Azərbaycan kürdlərindən PKK açıqlaması
“Birdəfəlik bilmək lazımdır ki, 100 ilə yaxındır iki qardaş xalq arasında mənasız savaş gedir. Bu hadisələrdən itirən Türkiyə, qazanan isə öz maraqlarını təmin etməyə çalışan xarici qüvvələrdir. Hər iki tərəf atəşkəs elan etməli və silahları yerə qoymalıdır”
Bu sözləri Axar.az-a “Azərbaycan kürdləri” İctimai Birliyinin sədri Tahir Süleyman deyib.
Son günlər Türkiyə-PKK müharibəsinin yenidən alovlanmasından danışan T.Süleyman hesab edir ki, müharibə dayanmasa, bundan yalnız Türkiyə dövləti itirəcək. Onun fikrincə, türk xalqı ilə kürd xalqının inkişafına, firavan yaşayışına əngəl törədən xarici qüvvələrdir:
“Başda Amerika, İsrail, Avropanın bir sıra dövlətləri olmaqla, Yaxın Şərqdə yeraltı, yerüstü sərvətləri ələ keçirmək üçün Türkiyədə, Suriyada, İraqda oyun oynayırlar. Ölən kasıb kürdün və türkün uşaqları olacaq. Xarici qüvvələr Türkiyəni böyük miqyaslı vətəndaş müharibəsinə sürükləmək planı qurublar. Suriyanı bürümüş xaosu unutmaq olmaz. Bu planın gerçəkləşməsinə Türkiyə xalqları əsla yol verməməlidirlər. Türkiyə dövlətində sabitlik sadə türklərə və kürdlərə çox lazımdır. Bu sabitliyin pozulması isə xarici imperialist qüvvələrə gərəkdir. İki qardaş xalq arasında çaxnaşmanın genişlənməsini istəyən qüvvələrə bu istəklərinə çatmaq fürsəti vermək olmaz.
Hələ gec deyil, Türkiyə dövləti, onun türk və kürd vətəndaşları özlərini xarici düşmən qüvvələrin təhlükəli planlarının qurbanı olmaqdan birlikdə, çiyin-çiyinə dayanaraq xilas edə bilərlər”.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay