İyulun 31-də Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirilib.

İnterxəbər AZƏRTAC-a istinadən xəbər verir ki, mərasimdə çıxış edən Qırğızıstan Prezidenti Sadır Japarov deyib:

"Hörmətli İlham Heydər oğlu.

Hörmətli xanımlar və cənablar.

Müasir Azərbaycan regional və beynəlxalq proseslərdə mühüm rol oynayan güclü və nüfuzlu dövlətdir. Sizin Azərbaycana rəhbərlik etdiyiniz illərdə dövlətçiliyin möhkəmlənməsi, iqtisadiyyatın inkişafı və irimiqyaslı layihələrin həyata keçirilməsi üzrə böyük nailiyyətlər əldə olunub. Sizin dəstəyiniz və daimi yaxınlaşmaq səyləriniz sayəsində qardaş ölkələrimiz möhkəm dostluğa və qarşılıqlı etimada əsaslanan əsl strateji tərəfdaşlıq münasibətləri əldə edib.

Bu gün münasibətlərimiz keyfiyyətcə geniş səviyyəyə yüksəlib və müttəfiqlik xarakteri qazanıb. Mərkəzi Asya ilə Cənubi Qafqaz arasında əlaqələrin inkişafında Sizin rolunuz xüsusi əhəmiyyətə malikdir. Azərbaycanın Mərkəzi Asya dövlət başçılarının Məşvərət görüşlərində iştirakı iqtisadi-ticari, nəqliyyat və energetika sahələrində əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar açır. Siz, həmçinin öz nüfuzunuzu ardıcıl olaraq regionda möhkəm sülhün bərqərar olmasına, sabitliyin möhkəmlənməsinə və yeni əməkdaşlıq mühitinin yaranmasına yönəldirsiniz.

Ölkələrimiz arasında dostluğun möhkəmləndirilməsinə Sizin sadiqliyiniz Qırğız xalqında dərin hörmət hissləri doğurur. Məhz bu səbəbə görə əziz dostum və qardaşım, Azərbaycan Respublikasının Prezidenti hörmətli İlham Heydər oğlu Əliyevin Qırğız Respublikasının ali dövlət mükafatı - "Manas" ordeni ilə təltif olunması qərarını qəbul etdim.

Bu yüksək mükafat Sizin Qırğızıstan-Azərbaycan münasibətlərinin möhkəmlənməsinə şəxsi töhfənizin təsdiqidir.

Qırğız Respublikasının xalqı adından və şəxsən öz adımdan Sizi bu yüksək mükafat münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Sizə möhkəm cansağlığı, əmin-amanlıq və ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar, qardaş Azərbaycan xalqına isə sülh və tərəqqi arzulayıram.

Hörmətli İlham Heydər oğlu, icazə verin, "Manas" ordenini Sizə təqdim edim".

Sonra Azərbaycan Prezidenti İlham Əliyevin Qırğız Respublikası ilə Azərbaycan Respublikası arasında strateji tərəfdaşlığın inkişafına, iki ölkənin xalqları arasında dostluğun möhkəmlənməsinə mühüm töhfəsinə görə 1-ci dərəcəli "Manas" ordeni ilə təltif edilməsi haqqında Qırğızıstan Prezidenti Sadır Japarovun Fərmanı oxunub.

Prezident Sadır Japarov 1-ci dərəcəli "Manas" ordenini dövlətimizin başçısına təqdim edib.

Azərbaycan Prezidenti İlham Əliyev çıxış edərək deyib:

"Hörmətli Sadır Nurqojoyeviç.

Əziz dostlar.

Əvvəlcə, bu yüksək mükafata görə Sizə səmimi qəlbdən təşəkkür etmək istərdim. Mən onu Qırğızıstan ilə Azərbaycan arasında qardaşlıq əlaqələrinin möhkəmləndirilməsi işində fəaliyyətimə Sizin verdiyiniz qiymət hesab edirəm. Sizinlə əməkdaşlıq illərimiz ərzində ölkələrimiz çox böyük və şərəfli yol qət edib, dövlətlərarası münasibətlərimiz strateji müttəfiqlik səviyyəsinə yüksəlib. Dünyada bundan yüksək səviyyə mövcud deyil. Qardaş ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsində şəxsi iştirakınıza görə Sizə çox dərindən minnətdaram.

Bizim mehriban, dost və qardaş münasibətlərimiz ölkələrimiz arasında bugünkü uğurlu inkişafın mühüm amilidir. Həmçinin mənim ünvanıma söylədiyiniz xoş sözlərə, bu yüksək ordenə görə Sizə səmimi minnətdarlığımı bildirirəm və Sizi əmin edirəm ki, Qırğızıstan-Azərbaycan münasibətlərinin ölkələrimizin və xalqlarımızın rifahı naminə davamlı inkişafı üçün bundan sonra da bütün səylərimi göstərəcəyəm.

Belə yüksək mükafata görə bir daha ürəkdən təşəkkür edirəm".

Sonra Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycan ilə Qırğızıstan arasında dostluq, qardaşlıq və tərəfdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə "Heydər Əliyev" ordeni ilə təltif olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı oxunub.

Çıxışına davam edən Prezident İlham Əliyev deyib: "Bu yüksək mükafatı təqdim etməzdən əvvəl, Sadır Nurqojoyeviç, şəxsən Sizi, Sizin komandanızı, qardaş Qırğız xalqını Qırğızıstanın Sizin rəhbərliyiniz ilə qazanılan tarixi nailiyyətlər münasibətilə bir daha təbrik etmək istərdim. Mən Qırğızıstana ilk dəfə deyil ki, səfər edirəm, amma məhz Sizin prezidentliyiniz dövründə bizim aramızdakı təmaslar müntəzəm xarakter daşıyır. Mənim Qırğızıstana səfərlərimi və Sadır Nurqojoyeviçin Azərbaycana səfərlərini saysaq, onlarla qarşılıqlı səfər həyata keçirilib.

Lakin bütün bunlar məhz qardaş Qırğızıstan xalqının ölkə Prezidenti kimi yüksək vəzifəni Sizə etimad etməsindən sonra baş verir. Dəyişiklikləri hamı görür. Bunları həm dostlar, həm də ölkəyə gələn xarici müşahidəçilər görürlər. Onları görməmək mümkün deyil. Hətta bu gün İssık-Kul rayonunda müşahidə etdiklərimiz də Sadır Nurqojoyeviçin Qırğızıstana rəhbərliyi olmadan təsəvvür etmək mümkün deyil. Qırğız torpağının bu gözəl guşəsi hazırda ən əsas inkişaf dövrünü keçirir. Tarixdə heç kim heç vaxt belə qısa müddətdə burada gördüyümüz güclü inkişafın şahidi olmayıb. Bu, şəxsən Sizin xidmətinizdir. Sizin öz xalqınıza, öz köklərinizə, Qırğız xalqının yüksək mənəvi dəyərlərinə sədaqətinizdir və Qırğızıstanı yeni inkişaf səviyyəsinə yüksəltmək səylərinizdir. Siz buna nail olursunuz. Bu gün Sizin ölkənizin beynəlxalq nüfuzu ən yüksək səviyyədədir və Qırğızıstanın beynəlxalq ali orqana seçilməsi bunu təsdiq edir.

İqtisadi inkişaf, sosial tərəqqi Sizin Qırğız xalqına qayğınızın göstəricisidir. Necə ki, bu gün Qırğızıstandan xaricə deyil, xaricdən Qırğızıstana miqrasiya axını baş verir. Bütün bunlar Sizin şəxsi iştirakınız, Sizin qərarlarınız, Sizin uzaqgörənliyiniz sayəsində mümkün olub. Mən Bişkekdə dəfələrlə olmuşam, İssık-Kulun gözəl sahilinə də ilk dəfədir ki, gəlmirəm. Deyə bilərəm ki, bütün ölkə boyu inkişaf gedir. Əlbəttə, Qırğızıstan vətəndaşları bunu daha yaxşı bilirlər. Düşünürəm ki, Sizə göstərilən ümumxalq dəstəyi Sizin əməyinizin başlıca nəticəsidir və yəqin ki, ən böyük mükafatdır. Azərbaycan da Sizin həm Qırğızıstanın inkişafına, həm də ölkələrimiz arasında qardaşlıq münasibətlərinin möhkəmlənməsinə töhfənizi yüksək qiymətləndirir. Mənim Fərmanımla Siz Azərbaycanın ali ordeni - "Heydər Əliyev" ordeni ilə təltif olunmusunuz. İndicə Fərmanı elan etdilər. İcazə verin bu yüksək mükafatı Sizə təqdim edim".

Prezident İlham Əliyev "Heydər Əliyev" ordenini Prezident Sadır Japarova təqdim edib.

Prezident Sadır Japarov deyib: "Hörmətli İlham Heydər oğlu.

İcazə verin, göstərilən hörmət və dostluq əlamətinə görə, Sizə səmimi minnətdarlığımı bildirim. Azərbaycan Respublikasının yüksək dövlət mükafatlarından birini - "Heydər Əliyev" ordenini Sizin əlinizdən qəbul etmək mənim üçün böyük şərəfdir. Bu mükafat mənim üçün xüsusi əhəmiyyətə malikdir, çünki müasir Qırğızıstan-Azərbaycan münasibətlərinin formalaşmasının əsasını qoyan görkəmli dövlət xadiminin, Azərbaycan xalqının böyük oğlunun adını daşıyır.

Mən bu ordeni xalqlarımız arasında möhkəm münasibətlərin, strateji tərəfdaşlığa və müttəfiqliyə ortaq sadiqliyin rəmzi kimi qəbul edirəm. Bu xüsusi jestə, Qırğızıstana göstərdiyiniz diqqətə, xalqlarımızın yaxınlaşmasına daimi səylərinizə görə Sizə minnətdaram.

Sizə təşəkkür edirəm. Sağ olun".

Son xəbərlər

Avropa liderləri Trampdan “qaçırlar

Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirilib - FOTO

İlham Əliyev və xanımı Qırğızıstanda səfərdədir

Ermənistan hökuməti istefaya gedir: Paşinyan detalları açıqladı

İran Çin şirkətinin binasını vurdu: ölən var

Ərdoğan ilk dəfə “Ahbap” istintaqından danışdı

İsrail və ABŞ liderlərinin Vaşinqton görüşü: Əsas mövzu İrandır

Rusiya ordusu daha bir kəndi işğal etdi

Çad Beynəlxalq Cinayət Məhkəməsindən çıxır - Rəsmi qərar

İranın AzTV ilə bağlı qərarına Bakıdan sərt reaksiya

“Göyçayda ağacların qurban verildiyi inkişaf”

İran Ukraynanı hədələdi: "Cavabsız qalmayacaq"

Alla Puqaçova Kiyevdə konsert verməyə hazırdır

Ləğv edilən 19 bankda əmanətlərin ümumi məbləği…

Pezeşkianın çıxışı kəsildi: Hökumətdən sərt reaksiya...

MM-dən ABŞ Konqresinin qanun layihəsinə kəskin etiraz

33 təqsirləndirilən şəxs Azərbaycana ekstradisiyası olundu

Bu türk ölkəsi Rusiyadakı vətəndaşlarına çağırış etdi

Suriyadan 16 nəfər Azərbaycana repatriasiya edildi

Husilər Səudiyyə Ərəbistanına qarşı dəniz embarqosu elan etdilər

Türkiyədən Yunanıstana etiraz...

Tramp respublikaçılardan Lindsi Qremin istəyini reallaşdırmağa çağırıb

Tramp əsassız məlumatlara istinad edir - Peskov

İran bu ölkə ilə sərhədə qüvvə və hərbi texnika yığdı

Türkiyədə məhkəmə Netanyahunu beynəlxalq axtarışa verdi

Peter Pelleqrininin şərəfinə rəsmi nahar verildi

Qarabağın bərpasında Azərbaycana ilk yardım edən şəxs...

Arakçı Pakistan xarici işlər naziri ilə danışdı

Azərbaycan Prezidenti monqolustanlı həmkarını təbrik edib

İranın hücumları qəbuledilməzdir - Kallas

Azərbaycanda hansı şəhərlərdəki köhnə binalar söküləcək

SON DƏQİQƏ! YAP-ın təşkilat sədri saxlanıldı

Milli Məclis bir sıra qanunlara təklif edilən dəyişiklikləri təsdiqləyib

Bütün xəbərlər