"Son danışıqlar zamanı ABŞ rəsmiləri Ukraynanın NATO üzvlüyü müqabilində qoşunlarını Donbasdan geri çəkməyə hazır olub-olmadığını soruşublar".

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə müsahibəsində bildirib.

Zelenski qeyd edib ki, ABŞ rəsmiləri sonuncu diplomatik təmas zamanı bu məsələni ilk dəfə olaraq qaldırıblar.

Zelenski bildirib ki, əgər Vaşinqton və NATO müttəfiqləri 5-ci maddədə nəzərdə tutulan təminatlar, hərbi maliyyələşdirmə və bərpa dəstəyi daxil olmaqla, konkret təhlükəsizlik tədbirləri paketini təsdiqləsələr, o, qərarı Ukrayna ictimaiyyətinə təqdim edəcək və eyni zamanda işğal olunmuş ərazilərin Rusiya əraziləri kimi qanuni tanınmasını qəti şəkildə istisna edəcək.

"Əgər ABŞ tərəfi bunu bizə və digər NATO həmkarlarıma təsdiqləsə, o zaman mən cəmiyyətimizin fikrini soruşacam: biz bunu qəbul edirik, yoxsa yox? Lakin konkret detallara ehtiyac var və hələ ki, bunlar yoxdur, bütün bunlar müzakirə olunur", - deyə Zelenski qeyd edib.

Lakin o vurğulayıb ki, Ukrayna heç bir halda işğal olunmuş ərazilərini Rusiyanın bir hissəsi kimi tanımayacaq.

Zelenski izah edib ki, Kiyev və onun beynəlxalq tərəfdaşları NATO və Aİ tərəfindən konkret zəmanətlər, ordu və güclü silahla təchiz olunmuş Ukrayna ordusu, eləcə də aydın şəkildə müəyyən edilmiş maliyyələşdirmə mənbələri ilə bərpa planı üçün maliyyə dəstəyi daxil olmaqla, hərtərəfli təhlükəsizlik paketi üzrə danışıqlar aparırlar.

O bildirib ki, NATO-ya tam üzvlük Rusiyanın yenidən təcavüz ehtimalını azaldacaq, istənilən nizamlanma üçün zəruri baza minimumu kimi Şimali Atlantika Müqaviləsinin 5-ci maddəsinə uyğun olaraq təhlükəsizlik zəmanətlərini müəyyən edəcək.