyyətin imtahanlar zamanı süni intellektdən istifadə ehtimalına qarşı əvvəlcədən lazımi hazırlıq görə bilmədiyini etiraf edib. O bildirib ki, imtahan prosedurlarına son anda edilən dəyişikliklər iştirakçılar arasında narahatlıq və çaşqınlıq yarada bilərdi.

Noyabrın 19-da Cənubi Koreyada məktəb məzunları üçün vahid dövlət imtahanı keçirilib. Bu il ölkə ictimaiyyətində imtahan zamanı süni intellektdən geniş istifadə olunması ehtimalı və belə halların qarşısını almaq üçün görülən tədbirlərin yetərsizliyi ciddi narahatlıq doğurub.

Noyabrın 15-də vergi məsləhətçiləri üçün keçirilən attestasiya imtahanında ən yüksək nəticə göstərən iştirakçılardan biri gizli kameradan və süni intellektdən istifadə etdiyini etiraf edib.

Cənubi Koreya hökuməti imtahanlarda süni intellekt vasitəsilə köçürmənin qarşısını almaq üçün bir sıra tədbirlər həyata keçirib. Təşkilatçılar şagirdlərin eynəklərini yoxlayıb, geyimlərindəki düymələri isə gizli kameraların və "ağıllı" eynəklərin istifadəsinin qarşısını almaq məqsədilə möhürləyiblər.

İmtahan zalına smartfon keçirən şəxsləri müəyyənləşdirmək üçün mobil telefonlara kütləvi xəbərdarlıq bildirişləri göndərilib. Adətən böyük təbii fəlakətlər zamanı istifadə olunan bu xəbərdarlıq sistemi telefon səssiz rejimdə olsa belə, cihaz açıq olduğu halda səs siqnalı verir.

Bu üsulla göndərilən üç bildiriş nəticəsində 54 qayda pozuntusu aşkarlanıb.

Ümumilikdə, elektron cihazlardan istifadə etməklə köçürməyə 111 cəhd qeydə alınıb. Müqayisə üçün bildirək ki, 2025-ci ildə bu göstərici 98 olub.