Üç milyon manat pul ayrılan qəsəbədə sakinlər su üzünə həsrətdir - VİDEO
İnsanlar dənizlərin, ucsuz-bucaqsız göllərin üzərindən keçərək su, qaz, neft xətti aparır. Lakin bizim “Azərsu” ASC üç metr enində olan su kanalını aşıb sakinləri içməli su ilə təmin etməkdə çətinlik çəkir.
Baku TV xəbər verir ki, Xəzər rayonu Binə qəsəbəsinin Hüseyn Cavid küçəsində, köhnə adı ilə desək, donuz kökəltmə sovxozunun sakinləri susuzluqdan əziyyət çəkir.
Sakinlərin sözlərinə görə, problemə səbəb kimi ya ərazidə olan üç metrlik su kanalını, ya da layihənin sırf bura qədər olduğu göstərilir.
Bu zaman isə belə bir sual ortaya çıxır: əgər bir ərazinin su ilə təmin edilməsi üçün dövlət tərəfindən vəsait ayrılırsa, necə olur ki, bu, bir küçənin yarısını əhatə edir, geridə qalan yarısını isə yox?
Məsələ ilə bağlı Xəzər rayonunun Binə qəsəbəsi üzrə icra nümayəndəliyinə müraciət etdik.
Lakin suallarımızı cavablandıran kimsə tapmadıq.
“Azərsu” ASC-dən isə həmin ərazi üzrə nəzərdə tutulan layihənin su xətti çəkilən yerə qədər olduğu bildirilib.
Qeyd edək ki, ölkə başçısı 2019-cu ilin dekabrında Xəzər rayonunda su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinin davam etdirilməsi üçün üç milyon manat vəsait ayırıb. Amma indi qalan yarımçıq işlərdən məlum olur ki, pul ayrılsa da, bir çox işlər natamam olaraq qalır.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay