Sabirabadda, Heydər Əliyev Mərkəzində ASAN Könüllülərinin I Ümumrespublika Forumu keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumun açılış mərasimində iştirak edib.

Forumun məqsədi ölkəmizdə son illərdə könüllülük fəaliyyətinin həyata keçirilməsi istiqamətində dövlət qayğısının nümayiş etdirilməsi, “ASAN xidmət” mərkəzlərində çalışan könüllülər üçün tətbiq olunan yeniliklərin müzakirəsi, “ASAN Könüllüləri” Gənclər Təşkilatı İctimai Birliyinin gələcək fəaliyyəti üçün rəy və təkliflərin formalaşdırılmasıdır. İlk “ASAN xidmət” mərkəzi üçün könüllü elanı 2012-ci ildə olub və bununla bağlı ümumilikdə 11 mindən çox müraciət qeydə alınıb. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və “ASAN xidmət” mərkəzlərində indiyədək 3061 könüllü əməkdaş fəaliyyət göstərib. Hazırda “ASAN xidmət” mərkəzlərində 489 könüllü əməkdaş çalışır. İndiyədək 300-dən çox könüllü gənc “ASAN xidmət” mərkəzlərində və digər dövlət orqanlarında işə qəbul edilib.

Dövlətimizin başçısı mərasimdə nitq söylədi.

Prezident İlham Əliyevin nitqi

- Bu gün Sabirabadda ASAN könüllülərinin birinci forumu keçirilir. Forum iştirakçılarını səmimiyyətlə salamlayıram. Əminəm ki, forum çox uğurlu keçəcək, çox maraqlı diskussiyalar aparılacaqdır.

Şadam ki, artıq “ASAN xidmət”in böyük könüllülər dəstəsi vardır. “ASAN xidmət” cəmi iki ilə yaxındır ki, fəaliyyət göstərir. Bu müddət ərzində 2 mindən çox könüllü “ASAN xidmət”də işləmişdir, təcrübə toplamışdır və ümumi işimizə öz töhfəsini vermişdir. Hazırda 500 könüllü bizim mərkəzlərdə çalışır və beləliklə, gözəl bir gənc nəsil yetişir. Gənclərimiz bizim gələcəyimizdir. Mən şadam ki, Azərbaycanda çox müasir, dövlətə, Vətənə bağlı olan gənc nəsil yetişir və ASAN könüllülərinin fəaliyyəti xüsusi əhəmiyyət daşıyır. Çünki siz bu işlərə könüllü şəkildə qoşulmusunuz, özünüz bu təşəbbüsü göstərmisiniz və işinizlə ölkəmizin ümumi inkişafına töhfənizi verirsiniz. Bu, çox gözəl haldır, təqdirəlayiq hadisədir. Əminəm ki, bütün başqa sahələrdə könüllülər institutu Azərbaycanda daha da sürətlə formalaşacaq və ümumiyyətlə, bu, cəmiyyətin niyyətini ifadə edir. Çünki Azərbaycanda hazırda mövcud olan ictimai-siyasi vəziyyət, gözəl ab-hava belə təşəbbüslərin irəli sürülməsinə imkan yaradır.

“ASAN xidmət” iki ilə yaxındır ki, yaradılıb. İki il ərzində böyük və uğurlu yol keçibdir. Bu müddət ərzində 3 milyon 500 min müraciət olmuşdur, 3 milyona yaxın vətəndaşa müxtəlif sənədlər verilmişdir. Yəni, bu, ictimai xidmətlər sahəsində ciddi dönüş olmuşdur və deyə bilərəm ki, təkcə Azərbaycanda deyil, dünya miqyasında “ASAN xidmət” kimi nadir müəssisə, nadir təsisat yoxdur. Azərbaycan bu sahədə də liderlik keyfiyyətlərini göstərmişdir və biz intellektual məhsulun yaradılmasına nail ola bilmişik. Bu müddət ərzində artıq 7 “ASAN xidmət” mərkəzi tikilmişdir, 4-ü Bakıda, 1-i Sumqayıtda, 1-i Gəncədə, dünən axşam isə Sabirabadda yeddinci mərkəz fəaliyyətə başlamışdır.

Eyni zamanda, siz bunu yaxşı bilirsiniz ki, vətəndaşlara səyyar xidmət də göstərilir və bu məqsədlə ilk dövrdə 2, indi isə 10 avtobus gətirilib və ən müasir avadanlıqla təchiz edilibdir. Artıq bu, bizə imkan verəcək ki, ölkəmizin müxtəlif bölgələrində daimi, fasiləsiz xidmət göstərək. Nəzərə alsaq ki, hazırda digər bölgələrdə mərkəzlər tikilir, - Bərdədə artıq tikintisi başa çatmaq üzrədir, Masallıda, Qəbələdə, gələn il ən azı 3 yeni mərkəz istifadəyə veriləcəkdir, - bu da insanların rahatlığı üçün əlavə imkanlar yaradacaqdır.

Dediyim kimi, qısa müddət ərzində həm xidmətin maddi-texniki bazası formalaşıb və bu gün ən yüksək səviyyədədir. Eyni zamanda, xidmətdə kreativ, yəni, yaradıcı meyillər də özünü göstərir və hər dəfə yeni mərkəzin açılışında olarkən mən yenilikləri görürəm. Mən bu yeddi mərkəzin hər birinin açılışında şəxsən iştirak etmişəm. Mən bu təşəbbüsə çox böyük dəstək verirəm və səmimiyyətlə deyə bilərəm ki, son illər ərzində Azərbaycanda aparılan islahatlar arasında “Asan xidmət”in xüsusi yeri vardır. “ASAN xidmət”in yaradılması Azərbaycanda, ümumiyyətlə, islahatların aparılmasında önəmli hadisə olmuşdur və bizim islahatlarımızın təzahürüdür. Çünki bugünkü Azərbaycanın reallıqları ondan ibarətdir ki, əldə etdiyimiz uğurlar məhz düşünülmüş islahatlar nəticəsində mümkün olmuşdur.

Düşünülmüş siyasət, hər bir istiqamət üzrə düzgün strategiyanın seçilməsi və hər bir istiqamət üzrə düzgün addımların planlaşdırılması nəticəsində bu gün Azərbaycan dünya miqyasında uğurlu model kimi artıq tanınır. Siz də yaxşı bilirsiniz ki, mötəbər beynəlxalq təşkilatların rəhbərləri Azərbaycanda olarkən “ASAN xidmət”in fəaliyyəti ilə tanış olurlar və ondan sonra mənə deyirlər ki, onlar gözləmirdilər ki, Azərbaycanda bu səviyyədə xidmət göstərilə bilər. Eyni zamanda, onu da vurğulayırlar ki, yaxşı olar, bütün başqa ölkələrdə bu cür xidmətlər yaradılsın. Biz isə öz növbəmizdə bu layihənin başqa ölkələrdə həyata keçirilməsi üçün yardımımızı göstərməyə hazırıq. Mən bunu bir neçə dəfə demişəm, “ASAN xidmət” Azərbaycan məhsuludur, Azərbaycan brendidir və biz hazırda nəinki neft-qaz resurslarımızı, artıq intellektual məhsulumuzu ixrac etməyə hazırıq və dünyada belə xidmətlərə böyük ehtiyac vardır.

Beynəlxalq təşkilatlar bu xidməti yüksək qiymətləndirirlər. Bu, bizi sevindirir. Ancaq mənim üçün əsas məsələ Azərbaycan xalqının bu xidmətə olan münasibətidir. Siz də yaxşı bilirsiniz ki, Azərbaycan xalqının mütləq əksəriyyəti bu xidməti bəyənir, dəstəkləyir, təqdirlə yanaşır və mənə ünvanlanan çoxsaylı məktublarda öz fikirlərini ifadə edir və statistik göstəricilərimiz də belədir ki, müraciət edənlərin mütləq əksəriyyətinin istəkləri, tələbləri yerinə yetirilir.

“ASAN xidmət”də yüksək səviyyəli xidmət göstərilir. Bir daha demək istəyirəm ki, bu xidmətin yaradılması və formalaşması çox yaradıcı bir prosesdir. Çünki iki il bundan əvvəl Sərəncam imzalayanda, əlbəttə, məndə təsəvvür var idi ki, xidmət, fəaliyyət növləri necə olacaq və biz bunun əsasında bu işə başlamışdıq. Ancaq iş başlayandan sonra biz gördük ki, artıq daha da böyük imkanlar var. “ASAN xidmət”in fəaliyyəti o qədər uğurlu olmuşdur ki, bəzi əlavə funksiyalar da ona verilir və veriləcəkdir. O funksiyalar ki, insanlara daha da çox rahatlıq verəcək, o funksiyalar ki, cəmiyyətdə və ictimai xidmətlər sahəsində daha da çox şəffaflıq yaradacaq. Biz bunu istəyirik.

Azərbaycan bu gün inamla irəliləyir. Azərbaycan müasir dövlətdir. Müasir dövlətə xas olan bütün atributlar Azərbaycanda vardır. Biz nəinki başqa inkişaf etmiş ölkələrin təcrübəsini öyrənirik və əgər bizə yararlıdırsa tətbiq edirik, eyni zamanda, özümüz təşəbbüs göstərərək dünyada gedən proseslərə təsirimizi göstəririk. Ona görə Azərbaycan xalqının bu xidmətə olan münasibəti həm mənim üçün, həm də sizin üçün ən böyük mükafatdır. Bu məqsədlə artıq 7 mərkəz tikilibdir. Gələn ilin sonunadək ən azı 10-a çatdırılacaqdır. Səyyar avtobus xidməti də öz növbəsində imkan verəcək ki, ölkəmizin hər bir bölgəsində bu xidmət göstərilsin. Yəqin siz bilirsiniz ki, ilkin mərhələdə 2 avtobus sifariş edilmişdi. Ancaq sonra mənə məlumat verildi ki, avtobusların ezam olunduğu yerlərdə əhali o avtobusları buraxmaq istəmir, istəyirlər ki, daim orada qalsın. Ona görə biz qərara gəldik ki, onların sayını 10-a çatdıraq və bu gün bu da öz həllini tapmışdır.

“ASAN xidmət”i yaradanda biz qarşımıza bir neçə məqsəd qoymuşduq. Onların hamısı bizim üçün vacibdir. Onların reallaşması ölkəmizi daha da sürətlə inkişaf etdirməyə imkan verəcəkdir. İlk növbədə korrupsiya və rüşvətxorluğa qarşı mübarizə “ASAN xidmət” vasitəsilə müsbət həllini tapmaqdadır. Biz bu təcrübəni bütün başqa sahələrdə də tətbiq etməliyik ki, Azərbaycanda korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə daha da ciddi aparılsın. Mən bu məsələlərlə bağlı dəfələrlə öz fikirlərimi bildirmişdim. Azərbaycan dövləti bu sosial bəlanı aradan götürmək üçün böyük səylər göstərir. Ancaq biz görürdük ki, bəzi hallarda cəza tədbirləri, inzibati tədbirlər kifayət deyil. Belə olan halda sistem xarakterli, institusional tədbirlərin görülməsinə də böyük ehtiyac var idi. Biz bu işlərə çox ciddi yanaşırıq və “ASAN xidmət” burada nadir bir vasitədir. “ASAN xidmət”də korrupsiya, rüşvətxorluq yoxdur və bu, onu deməyə əsas verir ki, hər bir sahədə belə bir sistem yarana bilər.

“ASAN xidmət”in təcrübəsi indi başqa sahələrə köçürülür, orada da tətbiq ediləcəkdir. Şəffaflıq hər bir ölkənin gələcəyini müəyyən edən məsələdir. Çünki şəffaflıq olmadan biz heç bir islahatı apara bilmərik və nə iqtisadi, nə siyasi cəhətdən ölkə sürətlə inkişaf edə bilməz. Eyni zamanda, hər bir ölkənin uğurlu inkişafı üçün gərək cəmiyyət də aparılan siyasətə dəstək, xalqla iqtidar arasında birlik olsun. Biz görürük ki, harada bu birlik pozulur, ölkələr böyük problemlərlə, fəlakətlərlə üzləşirlər. Bu, bizim gözümüzün qabağında baş verən hadisələrdir. Azərbaycanda xalqla iqtidar arasındakı birlik bizim uğurlarımızın əsas dayağıdır və bu birliyi biz daim möhkəmləndirməliyik. Bunu etmək üçün əlbəttə ki, insanların yaşayış səviyyəsi daha da yaxşı, ölkənin beynəlxalq nüfuzu daha da güclü olmalıdır. Ölkə elə inkişaf etməlidir ki, hər bir vətəndaş Azərbaycan vətəndaşı olmağı ilə fəxr etsin. Eyni zamanda, cəmiyyətdə xoşagəlməz hallara yol verilməməlidir və biz bu məqsədə çatmaq üçün bundan sonra da öz səylərimizi göstərəcəyik.

“ASAN xidmət” korrupsiyaya və rüşvətxorluğa qarşı institusional tədbirlər arasında xüsusi yer tutur və əminəm ki, əgər başqa ölkələrdə bu təcrübə tətbiq olunarsa, onlar da bunun müsbət cəhətlərini tezliklə görəcəklər. “ASAN xidmət”, eyni zamanda, insanların rahatlığı üçün yaradılmış bir xidmətdir. Təsadüfi deyil ki, adı da asandır.

İnsanlar burada vaxt itirmədən, heç bir bürokratik əngəllə üzləşmədən öz haqlarını tələb edirlər və alırlar. İstənilən sənədi dəqiqələr ərzində əldə edə bilirlər. “ASAN xidmət”, eyni zamanda, xidmətlərin mədəni şəkildə göstərilməsində də nadir bir təcrübədir. Sirr deyil, təbii ki, siz gənclər yəqin, bunu xatırlamırsınız, ancaq sovet dövrünün əlamətlərindən biri də bürokratiya və insanlara bəzi hallarda ictimai qurumlar tərəfindən qeyri-normal münasibət idi. Biz 23 ildir ki, müstəqil dövlət kimi yaşayırıq, ancaq hələ də o dövrün bütün fəsadlarını aradan götürə bilməmişik.

Burada həm psixoloji məsələlər ortaya çıxır, eyni zamanda, müəyyən təcrübə də öz mənfi rolunu oynayır. Ona görə “ASAN xidmət”də olan xidmət növləri və eyni zamanda, xidmətə olan yanaşma tam fərqlidir. Bu, belə də olmalıdır. Azərbaycan vətəndaşları hər yerdə hörmətlə qarşılanmalıdırlar, xüsusilə dövlət orqanları tərəfindən. Onlara yuxarıdan aşağı baxılmamalıdır, onların haqları tapdalanmamalıdır. Onları dövlət məmurları incitməməlidirlər. Onlardan əsassız tələblər istəməməlidirlər. Bax, bu prinsiplər əgər tam şəkildə bərqərar olarsa, onda əlbəttə ki, bizim işimiz daha da sürətlə gedəcək.

“ASAN xidmət”də yaradılmış sistem belədir ki, burada insanlara böyük hörmətlə yanaşılır və hər şey ədalətli şəkildə həllini tapır. Çünki bəzi hallarda indi məişətdə də biz görürük ki, ədalət pozulur, hətta indi bəzən elə hallar olur ki, kimsə növbəsiz qabağa keçmək istəyir, ancaq burada bu, mümkün deyil. Hər şey ədalətli, növbə ilə, şəffaf, təmiz. Heç kim deyə bilməz ki, kimsə məndən qabağa düşdü və kimsə məndən daha da yaxşı münasibət gördü. Bəli, xidmətlər sahəsində əldə edilmiş dönüş “ASAN xidmət”in böyük uğurudur.

Burada innovasiyalar tətbiq olunur. Dediyim kimi, hər bir mərkəzin açılışında mən texniki yeniliklərlə üzləşirəm və şadam ki, artıq bu proses daimi xarakter almışdır. Dünən axşam Sabirabad “ASAN xidmət” mərkəzini açanda da dedim ki, yəqin, gələn dəfə yeni mərkəzin açılışında siz məni daha bir yeniliklə tanış edəcəksiniz. Bu da bizim yaradıcı gənclərin bu işlərə cəlb edilməsi üçün çox vacibdir. Çünki dünya təşəbbüs əsasında inkişaf edir. Təşəbbüs olmasa, durğunluq olar, hər şey yerində sayar. Ona görə Azərbaycanda innovasiyalara böyük diqqət göstərilir.

İndi Azərbaycan informasiya-kommunikasiya texnologiyaları sahəsində dünya miqyasında tanınır. Azərbaycan indi kosmik sənayeyə malik olan bir ölkədir. İndi bizim iki peykimiz var. İkinci peyk bizə bu yaxınlarda təhvil verilmişdir və dünyada cəmi iyirmi ölkədə belə peyklərdən var. Onlardan biri Azərbaycandır.

İnnovativ təşəbbüslər, intellektual araşdırmalar “ASAN xidmət” tərəfindən daha da stimullaşdırılır. Eyni zamanda, burada, bu xidmətdə, öz Vətəninə bağlı olan gözəl gənclər yetişir. “ASAN xidmət”də işləyənlərin də və təbii ki, könüllülərin də mütləq əksəriyyəti gənclərdir. Gənclər bizim gələcəyimizdir. Siz gələcəkdə Azərbaycanı idarə edəcəksiniz. Azərbaycanın uğurlu inkişafı sizdən asılı olacaqdır. Ona görə siz gənclər bilikli, savadlı olmalısınız. Bu gün dünyada hər şeyi bilik, savad həll edir. Hətta ölkələrin gücünü, potensialını indi bilik, savad həll edir. Texnoloji, elmi tərəqqi haradadırsa, inkişaf da oradadır. İntellektual cəhətdən böyük imkanlara malik olan ölkələr dünyada da öz mövqelərini möhkəmləndirirlər. Ona görə də bilik, savad hər bir gənc üçün - həm onun özü, həm də cəmiyyət üçün çox önəmlidir. Eyni zamanda, bizim gənclərimiz Vətənə bağlı, vətənpərvər olmalıdırlar və mən şadam ki, bu, belədir. Bizim gənclərimiz əsl vətənpərvər gənclərdir. Fəxr edirlər ki, Azərbaycan vətəndaşlarıdırlar və həqiqətən də vətəni sevən hər bir insan bu gün qürur hissi ilə deyə bilər ki, mən Azərbaycan vətəndaşıyam. Çünki Azərbaycan dünya miqyasında nadir inkişaf, transformasiya, islahatlar təcrübəsinə malik olan bir ölkədir. Bizim təcrübəmiz öyrənilir. Son illər ərzində iqtisadi inkişaf baxımından Azərbaycan qədər inkişaf edən ikinci ölkə olmamışdır.

Gənc, müstəqil dövlət olduğumuza baxmayaraq, biz dünyanın bir nömrəli qurumu olan BMT Təhlükəsizlik Şurasına üzv seçilmişik. Bu il Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik etmişik. Azərbaycanın çox böyük beynəlxalq nüfuzu var. Etibarlı tərəfdaş kimi tanınan Azərbaycanın güclü iqtisadi dayaqları, güclü ordusu var. Ordumuz bu gün dünya miqyasında güclü ordular sırasındadır. Azərbaycanda ictimai-siyasi vəziyyət çox müsbətdir, iqtisadi və siyasi vəziyyət sabitdir. Amma bizim ətrafımızda hər tərəf demək olar ki, qaynayır, alovlanır, qanlı toqquşmalar, müharibələr, böhranlar hökm sürür.

İndi neftin qiyməti çox aşağı düşübdür. Azərbaycanda bir adam bunu hiss edibmi? Xeyr, hiss etməyəcəkdir. Çünki bizim çox güclü iqtisadi dayaqlarımız var. Manatın məzənnəsi sabitdir və bu, onu deməyə əsas verir ki, həm iqtisadi gücümüz, düşünülmüş siyasətimiz, eyni zamanda, sosial siyasətimiz var. İndi manatın məzənnəsinin sabit olması bəlkə də bizim ixrac potensialımız üçün o qədər də müsbət hal deyil. Ancaq bu, sosial məsələdir. Belə də olmalıdır.

Azərbaycan doğrudan nadir inkişaf modelini ortaya qoyur və öz təcrübəsini bölüşməyə hazırdır. Ona görə hər bir gənc haqlı olaraq fəxr edir və fəxr etməlidir ki, Azərbaycan vətəndaşıdır. Hər bir gənc çalışmalıdır ki, ölkəmiz daha da möhkəmlənsin, daha da güclü olsun, bizim təsir imkanlarımız artsın. Hər bir gənc milli köklərə, milli ənənələrə, bizim adət-ənənələrə bağlı olmalıdır. Xarici təsirdən azad olmalıdır. Biz dünyanın müsbət təcrübəsini onsuz da Azərbaycanda tətbiq edirik, nə lazımdırsa onu edirik. Mən çox istəyirəm və əminəm ki, belə də olacaq, çünki bugünkü reallıq da belədir.

Azərbaycan öz yolu, müstəqillik yolu ilə gedir. Biz əsrlər boyu başqa ölkələrin, imperiyaların tərkibində olmuşuq. Azad, müstəqil olmamışıq. Nə üçün bizim xalqımız azad, müstəqil yaşaya bilməz? Biz 23 ildir ki, müstəqilik. Bu, böyük xoşbəxtlikdir. Bu, ən böyük sərvətimizdir. Ancaq bu müstəqillik, eyni zamanda, siyasi müstəqilliklə də tamamlanmalıdır və bu gün bu, Azərbaycanda var. Biz müstəqil siyasət aparırıq. Heç bir kənar qüvvə bizim iradəmizə təsir edə bilməz. Biz heç kimin diktəsi ilə oturub durmuruq və oturub durmayacağıq. Öz sözümüzü daim açıq deyəcəyik və prinsipial mövqeyimizi nümayiş etdirəcəyik. Həmişə də belə olmalıdır. Siz də bu ruhda böyüməlisiniz, tərbiyə almalısınız ki, heç bir kənar qüvvə bizim iradəmizə təsir edə bilməsin və Azərbaycan inkişaf, azadlıq, müstəqillik yolu ilə getsin.

Əziz dostlar, əziz gənclər, mən sizi bir daha səmimiyyətlə salamlayıram. Foruma uğurlar arzulayıram. Əminəm ki, forumun nəticələri çox gözəl olacaq. Sağ olun.

X X X

“Asan Könüllüləri” Gənclər Təşkilatı İctimai Birliyinin sədri Fərid SADIXLI çıxış edərək dedi:

- Möhtərəm Prezident.

Xanımlar və cənablar.

Əziz könüllülər.

Hamınızı ASAN Könüllülərinin I Ümumrespublika Forumunda görməkdən böyük sevinc və məmnunluq hissi duyuruq.

Möhtərəm Prezident, bu gün bizə vaxt ayırdığınız üçün Sizə dərin minnətdarlığımızı bildiririk. Bizim fəaliyyətimizə ən böyük qiymət və dəstək məhz Sizin bu gün bizimlə birlikdə olmağınızdır. Bir il öncə bir qrup ASAN könüllüsü “ASAN Könüllüləri” Gənclər Təşkilatı İctimai Birliyini təsis etməyi qərara almışdı. Bu təşkilatın məqsədi 2500 nəfərlik bir ailəni şəbəkələşdirmək və könüllülərin fərdi inkişafına təkan verməkdir. Bu təşkilat, cənab Prezident, tələbələrdən ibarət olmaqla yanaşı, tam könüllü əsaslarda fəaliyyət göstərir. Bu günə qədər layihələrimiz 1730 gənci əhatə etmişdir. Layihələrimizin istiqaməti vətənpərvərlik və dövlətçilik ruhunun aşılanmasına, könüllülər arasında fərdi inkişafa təkan verilməsinə və sosial məsuliyyəti artırmağa yönəlibdir. Hər bir layihə bizim bundan öncə söylədiyimiz məqsədə doğru, hər bir könüllünün inkişafına yönəlmişdir. Hər bir layihəni həyata keçirməzdən əvvəl biz təşkilatçılar qarşımıza belə bir sual qoyuruq: bu layihədən könüllümüz nə qazanacaq və cəmiyyət könüllünün qazandığından nə əldə edə biləcək?

Əlbəttə, hər bir nəslə xas olan problemlərdən biri də gənclərin peşə seçməkdə çətinlik çəkməsidir. Biz bu məsələdə belə bir qənaətə gəlmişik ki, bunun səbəbi gənclərin bəzən özlərini tam tanımamaları, həyatlarını hansı işlə bağlamaqda çətinlik çəkmələridir. Biz bir təşkilat kimi bu istiqamətdə bir sıra tədbirlər görmüşük. Könüllülərimizin birinə dövlət qulluğuna qəbul imtahanında iştirak etmək üçün onlayn portalın yaradılmasına tam təşkilati dəstək vermişdik. Eyni zamanda, Azərbaycanda ilk dəfə ana dilimizdə psixoloji portal yaratmışıq. Bundan başqa, 500-ə yaxın gənci fərdi inkişaf təlimləri ilə əhatə edə bilmişik. Biz ASAN Akademiya konsepti yaratmışıq. Bu konseptin əsas məqsədi könüllülərə gündəlik bacarıqların, vərdişlərin öyrədilməsidir. Biz könüllülərə bilik yox, vərdişlər və bacarıqlar öyrətməyə çalışırıq. Bunun əsas mahiyyəti könüllülərimizə tənqidi təfəkkür aşılamaqdır. Bundan savayı bir sıra layihələrimiz - natiqlik klubu, “bir gənc - bir beyin” kimi layihələrimiz də məhz bu məqsədə istiqamətlənmişdir.

Möhtərəm Prezident, eyni zamanda, Sizin diqqətinizə çatdırmaq istəyirik ki, fəaliyyətimizin ilk ilində Avropa Gənclər Parlamentinin Gəncə şəhərində ilk beynəlxalq forumunu keçirməyə nail olmuşuq. Bu forumda 13 Avropa ölkəsindən 70 gənc iştirak edib və bununla biz Avropa gənclərinə ölkəmizin nəinki paytaxtını, eyni zamanda, regionlarını da göstərməyi bacarmışıq.

Cənab Prezident, ulu öndərimiz Heydər Əliyevin söylədiyi kimi, hər bir xalqın gələcəyə ümidi məhz onun gənc nəsli ilə bağlıdır. Ölkəmizin sabahından əmin olmaq üçün biz bu günün gənclərindən əmin olmalıyıq. Çünki gənclər genefondumuzun əsas elementlərindən biridir. Odur ki, bizim gənclər sağlam fiziki duruma, sağlam düşüncəyə və sağlam mənəviyyata malik olmalıdır. Sağlam düşüncə deyəndə biz təhsilin vacibliyini dərk edən, məsələlərə düzgün mövqedən yanaşmağı bacaran, ölkəmizin maraqları olan yerdə dövlətin ali maraqlarını hər şeydən üstün tutan gəncləri nəzərdə tuturuq. Eyni zamanda, gənclər sağlam mənəviyyatlı, vətənpərvər, dövlətçi, ölkəsinə və dövlətinə bağlı olmalıdır.

Cənab Prezident, Ulu Öndər 1990-cı illərin əvvəllərində Azərbaycanı siyasi və iqtisadi böhrandan xilas etmişdir. Bu gün isə Azərbaycan Sizin rəhbərliyinizlə qüdrətli, öz gücünə güvənən və müstəqil siyasət yürüdən ölkədir. Sizin dediyiniz kimi, bu gün ətrafımızdakı bəzi regionlarda müharibələr gedir, hər şey alışıb yanır. Amma bizdə sabitlikdir, gücümüz ildən-ilə artır. Güclü dövləti olmayan xalq güclü ola bilməz. Bizə “ASAN xidmət”də aşılanan dəyərlərdən ən əsası məhz dövlətçilikdir və biz dövlətimizə bağlı, vətənimizi sevən və Sizin siyasi kursunuzu dəstəkləyən gənclərik.

Möhtərəm Prezident, bu gün bizə vaxt ayırdığınız və buraya təşrif buyurduğunuz üçün Sizə dərin minnətdarlığımızı bildiririk. Bir daha təkrar etmək istərdik ki, bizim könüllü fəaliyyətimiz üçün bu, ən böyük dəyər və Sizin gənclərə göstərdiyiniz qayğının bariz nümunəsidir. Forumumuzda iştirak etdiyinizə görə Sizə bir daha təşəkkür edirik. Sağ olun.

X X X

Sonra Sabirabad “ASAN xidmət” mərkəzinin könüllüsü Rəvanə DAVUDOVA çıxış edərək dedi:

- Cənab Prezident, Sabirabada xoş gəlmisiniz!

Bakı, Gəncə və Sumqayıt kimi böyük şəhərlərdən sonra regionlarda ilk olaraq Sabirabadda belə müasir və görkəmi ilə fərqlənən “ASAN xidmət” mərkəzinin təşəbbüskarı olduğunuza görə Sizə minnətdarıq. Sabirabad rayonu hər zaman Sizin dəstək və qayğınızı hiss etmişdir.

Ulu Öndərin adını daşıyan Heydər Əliyev Mərkəzi, Mədəniyyət Mərkəzi və “ASAN xidmət” mərkəzi Sabirabadımızın ab-havasını dəyişdirir. “ASAN xidmət” mərkəzinin binası isə öz müasirliyi ilə şəhərimizə əlavə gözəllik verir.

“ASAN xidmət” sayəsində gənclərimizin məşğulluq məsələləri həll olunacaq. Region gəncləri, həmçinin könüllülük fəaliyyəti sayəsində asudə vaxtlarını səmərəli keçirəcəklər. Burada biz iş təcrübəsi, biliklər qazanacağıq və müasir dövlət idarəçiliyi təcrübəsinə yiyələnəcəyik. Sizin daim dediyiniz kimi, gələcək biz gənclərin əlindədir. Biz isə buradakı təcrübəni öyrənməklə ixtisaslı kadr kimi gələcəkdə dövlət orqanlarında və müxtəlif yerlərdə çalışacağıq.

Bu mərkəzdə biz vətəndaşlarımıza xidmət göstərəcəyik. “ASAN xidmət” ideyasının prinsiplərini – etik davranışı, nəzakətliliyi, məsuliyyətliliyi daim rəhbər tutacağıq. Sizin dediyiniz kimi, nəcib bir fəaliyyət olan könüllülük ideyasının regionlardakı “ASAN xidmət” mərkəzlərində genişlənməsi biz gəncləri sevindirir və gələcəyə daha ümidlə baxırıq. Biz isə bu təcrübəni nəzərə alaraq gələcəkdə könüllülük fəaliyyətinin təbliği və bu hərəkatın genişlənməsi üçün çalışacağıq.

Cənab Prezident, biz gənclər Sizin dəstəyinizi daim öz üzərimizdə hiss etmişik və bu əlamətdar gündə bizimlə olduğunuz üçün Sizə təşəkkür edirik.

X X X

Prezident İlham ƏLİYEV: Mən bir daha Sizi ürəkdən salamlayıram. Sizə öz minnətdarlığımı bir daha bildirirəm ki, siz bu nəcib işdə iştirak edirsiniz. Sizi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik edirəm, yeni ildə yeni-yeni uğurlar arzulayıram. Sağ olun.

Son xəbərlər

İsrail qırıcıları Suriyanın hərbi obyektini vurdu

Azərbaycanda 29 yanvara seçki təyin edildi

MSK sədri qadınlara səsləndi: Namizəd olun!

İlham Əliyev fərman imzaladı

Tiflisdə müxalifətin yürüşü başladı

Laporta Heydər Əliyevin məzarını ziyarət etdi

İlham Əliyev Ərdoğanla görüşdü

Prezident Şarl Mişellə görüşdü

Prezident İlham Əliyev Bakıda Dövlət Bayrağı Meydanında olub, Azərbaycanın üçrəngli Bayrağını ucaldıb

Putin Trampı qələbə münasibətilə təbrik etməyəcək

İran İsrailə hücum üçün daha güclü silahlar tətbiq edə bilər

Latviya prezidenti COP29-da iştirak edəcək

NATO Baş katibi: "Şimali Koreya ordusu artıq Kurskdadır"

İsrail bununla regional münaqişəni başladır - Ərdoğan

Quterreşdən İran və İsrailə: Dayandırın!

Putin Ərdoğanla görüşdü, başsağlığı verdi

Prezident Zəngilanın azad olunmasının ildönümü ilə bağlı paylaşım edib

Hərbçimiz özünü öldürdü, cinayət işi açıldı

İlham Əliyev Bakıda keçirilən beynəlxalq sərgi iştirakçılarına müraciət ünvanladı

Ərdoğan Putinə ad günündə nə hədiyyə edib?

Erməni mafiyası COP29-a qarşı - Video

Azərbaycanın "Birgə Atəşkəs Çağırışı" təşəbbüsünə 127 ölkə qoşulub

Putin Pezeşkianla nələri müzakirə edəcək?

Erməni hərbçinin meyiti tapıldı

Qazaxıstanda AES tikintisi ilə bağlı referendum baş tutmuş sayıldı

İsraildə terror aktı: Ölən və yaralananlar var

Bu il ali məktəblərə daxil olmuş 102 tələbəyə Prezident təqaüdü verildi

Almaniya öz vətəndaşlarını dərhal İranı tərk etməyə çağırdı

Hikmət Hacıyev dördüncü "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüş keçirib

ABŞ Yaxın Şərqə əlavə qüvvələr göndərir

Prezident: "Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsi üçün genişmiqyaslı işlər aparılır"

Azərbaycan ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində həlak olub

Gülüstanda daşqınlar: evlər su altında qaldı

Bütün xəbərlər