Siyasət
10.07.2019, 17:32
FETÖ-nün iş dünyasındakı yeni Azərbaycan “imam”ı: - Fətullahçıları kim necə gücləndirir?
Ölkədə kök atmış FETÖ terror şəbəkəsinə qarşı yetərli tədbirlərin görülməməsindən ruhlanan gülənçilər öz fəaliyyətlərini və çevrələrini genişləndirməkdədir
Yenicag.az xəbər verir ki, FETÖ-nün Azərbaycan üzrə “imam”ı Elnur Aslanovun zərərsizləşdirilməsindən sonra başsız qaldıqları düşünülən yerli fətullahçıların ölkə biznesində mövqelərini daha da gücləndirdiklərinə dair bilgilər əldə olunmaqdadır.
Məlumata görə, hazırda FETÖ-nün Azərbaycan şəbəkəsinin əsas füqurlarından olduğu ehtimal edilən “Hidro-Park” MMC-nin rəhbəri Emruz İsgəndərov, nəzarətində olan biznes zəncirinə daxil şirkətlərlə yanaşı, strateji dövlət qurumlarında da gülənçilərin yerləşdirilməsini əmin-arxayınlıqla davam etdirir.
Bildirilir ki, tələbəlik illərində FETÖ-yə məxsus evlərdə qaldığı deyilən İsgəndərov şəbəkənin fəaliyyətində göstərdiyi aktivliyə görə “ev imamı” və “bölgə imamı” statusuna da sahiblənib. İnformasiyaya əsasən, İsgəndərov lisey və universitet tələbəliyindən sonra da, uzun müddət – 2013-cü ilə qədər şəbəkə daxilində Avcının kurasiyası altında çalışıb. Azərbaycanda fəaliyyətə başladıqdan sonra FETÖ-nün mərkəzi strukturları ilə əlaqələrini genişləndirən İsgəndərovun bütün xarici səfərlərində şəbəkənin rəhbərliyində təmsil olunan şəxslərlə davamlı görüşləri haqda məlumatlar mövcuddur. FETÖ-nün Türkiyədə ifşa edilməsinin ardından verilən təlimata uyğun olaraq, İsgəndərov da “kamuflyaj rejimi”nə keçib. FETÖ-nün Türkiyədə 2016-ci il iyulun 15-də hərbi çevrilişə uğursuz cəhdindən sonra, Azərbaycanda Gülən şəbəkəsinə qarşı müəyyən tədbirlərin görülməsinə başlanıldı. Lakin həyata keçirilən işlərin qeyri-ardıcıllığı və “gizli əllər”in müdaxiləsi sayəsində ölkədəki gülənçilərin tam şəkildə zərərsizləşdirilməsi təəssüf ki, mümkün olmadı. Bunun nəticəsində FETÖ-nün Azərbaycan şəbəkəsi nəinki öz mövcudluğunu qoruyub saxladı, hətta genişlənməkdə davam etdi. Yayılan məlumatlara görə, İsgəndərovun himayəsi altında yüzlərlə gizli FETÖ-çü “Hidro-Park” zəncirinə aid “Hidrolotus”, “Texno-Atinak”, “AzFen”, “Azertexnolayn” və digər şirkətlərdə yerləşdirilərək, şəbəkə xəzinəsinin doldurulması üçün hələ də çalışmaqdadırlar.
Gülənçilərin İsgəndərovun əli ilə “Azərsu” və digər strateji qurumlara yerləşdirilmələri isə FETÖ-nün Azərbaycan şəbəkəsinin dövlət üçün nə dərəcədə təhlükəli faktora çevrildiyini göstərir. O baxımdan, əminliklə söyləmək olar ki, FETÖ-nün Azərbaycan şəbəkəsi birdəfəlik sıradan çıxarılmasa, dövləti təhdid edən təhlükələr daha da böyüyəcək. Buna imkan verməmək üçün şəbəkəyə qarşı ləngimədən qətiyyətli tədbirlərin görülməsinə başlanılmalıdır.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay