Olimpiya çempionumuz: "Valideynlərim icazə vermədilər"
Azərbaycan möhtəşəm idman tədbirinə hazırlaşır. İyunda ölkəmizdə I Avropa Oyunları keçiriləcək. Adından da göründüyü kimi, ilk dəfə...
Bu oyunları Olimpiya oyunlarına tay tuturlar. Interxeber.az xəbər verir ki, virtualaz.org saytı bunu nəzərə alaraq Azərbaycanın adlı-sanlı idmançılarının fikirlərini öyrənməyə çalışacaq. Bu silsilədən ilk müsahibəyə də Azərbaycanın güləş üzrə ilk olimpiya çempionu Namiq Abdullayevlə başladıq.
Azərbaycan Güləş Federasiyasının yeniyetmələr üzrə vitse-prezidenti, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının İdman Komandasının rəisi, polkovnik Namiq Abdullayev müsahibəsində qarşıdan gələn Avropa Oyunlarına hazırlıqla bağlı fikirlərini bölüşdü. Azərbaycan bayrağını idmanın güləş növündə ilk dəfə olimpə qaldıran, dəfələrlə ölkə, dünya və Avropa çempionatlarının mükafatçısı olan Namiq Abdullayev güləş üzrə milli komandamızın məşqləri, güləşçilərin fiziki hazırlığı ilə bağlı da məlumat verdi.
- Namiq müəllim, bildiyimiz kimi, bu il Azərbaycanda ilk dəfə olaraq Avropa Oyunları keçiriləcək. Yarışların başlamasına az qalıb. İstərdik, əvvəlcə Avropa Oyunlarının Təşkilat Komitəsinin üzvü kimi görülən işlərlə bağlı məlumat verəsiniz. 2 ildən az bir müddətə bu yarışa hazırlıqla bağlı ölkə rəhbərliyi üzərinə məsuliyyət götürüb. Az vaxt qalıb. Görülən işlər nə yerdədir?
- Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın və Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru, gənclər və idman naziri cənab Azad Rəhimovun rəhbərliyi ilə hazırlıq işləri sürətlə davam etdirilir. Mart ayında bütün işlərin yekunlaşdırılacağı planlaşdırılıb. Artıq bir neçə dəfə Türkiyə, Fransa, Yunanistan və bir çox ölkələrdə Avropa oyunlarına hazırlıq, görülən işlər, yeni tikilən və təmir edilən idman komplekslərinin tanıtımı ilə bağlı möhtəşəm tədbirlər keçirilib. Yarışların keçirilməsi üçün tikilən ən böyük idman komleksi olan Olimpiya stadionu demək olar ki, hazırdır. Digər idman komplekslərində də işlər yekunlaşır. Ümumiyyətlə, Avropa Oyunları ilə bağlı görülən işlərdə ləngimə yoxdur. Çox qısa bir zaman ərzində belə bir mötəbər idman yarışına hazırlaşmaq və bu işin öhdəsindən gəlmək dünya ölkələrini təəccübəndirib. 2 ilə yaxın bir zaman ərzində bu işin öhdəsindən gəlmək asan iş deyil. Azərbaycan bütün dünyada idman ölkəsi kimi də tanınır. Bu görülən işlər bir daha onu sübut edir ki, ölkəmizdə idmana ayrılan diqqət yüksəkdir. Bütün dünyada Azərbaycanın bu böyük yarışın öhdəsindən gələ biləcəyi ilə bağlı çox güclü inam yaradıb. Bu inamın nəticəsidir ki, belə bir turnir Azərbaycana həvalə olunub. Bütün işlərin görülməsinə ölkə başçısı, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyev şəxsən özü rəhbərlik edir. Cənab prezident çıxışında qeyd etmişdi ki, biz bu idman yarışlarını Olimpiya Oyunları səviyyəsində keçirəcəyik. Demək olar ki, artıq biz bu işin öhdəsindən gəlmişik.
- Olimpiya, dünya və Avropa çempionatlarında hər kəsin əsas diqqət mərkəzində olan idman növü güləş olur. Əldə edilən nəticələr, qazandığımız medallar bu idman növündən yeni uğurlar gözləməyimizə əminlik yaradır. Avropa Oyunlarında da əsas diqqət güləşçilərimizdə olacaq. Milli komandamızın bu yarışlara hazırlığı necə gedir?
- Milli komandamız Avropa Oyunlarının Azərbaycanda keçiriləcəyi qərarı verilən gündən etibarən hazırlıqlara başlayıb. Güləş Federasiyasının prezidenti Fazil Məmmədov və I vitse-prezident Namiq Əliyev tərəfindən milli komandamızın hazırlıqlarına nəzarət edilir, lazımi tapşırıqlar verilib. Milli komandanın hazırkı tərkibinə ölkə çempionatında, dünya və Avropa çempionatlarında yüksək nəticə göstərən idmançılar və perspektivli gənclər cəlb olunub. Məşqlər yüksək səviyyədə davam etdirilir. Güləş komandamızın hazırlığına, məşqlərinə diqqət həmişə yüksək olub. Bunu ötənilki dünya və Avropa çempionatlarında əldə edilən nailiyyətlər də göstərir. Sonuncu London Olimpiadasında əldə etdiyimiz nəticələr möhtəşəm idi. 2-si qızıl olmaqla 7 medal əldə etmişdik. Bu uğurların davamı Avropa Oyunlarında da olacaq. Bu yarışda qızıl medallarımızın sayı daha çox olacaq.
- Avropa Oyunlarına qədər güləşçilərimiz hansı turnirlərdə iştirak edəcək?
- Fevralda yunan-Roma güləşi üzrə İranda Dünya Kuboku yarışları keçiriləcək. Apreldə isə sərbəst güləşçilərimiz Los-Ancelesdə keçiriləcək Dünya Kubokunda iştirak edəcəklər. Həmçinin Sankt-Peterburqda qadınlardan ibarət komandamız turnirdə iştirak edəcək. Bu üç turnirdə ilk üçlüyə düşməyi qarşımıza məqsəd qoymuşuq.
- Avropa Oyunlarında milli komandamızın heyətində çıxış edəcək güləşçilərin adları məlumdurmu?
- Artıq bəzi idmançıların adı məşqçilər korpusu tərəfindən təsdiqlənib. Lakin bunu açıqlamaq olmaz. Ötən il göstərdikləri nəticələrə görə adlarını bu siyahıya yazdıranlar var. Federasiyanın baş katibi Əjdər Cəfərovun da bu yaxınlarda açıqlaması var idi. O da qeyd etdi ki, ölkə çempionu olan idmançılar qarşıdan gələn Avropa Oyunlarında və dünya çempionatında özlərini təsdiqləməlidir. Onu da deyim ki, bir güləşçi hansısa bir turnirdə fərqlənirsə, onun mütləq növbəti yarışlarda da uğur qazanacağını gözləmək olmaz. Bunun müxtəlif obyektiv və subyektiv səbəbləri var. Avropa Oyunlarına hələ 5 ay qalır. İdmançının fiziki hazırlığı yerində olmaya bilər, gözlənilmədən zədələnə, xəstələnə bilər. Məşqçilər korpusu bunları nəzərə alaraq hər bir çəki dərəcəsində 3-4 idmançını təlim-məşq toplanışına dəvət edir. Hər çəki dərəcəsində yarışacaq birinci idmançı hansısa bir səbəbdən yarışdan kənarda qalarsa, onu əvəz edəcək başqa güləşçi olur. Qarşıda hələ turnirlər var və kimlərin Avropa Oyunlarında iştirak edəcək milli komandada olacağını ondan sonra daha dəqiq demək olar. Əsas olan idmançılarımızın zədə və xəstəliklərə üzləşməməsidir.
- Əsas ümid bəslədiyiniz idmançılar kimlərdir?
- Ağır çəkidə çıxış edən sərbəst güləşçilərimiz Xetaq Qazyumov, Aleksandr Qostiyev, sonuncu Avropa və dünya çempionumuz, 61 kq çəkidə çıxış edən Hacı Əliyey, 74 kq-da Cəbrayıl Həsənov, 57 kq-da Yaşar Əliyev ümid bəslədiyim idmançılardır. Bir çox sərbəst güləşçilərimizdən də uğur gözləyirəm. Yunan-Roma güləşində Elman Muxtarov, Həsən Əliyev, Elvin Mürsəliyevdən də yaxşı nəticə gözləyirik. Xanım idmançılarımızdan Mariya Stadnik, Yuliya Ratkeviç də ümidverici güləşçilərimizdir. Biz onlardan qızıl medal gözləyirik. Avropa Oyunlarında yaxşı nəticə əldə etməyimiz bir az da asan ola bilər. Çünki bu yarışda dünya çempionatı və Olimpiya Oyunlarından fərqli olaraq yalnız Avropa ölkələri iştirak edəcək. Nəticələr yaxşı olacaq.
- Qeyd etdiniz ki, bir turnirdə yaxşı nəticə göstərən idmançıdan növbəti turnirdə də eyni nəticəni gözləmək olmur. Bir dünya və ya Olimpiya çempionu necə olur ki, növbəti turnirdə ilk görüşdəcə məğlub olur? Bir güləşçi kimi bunun səbəblərini necə izah edə bilərsiniz?
- Bir idmançı Avropa və dünya çempionu olanda digər ölkələrin məşqçiləri ona qarşı ciddi hazırlıqlara başlayırlar. Həmin idmançının texniki-taktiki hərəkətləri araşdırılır. Ona qarşı önləmlər almağa çalışırlar. Məsələn, Hacı Əliyev Avropa və dünya çempionu oldu. O, İran və ABŞ güləşçilərini məğlub etdi. İndi məğlub olan idmançıların məşqçiləri Hacının görüşlərini izləyirlər, texniki-taktiki fəndlərini araşdırırlar. İkinci bir səbəb idmançının səhhəti ilə bağlı problemlərinin, zədələrinin olmasıdır. Həm də arxayınlaşma ola bilər. Dünya və Avropa çempionu özündən razı olduğundan növbəti yarışlara ciddi hazırlaşmaya, məşqlərdəki davamiyyəti azalda bilər. Bir Olimpiya və dünya çempionunun növbəti turnirdə ilk görüşdə məğlub olandan sonra yenidən məşqlərə başlaması, özündə güc və həvəs tapması çox çətindir.
- Bunu sonuncu Olimpiya çempionu Toğrul Əsgərovda gördük...
- Toğrul Olimpiya çempionu olandan sonra dizindən ciddi zədə aldı. Onun müalicəsi üçün federasiyamız tərəfindən köməklik edildi. Həm ölkədə, həm də ölkədən kənarda Toğrulun müalicəsi davam etdirildi. Bu səbəbdən Avropa və dünya çempionatlarında iştirak edə bilmədi. Səbəblərdən biri də güləşdə çəkilərin dəyişməsidir. Məsələn, Rövşən Bayramov London Yay Olimpiya Oyunlarında 55 kiloqramda çıxış ediridi. İndi çəki dəyişib, 59 kiloqram olub. Bir güləşçi üçün 4 kiloqram çox böyük fərqdir. Hər kəs bu dəyişikliyin öhdəsindən gələ bilmir. Toğrul da çəkisini dəyişdi. O da çox ciddi problem oldu. Finlandiyanın Vantaa şəhərində böyüklər arasında güləş üzrə Avropa çempionatında Toğrulun məğlub olmasına səbəb zədəsi idi. Ötən ay Parisdə keçirilən Azərbaycan və Fransa güləşçiləri arasında dostluq görüşü zamanı Rövşən Bayramov 4:0 hesabı ilə irəlidə olduğu görüşü zədə üzündən yarıda dayandırdı. Bu idmançılarımız məşqlərini indi həkim nəzarətində davam etdirir.
- Amma bu səbəblərdən də əlavə başqa bir səbəb də var. Məsələn, Olimpiya çempionu olandan sonra əldə edilən həddən artıq yüksək maddi imkanlar... Bəzi idmançılar bu dəyişiklik qarşısında tab gətirə bilmir. Həyatlarının maddi baxımdan ciddi şəkildə dəyişməsi onların idmana olan diqqətinin də dəyişməsinə səbəb olur. Cəmiyyətdə bu cür idmançılar qınanır. Toğrulun özünü də buna görə tənqid edirdilər…
- Düzdür, bu da ola bilər. Amma bunu hər idmançıya şamil etmək olmaz. Ətraf mühit idmançıya təsir edə bilər. İdmançı gərək bununla özü mübarizə aparsın. Nə istədiyini bilsin. Əgər karyerasının, uğurlarının davamını istəyirsə, bunu özü seçməlidir. Ətrafında olan insanlar çox önəmlidir. Kənardan nəsə demək asandır. Bu cür problemlə qarşılaşan idmançının daxilini heç kim bilmir. Onun əsasən hansı problem yaşadığını bilmirsən. Mən də federasiyanın işçisi olaraq hansısa bir olimpiya çempionuna irad tuta bilmərəm. Bu, onun şəxsi işidir. Bu məsələdə ona ən yaxın çevrəsi məsləhət verə bilər.
Bəzən mətbuatda yazırlar ki, bir dəfə olimpiya çempionu olan idmançı növbəti dəfə uğur qazana bilmir. Buna kənardan qiymət vermək asandır. Axı insanların şəxsi problemlərini bilmək olmur. İdmançının həyatı yalnız idmandan ibarət deyil. Onun şəxsi problemləri də ola bilər. İnsanların həyatı haqda fərziyyələrlə fikir bildirmək olmaz.
- Federasiyada idmançılarla bu mövzularla bağlı söhbətlər olurmu? Çünki uğur da, uğursuzluq da federasiyanın adına yazılır. Bu məsələlərə federasiya tərəfindən nəzarət edilməli deyilmi?
- Ümumi söhbətlər olur. Amma yenə də deyirəm ki, əsas məsələ idmançının özündən asılıdır. Söhbətlər olursa, hər idmançı bunu fərqli şəkildə dərk, qəbul edə bilər. Beş barmağın beşi də bir deyil. Federasiyada idmançıların məşqinə, davamiyyətinə, fiziki hazırlığına diqqət yetirilir. Amma şəxsi problemlər idmançılardan asılıdır. Əgər o istəsə, bu problemin həlli üçün federasiyaya, müəyyən şəxslərə müraciət edə bilər. İstəmədiyi halda isə heç kim ona müdaxilə edə bilməz.
- Azərbaycanın iki dəfə ard-arda Olimpiya oyunlarında medal qazanan idmançısı sizsiniz. Bu isə nəinki Azərbaycanda, həm də bütün dünyada idmançıların əldə etmək istədiyi ən böyük uğurdur. Belə uğur əldə etmək istəyən gənc idmançıların məsləhət ala biləcəyi şəxslərdən biri də sizsiniz. Məsləhət üçün müraciət edən idmançılar olurmu?
- Güləşçilərimizlə yarışlarda, məşqlərdə görüşürük. Onları yaxından izləyirik. Bildiklərimizi onlara öyrətməyə çalışırıq. Şəxsən mənə müraciət edən idmançılara öz məsləhətlərimi, bildiklərimi öyrətməyə çalışıram. Bu istək idmançının özündə olmalıdır. O, özü müraciət etməlidir, məsləhət almalıdır. Bu işlər elədir ki, məcburiyyətlə olmur. Güləşçi özü idmana həvəsli olmalıdır, məşqlərinə ciddi fikir verməlidir, böyüklərindən məsləhət almalıdır.
Məşqçilər də öz tələbələrinə ciddi şəkildə nəzarət etməlidir. Onların məşqləri ilə yanaşı, məşqdən kənar gördüyü işlərə də nəzarət etməlidir. Çünki idmançı yaxşı nailiyyət əldə etmək istəyirsə, həm məşqlərinə, həm də şəxsi həyatına fikir verməlidir. Valideynlər də idmanla məşğul olan övladına dəstək olmalıdır, məşqçilərlə təmasda olmalıdır. Məşqçilər də idmançının valideynləri ilə əlaqədə olmalıdır. Bu əlaqə istənilən problemin asanlıqla aradan qaldırılmasına kömək olur.
Biz də idmanla məşğul olanda belə idi. Müəllimimiz, məşqçimiz Vahid Məmmədov valideynlərimizlə əlaqə saxlayırdı. Məşqlərdə, məktəbdə təlim-tərbiyəmizlə məşğul olurdu. Bir idmançı üçün bunlar çox önəmlidir. Bunlar sağlam düşüncəli, sonadək idmanla məşğul olmaq istəyən, karyera qurmaq istəyən idmançı üçün vacibdir.
- Sizin idmana gəlməyinizdə valideynlərinizin dəstəyi necə olub? Razı idilər, yoxsa sizi təhsilə yönləndimək istəyirdilər?
- Hər bir valideyn istəyir ki, onun övladı savadlı olsun, ali təhsilli olsun. Mən 1983-cü ildən idmanla məşğul olmağa başlamışam. Bir neçə idman növünü xoşlamışam. Futbolla da məşğul olmuşam. Amma valideynlərim icazə vermədilər. Güləşlə məşğul olmağımı qardaşlarım istəyirdi. Əmim oğlu Elxan Abdullayev güləşçi olmağıma dəstək oldu. O da Vahid Məmmədovun tələbəsi idi. Onun dəstəyi ilə güləşə gəldim.
- Amma deyəsən, təhsilə heç marağınız olmayıb...
- Dərs oxumağa marağım olub. Amma məşqlər buna imkan vermirdi. Aylarla məşqlər olurdu. Başqa-başqa ölkələrə yarışlara gedirdik. Yeniyetməlik vaxtlarımda da belə böyük turnirlərdə iştirak edirdim. Yarışlara gedəndə İdman Komitəsindən arayışlar verilirdi. Onu məktəbə verib, icazə alırdıq. Bəzən çox məşqlərimiz olurdu. Məktəbdən icazə vermirdilər. Məşqçilərimiz gəlib icazə alırdılar. 1988-ci ildə 10-cu sinfi bitirdikdən sonra Bədən Tərbiyəsi İnstitutuna qəbul olunmuşam. Orada da yarışlarda iştirak edirim. Dərslərdə az iştirak edirdim. Ayın 21 günü məşqlərdə olduğumuz vaxtlar olub. Davamiyyətimiz aşağı olanda da bunu nəzərə alırdılar. Ancaq Azərbaycan müstəqillik əldə etdiyi vaxta qədər yarışlarda çox haqsızlıqlarla qarşılaşmışam. Bir azərbaycanlı olaraq iştirak etdiyimiz turnirlərdə bizi sıxışdırırdılar, ədalətsiz qərarlar verirdilər. Buna baxmayaraq o zaman belə uğurlar əldə edə bilirdim.
- Əsas uğurlarınız Azərbaycanın müstəqillik əldə etməsindən sonra başladı...
- Bəli. Səhhətimlə bağlı təxminən 7-8 ay fasilə verdim. Müalicə alırdım. Amma məşqləri də davam etdirirdim. Əsas uğurlarım 1994-cü ildən başladı. Azərbaycan çempionu, sonra isə Romada Avropa çempionu oldum. Haqsızlıqla üzləşdim və dünya çempionatında ikinci oldum. 1996-cı il Yay Olimpiya Oyunlarında yenə də haqsızlıqla qarşılaşdım. Qızıl medalı əlimizdən aldılar. Gümüş medal aldım. Çox məyus olmuşdum, sarsılmışdım. Elə bir halda idim ki, növbəti dəfə olimpiya oyunlarında iştirak edib-etməyəcəyimi bilmirdim. Qarşıda 4 il var idi. Bu da böyük vaxt idi.
Ulu öndərimiz Heydər Əliyev Bakıya qayıdarkən bizi qəbul etdi. Oyunları da izləmişdi. Heydər Əliyev mənim gümüş medalımı qızıl medal kimi qəbul etdi. Məni qızıl medalçı kimi mükafatlandırdı. Bütün idmançıları mükafatlandırdı. Onları növbəti oyunlara həvəsləndirdi. Məyus qayıtsam da, sarsılsam da elə həmin vaxt ulu öndərə söz verdim. Söz verdim ki, növbəti olimpiya oyunlarında qızıl medal qazanacam. 4 il çox vaxt idi. Bu sözü tutmaq üçün çox çalışdım. Zədələrlə qarşılaşdım, turnirlərdə haqsızlıqlar gördüm. Bəziləri fikirləşirdi ki, mən heç finala da çıxa bilməyəcəm. Amma mən sözümü tutdum…
- Və Olimpiya çempionu oldunuz. Qayıdanda Heydər Əliyevlə görüşünüzdə nə baş verdi? Bu dəfə əsl qızıl medalla qayıtmışdınız...
- O zaman Heydər Əliyev tərəfindən idmana diqqət artırılmışdı. Yeni idman komplekslərinin yaradılması işləri sürətlə gedirdi. 1996-cı il Yay Olimpiya Oyunlarında bir medal qazanmışdıq. 2000-ci ildə biz olimpiya oyunlarında 31 idmançı ilə təmsil olunduq və medallarımızın sayını artıq 3-ə çatdırdıq. Bu, cənab prezidentin idmana olan qayğısı idi. O, bizi qəbul edəndə hər birimizi təbrik etdi, hər birimizi mükafatlandırdı. Yarışlarda 4, 5, 6, 7 və daha aşağı yerləri tutan idmançılar belə mükafatlandırıldı. Bu, ulu öndərin idmançılara diqqət və qayğısı idi.
Heydər Əliyevlə görüşümün hər anı həmişəlik yaddaşımdadır. Ulu öndər dedi ki, Namiq fövqəltəbii bir idmançıya - ABŞ idmançısına qalib gəlib. Belə görüşlər idmançıların əzmkarlığını, növbəti yarışlara həvəsini artırır.
Bizim üçün vacib olan ilk növbədə bayrağımızın ucalması, himnimizin səsləndirilməsidir. Hər bir idmançı bunu düşünməli, bu məqsədlə yarışlara çıxmalıdır, son gücünə qədər bu məqsəd uğrunda mübarizə aparmalıdır. Çalışmalıyıq ki, himnimiz səslənsin, düşmənimiz, bizi sevməyənlər himnimizi ayaq üstə dinləsinlər.
- Son illər ölkədə idmana maraq artır. Əsasən də güləşə. Valideynlər də övladlarını idmana yönləndirir. Artıq idman çox gəlirli sahədir. Sizcə, idmana marağın səbəblərindən biri də budurmu?
- İdmana ilk növbədə sağlamlıq kimi baxılmalıdır. Valideynlər uşaqlarını kiçik yaşlarında idmana gətirərkən sağlamlıqlarını nəzərdə tutur. Sonra məşqçilər onları yönləndirir. Onlardan gələcəkdə yaxşı bir idmançı olub-olmayacağını müəyyən edir. Amma bəzi valideynlər də var ki, övladının sırf idmanla məşğul olmasını istəyir. Ölkəmizdə son zamanlar idmana diqqət və qayğı çox yüksək səviyyədədir. Yeni tikilən idman kompleksləri, idmançılara yaradılan şərait, onlara göstərilən qayğı yüksəkdir. Bunu nəzərə alan insanlar da idmana yönəlir.
- Bəs bir valideyn olaraq siz necə, övladınızın idmanla məşğul olmasını istəyirsinizmi?
- Təhsil və idman ikisi bir arada olmalıdır. Sağlamlığa mütləq fikir verilməlidir. İdmanla məşğul olan insan sağlam insandır. Sağlamlığı yerində olan insan həm təhsillə, həm də idmanla məşğul ola bilər. İndi də ali təhsilli, savadlı idmançılarımızın sayı həddən artıq çoxdur.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay