Çad hökuməti Beynəlxalq Cinayət Məhkəməsini (BCM) tərk etmək barədə qərar qəbul edib.

Bu barədə respublikanın Xarici İşlər Nazirliyi açıqlama yayıb.

Sənəddə qeyd olunur ki, rəsmi bildiriş artıq BMT-nin Baş katibinə təqdim edilib. Ölkə rəhbərliyi bu addımını BCM-nin məhdud səmərəliliyi və seçici yanaşması ilə əsaslandırıb. Nazirliyin məlumatına əsasən, məhkəmə tərəfindən başlanılan 13 istintaqdan 9-u Afrika ölkələrinə aiddir və həbsdə olan yeddi təqsirləndirilən şəxsdən altısının işi də məhz Afrika qitəsi ilə bağlıdır.

Xatırladaq ki, Çad BCM-nin fəaliyyətinin əsasını təşkil edən Roma Statutunu 2006-cı ildə ratifikasiya etmişdi. Sözügedən sənədə əsasən, dövlətin qurumdan çıxması ilə bağlı qərar BMT-nin Baş katibi müvafiq bildirişi aldıqdan tam bir il sonra rəsmən qüvvəyə minir.