Ermənistanın baş naziri Nikol Paşinyanın konstitusiya islahatları baş tutmayacağı təqdirdə növbədənkənar parlament seçkisinin keçirilə biləcəyi ilə bağlı dünənki açıqlaması hakimiyyət daxilində ciddi təşvişə səbəb olub.

Bu barədə "Joxovurd" qəzeti iqtidar dairələrinə yaxın olan öz mənbələrinə istinadən məlumat yayıb.


Nəşrin məlumatlara görə, hakimiyyətin bir çox nümayəndələri yeni seçkidən sonra vəzifələrində qalmaq və rahat işləmək üçün ən azı dörd-beş illərinin olduğunu düşünürdülər. Lakin Paşinyanın bəyanatı göstərdi ki, vəziyyət hər an dəyişə bilər və hökumət təmsilçilərinin siyasi gələcəyi onların təsəvvür etdiyi qədər də zəmanətli deyil.

Qəzet qeyd edir ki, iqtidar dairələrində ən azı üç fərqli qrupda aparılan müzakirələr kifayət qədər gərgin keçib. Hakimiyyət nümayəndələri onları nələrin gözlədiyini, Paşinyanın hansı addımları ata biləcəyini və yeni seçki prosesinə hazırlaşmağın lazım olub-olmadığını anlamağa çalışıblar.

Məlumatda vurğulanır ki, bəzi iqtidar nümayəndələrinin fikrincə, Paşinyanın komandasının bir hissəsi hadisələrin bu cür inkişafına hazır olmasa belə, onun kifayət qədər sərt qərar qəbul edərək növbədənkənar parlament seçkisinə gedə bilməsi ehtimalı vəziyyəti daha da mürəkkəbləşdirir.