Novruz Məmmədov: Qərbə inamımız tükənir - YENİLƏNİB
“Hər yerdə nöqsan ola bilər”.
“Biz müstəqillik əldə etdikdən sonra düşünürdük ki, dünyanın sivil bölgəsi olan Avropa problemlərimizin həllində iştirak edəcək, ədalətli olacaq. Amma vaxt keçdikdən sonra gördük ki, heç də belə deyil, ümidlərimiz müəyyən mənada qırıldı”.
Interxəbər xəbər verir ki, APA-nın məlumatına görə, bunu, Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, administrasiyanın xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bu gün III Qlobal Bakı Forumun “Avropa İttifaqı və qonşuluq siyasəti” adlı panelindəki çıxışında deyib.
N. Məmmədov qeyd edib ki, Azərbaycan postsovet məkanında Qərblə uğurlu əməkdaşlıq edə biləcək dövlət sayıla bilər:
“Lakin Azərbaycanın 20 faiz əraziləri işğal olundu, Dağlıq Qarabağ problemi ortaya çıxdı və bu günə qədər Avropada, dünyada bu məsələ ilə əlaqədar beynəlxalq hüquqa uyğun gələ bilən konkret addım atılmır. Bu gün Dağlıq Qarabağ münaqişəsinin həlli ATƏT-in Minsk Qrupunun monopoliyasına verilib. Amma hamı da bilir ki, Minsk Qrupu bunu həll etmək iqtidarında deyil.
Biz bilərəkdən prosesləri uzun zaman davam etdiririk. Görəsən nə üçün? Bunun əsas səbəblərindən biri odur ki, Qərb və Avropada siyasi xadimlər düşünürlər ki, “mən nə dedim, o olmalıdır!” Yəni onlar üçün beynəlxalq hüquq budur. Amma bu, çox təhlükəli presedentdir”.
N. Məmmədovun fikrincə, ilk dövrlərdən ədaləti mövqe ortaya qoyulub, münaqişə həll edilsəydi, ondan sonra baş verən problemlər bəlkə də olmazdı: “Gürcüstan, Moldova, Ukrayna ilə bağlı problemlər yaranmazdı”.
Onun sözlərinə görə, belə münasibət bu gün beynəlxalq hüququ elə vəziyyətə gətirib ki, hazırda dünyada çox böyük gərginlik var və bunun sonunun hara gedəcəyi barədə dəqiq proqnoz vermək çox çətindir.
N. Məmmədov bildirib ki, Azərbaycan müsəlman dünyasının bir hissəsi olan gənc, dünyəvi dövlətdir:
“Biz bu mənada Qərb üçün nümunə ola bilərik. Hərçənd indiki vəziyyətdə yerləşdiyimiz mürəkkəb geosiyasi məkanda bu, elə də asan deyil. Amma Azərbaycan rəhbərliyi bunun üçün hər şeyi edir. Əlbəttə, bizim nöqsanlarımız da var. Lakin bu gün Baltimorda nələr baş verdiyini də görürsünüz. Deməli, orda da hər şey yaxşı deyil. Hər yerdə nöqsan ola bilər, amma nöqsanlara bu cür yanaşmaq düz deyil. Hazırda bizdə olan təəssürat budur: bizi hər gün müəyyən təzyiq altında saxlamaq iddiası mövcuddur. Buna qeyri-hökumət təşkilatları, mətbuat qoşulur, maliyyə vəsaitləri ayrılır. Axı nə üçün belə olmalıdır? Azərbaycan bu gün nümunəvi stabillik, təhlükəsizlik və inkişaf nümayiş etdirir.
Bizdə müəyyən problemlər ola bilər, amma Avropa və Qərb Azərbaycana səmimi münasibət sərgiləyirsə, nə üçün torpaqlarımızın işğalının bu gün də davam etdirilməsi ilə bağlı beynəlxalq hüququ bir dəfə də xatırlatmır? Bu gün Azərbaycanın 9,5 milyondan çox əhalisinin hamısı bu suala cavab istəyir. 1 milyondan çox azərbaycanlının bütün fundamental yaşamaq hüquqları pozulubsa, bunun haqqında bir xarici qeyri-hökumət təşkilatı, bir dövlət nümayəndəsi bir söz demirsə, bu necə ədalət ola bilər?
Bu gün dünyanın ən böyük böhranı ədalət problemidir. Ədalət bu gün yoxdur. Belə vəziyyət də nə Qərb üçün, nə Avropa üçün, nə də bizim üçün yaxşıdır. Nə üçün belə olmalıydı axı?! Nə üçün belə vəziyyətə gəlib çıxmalıydıq? 2012-ci ildə Azərbaycan “Eurovision” mahnı müsabiqəsinin qalibi olanda bizə nə dərəcədə yüksək səviyyədə hücumlar olduğunu görsəydiniz, təəccüblənərdiniz. O vaxt bəlkə bu hadisə xatirinə bir az ara verəydilər, amma olmadı. Ara vermədilər.
Qədim Yunanıstanda belə bir qayda vardı. Olimpiada keçirilən zaman bütün düşmənçiliklərə fasilə verərdilər. Belə bir çağırış edərdilər. Amma dünya tarixində ilk olan Avropa Oyunları yaxınlaşır - hərçənd bunu biz sifariş etməmişik və Beynəlxalq Olimpiya Komitəsi özü bu oyunların Azərbaycanda keçirilməsinə qərar verib - bu ərəfədə bizə qarşı elə kütləvi təzyiq mexanizmi başlayıb ki, bunu təsəvvür edə bilmirdik. Bəlkə Olimpiya oyunlarının keçirilməsinə imkan verib, sonra buna başlayardılar? İnamı, etimadı bu cür qururlar? Azərbaycan öz vəzifələrini şərəflə yerinə yetirir, amma bunu heç kim nəzərə almaq istəmir”.
PA rəsmisi vurğulayıb ki, beynəlxalq aləmdə bu gün çox təhlükəli proseslər gedir və bu addımların çoxu sanki bilə-bilə atılır:
“Təəssüf ki, bəzən bilərəkdən elə bir situasiyaya gəlib çıxırlar ki, oradan geriyə addım atmaq artıq mümkün olmur”.
N. Məmmədov deyib ki, Azərbaycan 24 illik müstəqilliyi dövründə Qərblə çox uğurlu əməkdaşlıq edərək, yalnız bir şey istəyib:
"Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində bizə kömək etsinlər. Amma biz bunu görmədik”.
O qeyd edib ki, Azərbaycanda Avropa Oyunlarının keçirilməsi elə Avropaya dəstəkdir: “Amma bizim Avropaya, Qərbə və onun səmimiliyinə olan inamımız tükənir. Gördüyümüz odur ki, sanki Azərbaycandan Liviya, Suriya kimi ölkə düzəltmək istəyirlər. Amma bu mümkün olmayacaq. Azərbaycan xalqının təfəkkürü, düşüncəsi, həyat təcrübəsi çox yüksəkdir, biz bu sınaqlardan artıq çıxmışıq.
Mən həmişə insanlar arasında oluram, hər səviyyədə olan insanlar məndən sizə verdiyim sualları soruşurlar, mən isə bunun cavabını verə bilmirəm. Amma görürəm ki, onlar da başa düşürlər. Nə üçün 24 ildir ki, Dağlıq Qarabağ və ətraf 7 rayon Ermənistanın işğalı altındadır, heç bir dövlət buna görə ona bir söz demir? Çünki demək olmaz. Yaxud buna icazə verilmir. Axı nə üçün? Biz bunu bilmək istəyirik. Biz istəyirik, elə dünya quraq ki, bir-birimizə inamımız, etibarımız itməsin. Bütün bunlar itəndə isə III Dünya müharibəsinə başlamaq lazımdır? Bunu heç kim istəmir”.
13:55
I Avropa Oyunları ərəfəsində hər gün Azərbaycana qarşı qərəzli münasibət müşahidə edirik. Azərbaycana münasibət, Azərbaycanla bağlı atılan addımlar qərəzlidir.
Interxəbər xəbər verir ki, APA-nın məlumatına görə, bunu Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin rəhbəri Novruz Məmmədov deyib.
N.Məmmədov bildirib ki, güclü dövlətlər geosiyasi və iqtisadi maraqlarını hər şeydən üstün tutur:
“Sözdə bir şey deyilir, proseslərdə ayrı şey müşahidə olunur. Ona görə də belə hallar yaşanır”
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay