İlham Əliyev Aydın Kərimovu qəbul etdi - CANLI YAYIM
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 27-də Aydın Kərimovu Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı qəbulda çıxış edib:
“Mən sizi Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi vəzifəsinə təyin edirəm. Sizə böyük etimad göstərilir. Əminəm ki, siz bu məsuliyyəti dərk edəcəksiniz və öz işinizlə qarşınızda duran vəzifələrin icrasına çalışıb onları yerinə yetirəcəksiniz. Azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəsi institutu mənim təşəbbüsümlə yanvarın 19-da yaradılmışdır. Birinci təyinat məhz Şuşa rayonuna olan təyinatdır. Bu da təbiidir. Şuşa Azərbaycan xalqının qəlbində xüsusi yerə malikdir. Şuşa Qarabağın tacıdır, Şuşa təkrarolunmaz şəhərdir. Şuşanın yerləşməsi, təbiəti, havası, iqlimi, tarixi abidələri, dini abidələrimiz, şəhərin memarlıq ansamblı bizim milli sərvətimizdir. Şuşanı biz qorumalıyıq, qoruyacağıq. Biz Şuşaya qayıtmışıq və bundan sonra Azərbaycan xalqı Şuşada əbədi yaşayacaqdır. Necə ki, bütün dövrlərdə Şuşa həmişə Azərbaycan şəhəri olmuşdur və ermənilərin saxtakarlıq cəhdlərinə baxmayaraq, bütün dünya Şuşanı məhz Azərbaycan şəhəri kimi tanıyıb və qəbul edib.
Şuşanın işğal altına düşməsi böyük faciə idi. Hər bir şəhərin, hər bir kəndin, rayonun işğal altına düşməsi böyük faciə idi. Amma Şuşanın işğal altında düşməsi bizim üçün bəlkə də ən ağrılı itkimiz olmuşdur. Təkcə ona görə yox ki, Şuşanın strateji yerləşməsi imkan verirdi ki, bütün bölgəyə, - əgər orada işlər düzgün qurulsaydı, - nəzarət edək, imkan verirdi ki, Şuşanı müdafiə etmək üçün hətta az qüvvələrlə bütün lazımi tədbirləri görək. Şuşanın itirilməsi xalqımız üçün böyük sarsıntı yaratmışdır, mənəvi sarsıntı yaratmışdır və biz 28 il Şuşasız yaşamışıq. Ancaq Şuşa ermənilər tərəfindən dağıdılsa da, əyilmədi, əsirlikdə olsa da, öz ləyaqətini itirmədi, erməniləşdirmə cəhdlərinə məruz qalsa da, Azərbaycan ruhunu qoruyub saxlaya bildi. Biz Şuşaya qayıtmışıq və noyabrın 8-də bu müjdəni Azərbaycan xalqına verərək demişdim ki, Şuşa, sən azadsan! Biz öz tariximizə qayıtmışıq. Əlbəttə ki, Şuşanı bərpa edəcəyik, Şuşanı dirçəldəcəyik və dirçəlmə prosesi artıq başlamışdır.
Ermənilərin bütün cəhdlərinə baxmayaraq, onlar Şuşanı dünyaya erməni şəhəri kimi təqdim edə bilməmişlər. Baxmayaraq ki, 28 il ərzində buna çalışmışdılar, bir çox xarici qonaqları qanunsuz olaraq Şuşaya gətirmişdilər, Şuşa haqqında uydurmalar ortaya atmışdılar, Şuşanın adını dəyişdirmişdilər. Amma buna baxmayaraq, heç kim buna inanmırdı. Çünki Şuşaya gələn hər bir insanın fikri ondan ibarət idi və hər bir insan öz gözü ilə görürdü ki, Şuşanın memarlıq ansamblı Azərbaycan memarlıq məktəbini təcəssüm etdirir. İndi qədim tarixi saxtalaşdırırlar, indi saxta kitablar yazdırırlar, simpoziumlar, tədbirlər keçirirlər. Amma bu, nisbətən yaxın tarixdir. Şuşanı quran, Şuşa şəhərini salan bizim əcdadımız Pənahəli xan olmuşdur. Məhz onun fəaliyyəti, səyləri nəticəsində Şuşa şəhəri salınıbdır. Ondan əvvəl Pənahəli xan Bayat qalasını, Şahbulaq qalasını salmışdır. Təsadüfi deyil ki, bu şəhərə verilən birinci ad Pənahabad idi, öz adını vermişdir. Ondan sonra isə Şuşanın təmiz havasını, şüşə kimi havasını nəzərə alaraq bu şəhərə Şüşə, yəni, Şuşa adı verilmişdir.
Bu dərəcədə saxtakarlıq ola bilərmi?! Məlumdur ki, işğal dövrünə qədər Şuşa şəhərində daim azərbaycanlılar yaşamışlar. Burada erməni əhalisi demək olar ki, yox idi. Hətta 1920-ci illərdə bizim torpağımızda Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılanda Şuşanın əhalisinin əksəriyyəti azərbaycanlılar olmuşdur və işğal dövründə əhalinin 98 faizi azərbaycanlılar idi.
Şuşa bizim tarixi şəhərimizdir və biz bu şəhərə qayıtmışıq. Əgər ermənilər bu şəhəri öz şəhəri hesab edirdilərsə, nə üçün 28 il ərzində bir daş daş üstə qoymayıblar? Nə üçün Şuşanın tarixi abidələrini qoruyub saxlaya bilməyiblər? Bütün bulaqlar quruyub. Hər bir məhəllədə bulaq olub, birində də su yoxdur. Yaxşı, əgər bu, sənin şəhərindirsə, niyə sən bulaqları qurudursan? Bütün tarixi abidələr yerlə-yeksan edilib. Əgər bu, sənin şəhərindirsə, niyə sən bu abidələri dağıtmısan? Əgər sən Ermənistan olaraq bəyan edirdin ki, Şuşanı azad etdiniz, kimdən azad etdiniz? Dinc əhalidən azad etdiniz? Azərbaycanlılardan azad etdiniz? Yaxşı, əgər hesab edirdiniz ki, siz bunu azad etmisiniz, niyə binaları dağıdırsınız? Əgər bu, erməni şəhəridirsə, nə üçün yerlə-yeksan edirsiniz? Orada təkcə bizim məscidlərimiz yox, bütün binalar dağıdılıb. Sovet vaxtında tikilmiş “Xruşovka”lar deyilən binalar, - hansı ki, Şuşanın memarlıq ansamblını kobudcasına pozur, - qalmışdı, orada da məskunlaşmışdılar. Mən Şuşada olarkən bu dağıntıları öz gözümlə görmüşəm. Elə bil ki, oradan vəhşi qəbilə keçib, vandallar Şuşanı bu günə salıblar. Sonra da deyirlər ki, Şuşa erməni şəhəridir. Bu, növbəti erməni yalanıdır, saxtakarlığıdır! Onların bütün tarixi saxtakarlıq və mifologiya üzərində qurulub. Onlar və onların müxtəlif ölkələrdəki havadarları onlar üçün saxta tarix yaradıblar və bu saxtakarlıq bu gün də davam edir. Baxın, görün erməni nümayəndələri və onların xaricdəki havadarları Şuşanın azad olunması ilə bağlı nələr deyirlər? Guya Şuşa bizə elə-belə verilib, döyüşlər getməyib, ermənilər Şuşanı tərk ediblər. Ağ yalandır! Şuşa əməliyyatı Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq. Şuşa uğrunda gedən döyüşlərdə şəhid olmuş qəhrəman övladlarımızın əziz xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaq. Şuşanı azad edərkən Azərbaycan əsgər və zabiti qəhrəmanlıq, peşəkarlıq, fiziki güc, yüksək milli ruh göstərib. O, Daşaltı istiqamətindən, digər istiqamətlərdən, sıldırım qayalardan qalxaraq, işğalçıları məhv edərək Şuşanı azad edib, demək olar ki, əliyalın, əlində süngü, bıçaq, yüngül silah topa, tanka qarşı vuruşub. Şuşa əməliyyatında yüzlərlə işğalçı məhv edilib, onların sayını biz bilirik. Ermənistan rəhbərliyi bunu nə qədər öz xalqından gizlətsə də, gizlədə bilməyəcək. Şuşanı müdafiə edən yüzlərlə işğalçını Azərbaycanın qəhrəman övladları məhv edib. Necə demək olar ki, Şuşa bizə bağışlanılıb? İkincisi, belə bir şəhəri kimsə kiməsə bağışlaya bilər? Biz Şuşanı qəhrəman övladların rəşadəti, qanı, canı bahasına düşmənlərin əlindən, əsarətindən almışıq. Bundan sonra Şuşada əbədi yaşayacağıq, Şuşanı qoruyacağıq və qoruyuruq.
Şuşanın 1992-ci il mayın 8-də itirilməsi böyük faciə idi. Bu faciənin günahkarları AXC-Müsavat cütlüyüdür. Hamı bunu bilməlidir, heç kim bunu unutmamalıdır. O vaxt Azərbaycanda hakimiyyət uğrunda mübarizə gedirdi. AXC-Müsavat cütlüyü hakimiyyətə can atırdı, o vaxtkı hakimiyyəti yıxmaq üçün bu təxribatı törətdi, Şuşanı faktiki olaraq düşmənə təhvil verdi. O vaxt Azərbaycan müdafiə naziri AXC-Müsavat cütlüyünün törəməsi idi, onların quyruqlarından idi. Şuşanı satan birinci o olmuşdur. Sonra da demişdi ki, mənim günahım yoxdur. Necə sənin günahın yoxdur, satqın, xain. Demişdi ki, Şuşa əldən getsə, başıma güllə çaxacağam. Bu günə qədər də bu gülləni çaxmayıb öz satqın başına. AXC-Müsavat cütlüyü öz çirkin niyyətlərinə çatıb. Şuşa və ondan bir neçə gün sonra Laçın rayonunun işğal altına düşməsi nəticəsində o vaxtkı hakimiyyət kənarlaşdırılıb və hərbi çevriliş nəticəsində AXC-Müsavat hakimiyyətə gəlib. Ondan sonra Şuşanı unudub, Şuşanı faktiki olaraq ermənilərə bağışlayıb və sonra digər xəyanət törədib - 1993-cü ilin aprel ayında Kəlbəcəri düşmənə təhvil verib. Günahsız, əliyalın insanları orada tək qoyub, xilas edə bilməyib, qoruya bilməyib. Ondan sonra da nə edib?! Fərarilik edib, qaçıb. Ali Baş Komandan fərari, dövlət katibi fərari, parlamentin sədri fərari, digər fərarilər qaçıb gizləndilər, biri Kələkidə, biri xaricdə. Əgər müharibə dövründə Ali Baş Komandan qaçırsa, bunun adı fəraridir, başqa adı yoxdur. Hamı bunu bilməlidir, heç kim bunu unutmamalıdır.
Mən demişəm, bir daha demək istəyirəm ki, tariximizin həqiqətə uyğun olması ilə bağlı bizim alimlər, bizim mütəxəssislər gərək dolğun məlumat versinlər, tariximizi malalamasınlar. Bizə saxta tarix lazım deyil. Sovet dövründə nə qədər saxta tarixlə üzləşmişdik. Bizim qəhrəmanlarımız düşmən kimi göstərilirdi. Xalqımızın düşmənləri, qaniçənlər qəhrəman kimi göstərilirdi. 26 Bakı komissarı - o erməni bolşevik quldur dəstəsi qəhrəman kimi göstərilirdi. Ancaq onlara qarşı vuruşan milli vətənpərvər insanlar düşmən kimi göstərilirdi. Biz bunu görmüşük. Bizim nəsil bunu görüb, saxta tarix nədir. İndi yenə kimsə saxta tarix yaratmaq istəyir. Yenə kimsə hansısa fərarinin, satqının, qorxağın günahlarını yumaq istəyir. Biz buna imkan verə bilmərik. Hər kəs bilməlidir, torpaqları satan kimdir, torpaqları əsarətdən qurtaran kimdir.
Şuşanın qorunması ilə bağlı müvafiq göstərişlər verilib. Azərbaycan hərbçiləri Şuşanı qoruyurlar, ətraf yüksəklikləri nəzarətdə saxlayırlar və saxlayacaqlar. Şuşada komendantlıq yaradılıb və indi isə mülki idarəetmə institutu yaradılır. Bir daha demək istəyirəm ki, sizə böyük etimad göstərilir. Çünki Şuşanın Azərbaycan tarixində xüsusi yeri var və Şuşanın bərpası, dirçəlməsi hamımızın işidir. Əlbəttə ki, bütün işlər planlı şəkildə aparılmalıdır, Şuşanın tarixi siması saxlanılmalıdır, Şuşaya yad olan hər hansı bir tikiliyə yol vermək olmaz. Mən artıq bir müddət bundan əvvəl Şuşaya mütəxəssislərdən ibarət böyük bir qrup ezam etmişdim. Onların arasında siz də var idiniz və vəziyyətlə tanış oldunuz. Bu qrup bir neçə gün Şuşada qalıb, bütün təftiş, təhlil işlərini aparıb və mənə məruzə edib. Şuşanın bərpası bunun əsasında aparılacaqdır.
Eyni zamanda, biz, əlbəttə ki, Şuşanın bərpadan sonrakı həyatını da geniş müzakirə edəcəyik. Mən artıq Şuşanı Azərbaycanın mədəniyyət paytaxtı elan etmişəm. Bərpadan sonra Şuşada həyat qaynamalıdır. İnsanlar qayıdandan sonra Şuşanın çox zəngin mədəni həyatı olmalıdır. Həm ölkə daxilindəki tədbirlər, eyni zamanda, bir çox beynəlxalq tədbirlər - festivallar, müsabiqələr, qastrollar orada keçirilməlidir. Yəni, Şuşa nəinki Azərbaycanın, əminəm ki, bölgənin mədəniyyət paytaxtı adına layiq olacaqdır.
Təsadüfi deyil ki, bu yaxınlarda qəbul etdiyim iki nümayəndə heyətinin başçısı Şuşaya xüsusi diqqəti dilə gətirib. ICESCO-nun Baş katibi mənimlə görüş zamanı bildirdi ki, onlar təklif edəcəklər ki, Şuşa İslam mədəniyyətinin paytaxtı elan edilsin. Bu, bizi çox məmnun edən bir addımdır. Onu da bildirməliyəm ki, bu günə qədər Azərbaycanın iki şəhəri bu şərəfli ada layiq görülmüşdür - Bakı şəhəri və Naxçıvan şəhəri. Mən xatırlayıram, ICESCO belə qərarı qəbul edəndə bir neçə il əvvəl qərar verilir, ondan bir neçə il sonra artıq o şəhər bu şərəfli ada layiq görülür. Növbə də var, sıra da var. Ona görə belə bir bəyanatın Bakıda səslənməsi xüsusi məmnunluq doğurur. Eyni zamanda, bu yaxınlarda Türk Şurasının nümayəndə heyəti ilə görüş əsnasında Türk Şurasının Baş katibi də belə bir təklif irəli sürdü ki, Şuşa Türk dünyasının mədəniyyət paytaxtı seçilsin. Baxın, bu tarixi şəhərimizə türk dünyasında və bütövlükdə müsəlman dünyasında nə qədər böyük maraq var, nə qədər böyük məhəbbət var. Bu, təsadüfi deyil. Ona görə biz, əlbəttə ki, Şuşanın gələcək həyatı ilə bağlı öz addımlarımızı atacağıq. Artıq mən bildirmişəm ki, bu il iki tədbir keçirilməlidir. “Xarı bülbül” festivalı, Vaqif poeziya günləri bərpa edilməlidir. Vaqifin məqbərəsinin bərpası ilə bağlı işlərə start verilməlidir və çalışmalıyıq ki, məqbərə bu il bərpa edilsin. Vaqif poeziya günləri məqbərənin önündə keçiriləcəkdir.
Təbii ki, düşmən Şuşanı talan edib, viran qoyub, dağıdıb. Şuşada olarkən, bu acı mənzərəni seyr edərkən adamın ürəyi ağrıyır. Amma biz bütün infrastruktur layihələrini icra edərək Şuşanı tez bir zamanda bərpa edəcəyik. Bildiyiniz kimi, Şuşaya gediş-gəlişin təşkil edilməsi üçün mənim Sərəncamımla yol çəkilir. Füzuli hava limanı inşa edilir və bu ilin sonuna qədər istifadəyə verilməlidir. Ondan sonra beynəlxalq uçuşlar təşkil edilməlidir. Şuşa ilə bağlı indidən müxtəlif ölkələrdə təqdimatlar və sərgilər keçirilməlidir. Siz Azərbaycan Dövlət Turizm Agentliyi və Mədəniyyət Nazirliyi ilə birlikdə bu proqramı işləyin. Dünyanın müxtəlif ölkələrində Şuşanın tarixi, işğal dövrü, bugünkü bərpa işləri ilə bağlı təqdimatı keçirilməlidir. Həm Azərbaycan ictimaiyyəti, eyni zamanda, beynəlxalq ictimaiyyət bərpa işlərimizin gedişi ilə bağlı məlumatlandırılmalıdır.
İnfrastruktur layihələrinə gəldikdə, Şuşa infrastruktur baxımından demək olar ki, tamamilə geridə qalmış bir şəhərdir. Düşmən orada bir daşı daş üstə qoymayıb, bir bina tikməyib. Özləri üçün bir neçə villa tikdirib. Villanın biri o xunta başçısına, biri isə deyilənə görə, Ermənistan rəhbərliyində təmsil olunan zəngin, rüşvətxor məmura məxsusdur. Mənfur düşmən 28 il ərzində orada ondan başqa bir dənə də bina tikməyib. Yollar bərbad, binalar dağılmış, hər tərəf xozanlıq, zir-zibil, çirkin köşklər. Olan-qalanı da dağıdıblar. Bir daşı daş üstə qoymayıblar, ancaq istismar ediblər. Bundan sonra gəlib deyirlər ki, Şuşa erməni şəhəridir, onun adını da dəyişdirməyə cəhd ediblər. Ona görə infrastruktur layihələrinin icrası, əlbəttə ki, birinci məsələdir. Bununla paralel olaraq şəhərsalma işləri düzgün aparılmalıdır. Siz bu təyinata qədər Dövlət Şəhərsalma və Arxitektura Komitəsində işləmisiniz, təcrübəniz var və əminəm ki, bu işlərə rəhbərlik edəcəksiniz.
Tarixi, dini abidələrimizin bərpası ilə bağlı konkret proqram işlənilir. Müvafiq göstərişlər verilib, Heydər Əliyev Fondu bu məsələyə fəal qoşulubdur, eyni zamanda, Mədəniyyət Nazirliyi, digər aidiyyəti qurumlar. Yaşayış fondu təftiş edilib. Yaşayış fondunun böyük hissəsi yararsız vəziyyətdədir. İşğal dövründə Şuşada təqribən maksimum 2-3 min adam yaşayırdı. Ermənilər nə qədər çalışsalar da, Şuşanı məskunlaşdıra bilməmişdilər. Halbuki xaricdən gətirilmiş erməniləri orada yerləşdirməklə hərbi cinayət törətmişlər. Bütün bu aksiyalar təbliğat xarakteri daşıyırdı. Orada yaşayanların böyük hissəsi hərbçilər və onların köməkçiləri idi. Yaşayış fondunun təftişi mütləq daha müfəssəl aparılmalıdır, - birinci təftiş aparıldı, - əlbəttə ki, ondan sonra bərpa işləri aparılacaqdır.
Biz Şuşanı dünyanın ən gözəl şəhərlərindən birinə çevirməliyik və çevirəcəyik. Mən bu sözü vermişəm və bu sözümü də icra edəcəyəm. Necə ki, əvvəlki dövrlərdə demişdim biz heç vaxt Azərbaycan torpağında ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcəyik və vermədik. Demişdim ki, Azərbaycan bayrağı Şuşada qaldırılacaq və qaldırıldı. Demişdim ki, Şuşasız qələbəmiz yarımçıq olacaq və o vaxt müharibə dövründə bundan artığını deyə bilmirdim. Çünki müharibənin aparılmasının məxfiliyi gözlənilməli idi. Müharibənin ilk günlərindən biz bilirdik ki, hədəfimiz nədir və Şuşaya doğru uğurla irəliləyirdik. Əgər müharibənin gedişatına hər bir mütəxəssis nəzər salsa, görər ki, bizim strateji hədəfimiz nə idi. Biz Ermənistan tərəfindən qurulmuş istehkamları yararaq cənub istiqamətindən işğal edilmiş torpaqlara daxil olduq, onları azad etdik və müxtəlif istiqamətlər üzrə əks-hücuma keçdik. Bunun nəticəsində Cəbrayıl, Füzuli, Hadrut, Xocavənd rayonlarının bir hissəsini, Murovdağ yüksəkliyini, Kəlbəcər rayonunun bir hissəsini, Zəngilan, Qubadlı, Laçın rayonlarının cənub hissəsini və Şuşa şəhərini azad etdik. Hədəfimiz Qarabağın tacı olan Şuşa idi və noyabrın 8-də Azərbaycan bayrağı Şuşada qaldırıldı. Ondan sonra düşmən diz çökdü, təslim oldu, ağ bayraq qaldırdı. Biz Kəlbəcər, Laçın, Ağdam rayonlarını bir güllə atmadan geri götürdük. Bizim hədəfimiz Şuşa idi, zəfərimiz də Şuşa oldu. Şuşanın azad olunması günü Zəfər günü elan edildi.
Bu müharibə bir daha Azərbaycan xalqının əyilməz ruhunu göstərdi və bir daha göstərdi ki, nəyi demişəmsə, onu da etmişəm. Təsadüfən demirdim ki, mən bilirəm nəyi, necə, nə vaxt etmək lazımdır. Azərbaycan xalqına kiçik də olsa, siqnal verirdim ki, hər şey yaxşı olacaq. İstədiyimizə nail olacağıq, sadəcə olaraq, hər şeyin vaxtı var. Müharibə dövründə, sadəcə olaraq, bir dəfə Şuşa haqqında demişdim, o da müxbir soruşdu ki, bəs Şuşa nə vaxt alınacaq? Əlbəttə ki, bunu biz deyə bilməzdik, dedim ki, Şuşasız bizim qələbəmiz yarımçıq olacaq. Ancaq heç şübhə etmirdim ki, biz əziz, doğma Şuşamızı erməni əsirliyindən xilas edəcəyik, Azərbaycan bayrağını qaldıracağıq. O vaxt demişdim ki, Azərbaycan bayrağı Şuşada qaldırılacaq. Bu gün isə deyirəm ki, biz hamımız, bütün xalqımız Şuşanı dirçəldəcəyik!
Bir daha demək istəyirəm ki, sizin üzərinizə çox böyük məsuliyyət düşür. Əminəm ki, siz bu məsuliyyəti dərk edirsiniz və Şuşanın dirçəldilməsi işində öz fəal rolunuzu oynayacaqsınız. Yəqin onu da bilirsiniz və şübhə etmirsiniz ki, Şuşanın bərpası daim mənim nəzarətimdə olacaq və yaxın zamanlarda Şuşa yenə də öz tarixi simasını bərpa edəcəkdir. Sizə uğurlar arzulayıram”.
Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov deyib:
“Möhtərəm cənab Prezident, mənə bu etimadı göstərdiyinizə görə Sizə öz dərin minnətdarlığımı bildirmək istəyirəm. Sizin rəhbərliyinizlə müzəffər Ordumuzun şücaəti nəticəsində Şuşa şəhəri işğaldan azad olunandan sonra etdiyiniz tarixi çıxışınızda “Şuşa, biz səni dirçəldəcəyik!” şüarını səsləndirmisiniz. Bu şüar altında quruculuq işlərində iştirak etmək mənim üçün böyük şərəf və eyni zamanda, böyük məsuliyyətdir. Sizi əmin etmək istəyirəm ki, Azərbaycan mədəniyyətinin paytaxtı olan Şuşanın planlı və sistemli şəkildə yenidən qurulması, olduqca zəngin tarixi, mədəni irsinin bərpa edilməsi, sakinlərin rahat və əlçatan müasir məxsusi şəhər mühitində yaşamaları üçün qarşımda qoyduğunuz vəzifələrin, bütün tapşırıqlarınızın vaxtında və tələb etdiyiniz səviyyədə yerinə yetirilməsi üçün əlimdən gələni edəcəyəm. Bir daha təşəkkür edirəm, cənab Prezident”.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay