“Prezident: Hitlerin ordusu Bakını zəbt etsə idi...“
"Azərbaycan faşizm üzərində Qələbənin əldə edilməsinə çox böyük töhfələr verib"
“ Azərbaycandan 700 minə yaxın insan müharibədə iştirak edib, onlardan 300 mini həlak olub.
123 nəfər ən yüksək ada – Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. 30 nəfər “Şöhrət” ordeninin hər üç dərəcəsi ilə təltif edilib. 170 min nəfər isə müxtəlif orden və medallarla təltif olunub. Bu, Azərbaycan xalqının qəhrəmanlığını təsdiq edən statistik göstəricilərdir”.
Interxəbər xəbər verir ki, bunu prezident İlham Əliyev Böyük Vətən Müharibəsi veteranları ilə keçirilən görüşdə deyib. İ. Əliyev bildirib ki, Azərbaycan alman faşizmi üzərində Qələbənin əldə edilməsində həlledici rol oynayıb: “Mən bunu tam məsuliyyətlə deyirəm. Çünki Azərbaycan nefti, Azərbaycan neftçilərinin əməyi olmasaydı, müharibənin nəticələri tam fərqli ola bilərdi. O vaxt - müharibə illəri zamanı Sovet İttifaqında 110 milyon ton neft hasil edilmişdi. Ondan 75 milyon tonu Azərbaycan neftçiləri tərəfindən hasil edilmişdi. Təsadüfi deyil ki, alman faşizmi Bakını zəbt etmək üçün çox böyük səylər göstərmişdi. Çünki əgər Bakını zəbt etsəydilər, o zaman bütün Sovet İttifaqının əksər enerji resurslarına sahib çıxmış olacaqdılar və beləliklə, yanacaq qıtlığı ucbatından müharibənin nəticələri tam başqa ola bilərdi.
Əfsuslar olsun ki, bu gün faşizm ideologiyası bəzi yerlərdə yenə də baş qaldırır. Biz buna imkan verə bilmərik, biganə qala bilmərik. Müharibə haqqında həqiqətlər təhrif olunur. Sanki kimsə tarixi yenidən yalan, siyasi sifariş üzərində yazmaq istəyir. Sovet ordusunun Qələbənin əldə edilməsində həlledici rolunu bəzi qüvvələr danmaq istəyirlər. Bu, dözülməzdir, qəbuledilməzdir. Ona görə hamımız - veteranlar, siyasətçilər, ictimaiyyət, dünya ictimaiyyəti bu məsələ ilə bağlı öz sözünü deməlidir və biz bu sözü deyirik.
Tarixi təhrif etməklə yanaşı, faşistlərin qəhrəmanlaşdırılması prosesi də gedir. Biz buna da dözə bilmərik. Çünki faşizm ideologiyası Yer kürəsində ən çirkin, təhlükəli, dəhşətli ideologiyadır. Bu gün müxtəlif ölkələrdə neofaşizm meyillərinin güclənməsi bizi haqlı olaraq narahat edir. Bizə elə gəlirdi ki, faşizm ideologiyası ilə artıq məsələ bağlandı. Bundan sonra bu, heç vaxt baş qaldırmayacaq. Ancaq əfsuslar olsun ki, biz görürük, yürüşlər, müxtəlif tədbirlər keçirilir. İndi həmin ideologiya başqa adlarla pərdələnərək dirçəlməyə başlayır.
Avropada antimiqrant hərəkatı də məhz faşizm, irqçilik, ayrı-seçkilik ideologiyası üzərində qurulur. Hesab edirəm ki, dünya siyasətçiləri öz sözünü deməlidirlər. Biz neofaşizmin nə qədər böyük fəlakət olduğu haqqında öz sözümüzü deyirik və deyəcəyik.
Əfsuslar olsun ki, Azərbaycan xalqı da XX əsrin sonlarında faşizm ideologiyasının nəticəsi olan Qarabağ fəlakəti, işğalı ilə üzləşmişdi. Biz XX əsrin sonlarında erməni faşizmi ilə üzləşdik. Bizə qarşı aparılan işğalçı siyasət, xalqımıza qarşı törədilən Xocalı soyqırımı məhz erməni faşizminin təzahürüdür. Bu gün dünyada erməni faşizmi haqqında kifayət qədər sənədlər, kitablar, məqalələr dərc edilir. Erməni faşizmini ifşa etmək üçün əsas yükü biz öz üzərimizə götürmüşük. Günahsız insanlar, qadınlar, uşaqlar ona görə öldürülürdü ki, onlar azərbaycanlıdır.
Biz erməni faşizminə qarşı mübarizə aparırıq və qurbanlarımızın qanını yerdə qoymuruq. Biz lazımi tədbirləri görürük və görəcəyik ki, faşistləri layiqincə cəzalandıraq. Azərbaycan Ordusu indi bütün lazımi tədbirləri görür. Eyni zamanda, Ermənistanda Hitlerə qulluq edən faşistlərin xatirəsinə hörmət göstərilir, onların adları küçələrə, meydanlara, parklara verilir. Siz veteranlar bir neçə ölkənin dövlət başçısına məktubla müraciət etmisiniz, erməni faşizmi haqqında yazmısınız, Ermənistanda faşistlərin qəhrəmanlaşdırılması haqqında yazmısınız. Mən bunu alqışlayıram. Bunu hər kəs bilməlidir. Bu, dözülməzdir.
Bu gün biz əlbəttə ki, azad cəmiyyətdə yaşayırıq. Bazar iqtisadiyyatı, siyasi plüralizm, demokratiya, çoxpartiyalı sistem - bunlar sovet dövründə mümkün deyildi. Ancaq, eyni zamanda, Sovet İttifaqını faşist Almaniyası ilə müqayisə etmək həm ədalətsizlikdir, həm də böyük cinayətdir.
Biz öz tarixi keçmişimizə hörmətlə yanaşırıq. Keçmişdə yaxşı hallar da, acınacaqlı məqamlar da olub. Azərbaycan xalqı da bir çox hallarda ədalətsizliklə üzləşib. Ancaq biz tarixi heç vaxt saxtalaşdırmamalıyıq”.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay