Neftçala rayonunun tarixi.
Neftçala rayonu — Azərbaycan Respublikasında inzibati rayon.
Neftçala rayonu Azərbaycan SSR-də inzibati rayon kimi 1940-cı il fevralın 11-də təşkil olunmuşdur. 24 yanvar 1939-cu ildən bir il müddətinə Xıllı rayonunun tərkibində, o vaxta kimi isə Salyan rayonunun tərkibində olmuşdur. Neftçala rayonu sırf sənaye rayonu kimi təşkil olunmuş, kənd inzibati əraziləri isə Xıllı rayonuna tabe edilmişdi. Xıllı rayonu 1959-cu il sentyabrın 24-də ləğv edilərək Neftçala rayonunun ərazisinə qatılmışdır. 1959-cu ilin dekabrında isə Neftçala rayonu da ləğv edilərək ərazisi Salyan rayonu ilə birləşdirilmişdir. 1963-cü ildə Salyan rayonundan ayrılaraq Neftçala sənaye zonası təşkil edilmiş, lakin belə qarışıq idarəetmə sistemi özünü doğrultmadığından 1965-ci ildə ləğv edilərək yenidən Salyan rayonunun tərkibinə daxil edilmişdir. 1973-cü il aprelin 27-də edilən növbəti dəyişiklikdən sonra bir daha müstəqil rayon statusu almışdır. Rayonda 18 inzibati-ərazi nümayəndəliyi ilə bərabər, 27 bələdiyyə fəaliyyət göstərir. İnzibati mərkəzi - Neftçala şəhəri Kür çayının dənizə töküldüyü yerin yaxınlığında yerləşir.
İri yaşayış məntəqələri – Neftçala şəhəri, Həsənabad, Xıllı və Bankə şəhər tipli qəsəbələri, Aşağı Surra, Xol Qarabucaq, Qırmızıkənd, Aşağı Qaramanlı kəndləridir. 1 şəhər, 3 şəhər tipli qəsəbə, 48 kənd vardır.
Yerli Media – rayonda 1973-cü ildən çıxan "Oktyabr bayrağı" qəzeti 11 oktyabr 1990-cı ildən "Gündoğar" qəzeti kimi fəaliyyət göstərir.
Müəllif:Heydər Əliyev
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay