2015-ci ildə ölkə iqtisadiyyatına 19,8 milyard manat investisiyanın yönəldiləcəyi proqnozlaşdırılıb
Makroiqtisadi sabitlik, birrəqəmli inflyasiya, əlverişli vergi və borclanma siyasəti, sosial məsələlərin həlli, əhalinin yaşayış səviyyəsinin, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi ortamüddətli dövr üçün dövlətin daim diqqətdə saxladığı əsas vəzifələri sırasındadır.
AzərTAc Maliyyə Nazirliyinin təqdim etdiyi “Vətəndaşın büdcə bələdçisi” kitabına istinadən xəbər verir ki, ortamüddətli perspektivdə ölkənin makroiqtisadi göstəricilərinin sabit artımına, qeyri-neft sektorunun dayanıqlı inkişafına, maliyyə intizamının gücləndirilməsinə və şəffaflığının daha da artırılmasına, iqtisadiyyatın tənzimlənməsində dövlət büdcəsinin rolunu artırmaqla, onu əsas iqtisadi alətlərdən birinə çevirmək büdcə-vergi siyasətinin əsas məqsədlərindəndir.
2015-ci ildə ölkə üzrə 4,4 faiz iqtisadi artım təmin olunmaqla 59,8 milyard manat həcmində ümumi daxili məhsulun istehsal olunması proqnozlaşdırılır. Qeyri-neft sektorunda 39,5 milyard manat əlavə dəyərin yaradılması proqnozlaşdırılır ki, bu da 2014-cü ilə nisbətən 8,2 faiz real artım deməkdir.
Cari ildə ölkə iqtisadiyyatına 19,8 milyard manat və ya 2014-cü ilə nisbətən 7,6 faiz çox investisiyanın yönəldiləcəyi proqnozlaşdırılıb. Daxili investisiyaların ümumi investisiyalardakı xüsusi çəkisi 72,8 faiz, xarici investisiyaların payı isə 27,2 faiz həddində gözlənilir. Cəlb edilən investisiyaların 70,7 faizinin qeyri-neft sektoruna yönəldilməsi proqnozlaşdırılır ki, bu da qeyri-neft sektorunun inkişafına xidmət edəcək.
2015-ci ildə dövlət investisiyaları 11,1 milyard manat olmaqla ümumi investisiyalarda üstünlük təşkil edəcək. Bu il əhalinin gəlirlərinin 5,8 faiz artaraq 43,8 milyard manat təşkil edəcəyi proqnozlaşdırılır. Bu ilin neft gəlirləri 1 barel üçün 90 ABŞ dolları ilə hesablanıb. 2015-ci ildə inflyasiyanın 2,3 faiz həcmində olacağı proqnozlaşdırılır. Azertac
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay