İlham Mirzəyevin məhkəməsi 2015-ci ilə qaldı
Dekabr ayının 9-da Bakı Apellyasiya Məhkəməsində həbsdə olan teleaparıcı İlham Mirzəyev barəsində olan hökmdən verilən apellyasiya şikayəti əsasında məhkəmə prosesi davam etdirilsə də, hakim Faiq Qasımovun sədrlik etdiyi iclasda təqsirləndirilən şəxsin vəkilləri çıxış edərək ilkin baxış iclasının qərarından kassasiya şikayəti verdiklərini deyiblər. Bunun üçün də məhkəmə prosesi qeyri-müəyyən vaxta qədər təxirə salınıb.
Telejurnalistin vəkili Xanlar Bayramzadənin verdiyi açıqlamaya əsasən, növbəti məhkəmə prosesi 2015-ci ildə baş tutacaq: “Bu ayın sonuna qədər məhkəmə prosesi olmayacaq. İlin sonuna qədər iş araşdırılacaq və növbəti məhkəmə prosesi yeni ildən sonraya təyin olunacaq. Araşdırmalara davam etdiyindən hələ dəqiq gün təyin olunmayıb”.
İ.Mirzəyevin səhhətinə gəlincə, vəkil hazırda onun özünü daha yaxşı hiss etdiyini açıqlayıb: “Əvvəlkinə baxnada, hazırda bir az yaxşıdır. Ailə üzvlərilə mütəmadi görüşləri olur. Eyni zamanda qanunvericilikdə nəzərdə tutulduğu kimi mətbuatda gedən xəbərləri də oxuya bilir”.
Əvvəlcə xəbər verdiyimiz kimi, ilkin baxış iclası zamanı vəkillər işə xitam verilməsi barədə vəsatət veriblər. Lakin məhkəmə vəsatəti təmin etməyib. Bunun üçün vəkillər həmin iclasın qərarından Ali Məhkəməyə kassasiya şikayəti ilə müraciət ediblər. Ali Məhkəmə şikayətə baxdıqdan sonra Bakı Apellyasiya Məhkəməsində proses davam etdiriləcək.
Nərimanov Rayon Məhkəməsinin hökmü ilə İ. Mirzəyev Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunaraq 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
bizimyol.info
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay