Azərbaycan zabitinin humanistliyi - ŞƏRH
Noyabrın 20-i Ağdam rayonu Ermənistan silahlı qüvvələrindən tamamilə azad olundu. Azərbaycan prezidenti İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyanın imzaladığı üçtərəfli Bəyanata əsasən Ağdam rayonu bir güllə atılmadan Azərbaycana təhvil verildi.
Təbii ki, bu torpaq Azərbayacana elə-belə verilmədi. Və yaxud sözügedən bəyanat boşuna bağlanmadı. Ermənistanın 27 sentyabr tarixində hərbi təcavüzünə cavab olaraq Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında uğurlu əks-hücum əməliyyatı aparıldı. Bu əməliyyatın nəticəsi olaraq, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa şəhərləri daxil olmaqla, 300-ə yaxın kənd, 5 şəhər, 4 qəsəbə, çoxsaylı strateji yüksəkliklər azad olundu.
Üçtərəfli bəyanatdan sonra isə Ağdam rayonu Azərbaycana qaytarıldı. Ermənilərin “Ruhlar şəhərinə” çevirdiyi Ağdam şəhərinə ölkə başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın səfəri zamanı biz oradakı dağıntıları televiziya vasitəsilə əyani şəkildə izləmək imkanı əldə etdik.
Ümumiyyətlə, bu müharibə bir daha Azərbaycan insani humanizm nöqteyi nəzərindən ermənilərlə bir müqayisə edilə bilməyəcəyini göstərdi. Azərbaycanın Kəlbəcər rayonunun erməni əhalisindən boşaldılması zamanı Ermənistana daha 10 gün möhlət verməsi bu dediyimizi göstərən faktdır. Uzağa getməsək, bu gün Ağdamın Gülablı kəndi zamanı görünən görüntülər Azərbaycan hərbçisinin nə qədər humanist olduğunu göstərir.
Azərbaycanlı polkovnik Gülablıda məskunlaşmış erməni camaatını başına yığaraq onları qovmadıqlarını, ölkəmizin vətəndaşı kimi qalmalarını təklif etdiklərini xatırladır. Həmçinin ermənilərə Ağdamı tərk edərkən qoyunlarına kimi aparmağa icazə verdikləri bildirilir. Videonun sonunda isə görünür ki, azərbaycanlı hərbçilər ermənilərə öz əşyalarını və yeyinti məhsullarını götürməyə icazə verir və hətta onlara köməklik edirlər.
İndi isə 1991-ci ilə qayıdaq. Digər polkovnikimiz, mərhum Fətullah Hüseynovun Ağdərədə erməni kolxozçularını başına yığıb nitqini xatırlayaq. “Qara polkovnik” silahlanıb azərbaycanlılara qarşı qiyam qaldıran ermənilərə mədəni formada izah edir ki, qonşularınızla mehriban davranın.
90-cı illərdəki hadisələri xatırlasaq, biz bunun əksini, ermənilərin bizim əhaliyə qarşı rəftarının zorakılığını görürük. Həmin vaxt ermənilər azərbaycanlı əhalinin köçürülməsinə belə imkan verməməyə çalışmış, yaşlı, gənc, uşaq demədən hamını qovmuş, əllərinə düşənləri isə xüsusi amansızlıqla qətlə yetirmişdi. Azərbaycanlı əhali ermənilər kimi Qarabağı tərk edərkən öz evlərindən çox şey götürə bilməmiş, hətta öz doğma torpaqlarından ayağı yalın şəkildə qaçmağa məcbur edilmişdilər...
Bu müharibə tək Paşinyanın başçılıq etdiyi Ermənistan Ordusunu məhv etmədi. Həmçinin Serj Sarqsyan və Robert Koçaryanın başçılıq etdiyi, əlləri Xocalı soyqırımı zamanı azərbaycanlı əhalinin qanına batmış erməni cəlladları bu müharibə sayəsində darmadağın edildi. Bu müharibəyə qədər ermənilərdə öz orduları barəsində formalaşmış cəsur, qüdrətli, məğlubedilməzlik mifologiyası da qırılmış oldu.
Bütün bunlara isə Azərbaycan ordusu Ali Baş Komandanın və digər ixtisaslaşmış, savadlı zabitlərimizin hərbi planları, uğurlu hərbi strategiyası sayəsində nail oldu. Azərbaycan Ordusunun bu gücü Ermənistan zabitlərinin hərbi əməliyyatlar zamanı döyüş meydanından arxalarına baxmadan belə qaçmasına, hərbçi şərəfinə tüpürmələrinə səbəb oldu. Çətin ki, bundan sonra şərəfini itirmiş erməni ordusu bir də Qafqazda boy göstərə...
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay