LƏNKƏRANDA “DÖVLƏT MÜSTƏQİLLİYİ AZƏRBAYCAN XALQININ MİLLİ İFTİXARIDIR” MÖVZUSUNDA BAYRAM TƏDBİR KEÇİRİLDİ
Heydər Əliyev Mərkəzində 18 oktyabr – Müstəqillik gününə həsr olunmuş “Dövlət müstəqilliyi Azərbaycan xalqının milli iftixarıdır” mövzusunda bayram tədbiri keçirildi.
Tədbiri giriş sözü ilə açan Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov qeyd etdi ki, Azərbaycan xalqı özünün tarixi nailiyyəti olan dövlət müstəqilliyinin 25-ci ildönümünü təntənə ilə bayram edir. Qazanılan bu azadlıq və müstəqillik böyük qurbanlar, şəhidlər bahasına başa gəlmişdir. O zaman ölkəyə rəhbərlik edən şəxsləri milli maraqlar deyil, vəzifə kreslosu maraqlandırdığından xalq tamam başsız qalmışdı. Bu məqamdan düşmən qüvvələr məharətlə istifadə edərək xain erməni millətçilərini üstümüzə qaldırmış, 20 Yanvar faciəsini, Xocalı Soyqırımını törətmiş, bir milyondan çox soydaşımızı dədə-baba yurdundan didərgin salmışlar. Eyni zamanda, ölkədə vətəndaş müharibəsi təhlükəsi yaranmışdı. Belə bir şəraitdə 1991-ci il avqustun 30-da Azərbaycan parlamentində Müstəqillik haqqında Bəyannamə və oktyabrın 18-də Konstitusiya Aktı qəbul edildi. Beləliklə, Azərbaycan xalqı çoxdankı arzusuna qovuşdu. Lakin təəssüflər olsun ki, 1918-ci ildə olduğu kimi, 1991-1993-cü illərdə də müstəqilliyimiz ciddi təhlükələrə məruz qalmışdı. Ölkədə iqtisadiyyat dağılmış, əhali aclıq və səfalət vəziyyətinə düşmüşdü. Cəbhədə məğlubiyyətlər, rayonların işğalı, qaçqın və məcburi köçkünlərin artması vəziyyəti daha da ağırlaşdırmışdı. Çıxılmaz vəziyyətdə olan Azərbaycan xalqı başa düşdü ki, onun nicat yolu sınanmış lider, alovlu vətənpərvər Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışındadır. Ona görə də xalq özünün xilaskarına üz tutdu və onu təkidlə yenidən siyasi rəhbərliyə qayıtmağa çağırdı. Doğma xalqına qəlbən bağlı olan Ulu Öndər ömrünün qalan hissəsini də ona bağışladı. 1993-cü ilin 15 iyunundan başlayaraq Ümummilli Liderimiz milli dövlətçiliyimizi tarixi düşmənlərin qəsdindən qorumaq və onu rəvan inkişaf yoluna çıxarmaq üçün nəsillərə örnək olan tarixi fəaliyyətinə başladı.
T.Qaraşov daha sonra bildirdi ki, Ulu Öndər Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müdrik daxili və xarici siyasəti nəticəsində ölkəmiz tərəqqi yolundadır. Onun beynəlxalq nüfuzu ildən-ilə artır. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları bu işdə mühüm rol oynayır. Bunu Lənkəranın timsalında da görmək mümkündür. Lənkəranda addımbaşı müstəqilliyin bəhrələri ilə rastlaşırıq.
Çıxışının sonunda bayram təbriklərini söyləyən İcra başçısı hamıya ən xoş və səmimi arzularını çatdırdı.
Sonra Lənkəran ŞİH başçısının birinci müavini İlqar Dadaşov “Dövlət müstəqilliyi Azərbaycan xalqının milli iftixarıdır” mövzusunda məruzə etdi.
Natiq məruzədə Azərbaycanın dövlət müstəqilliyinin xalqımıza bəxş etdiyi töhfələrdən ətraflı danışdı, 25 illik müstəqillik dövründə ölkəmizin daxili və xarici siyasətində qazanılmış uğurlardan bəhs edərək bütün bu uğurların, inkişafın xalqımızı ürəkdən sevindirdiyini, onda xoşbəxt sabaha böyük inam yaratdığını vurğuladı.
Məruzəçi sonda bildirdi ki, xalqımız cənab Prezident İlham Əliyevin siyasi rəhbərliyi ilə dövlət müstəqilliyimizin bundan sonra da inkişaf edib möhkəmlənəcəyinə, onun əbədi, sarsılmaz və daimi olacağına qəti şəkildə inanır.
Məruzə ətrafında Lənkəran şəhər Mədəniyyət və Turizm şöbəsinin müdiri Vüsal Nəsirli, Lənkəran Dövlət Universiteti tələbə-gənclər təşkilatının sədri Ramil Niftullayev, Lənkəran rayon Ağsaqqallar şurasının üzvü Ramazan Quliyev, Lənkəran şəhər Gənclər və İdman idarəsinin rəis müavini Elbəy Fətəliyev və başqaları çıxış edərək ürək sözlərini, bayram təbriklərini söylədilər.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay