DataLife Engine / BMT-nin sifarişi ilə aparılan araşdırma: Ermənilər Qarabağa qayıtmaq istəmirlər

BMT-nin sifarişi ilə aparılan araşdırma: Ermənilər Qarabağa qayıtmaq istəmirlər

Ötən ilin payızında İkinci Qarabağ müharibəsindəki sarsıdıcı məğlubiyyətdən sonra bir vaxtlar azərbaycanlı qonşularını fəal şəkildə qovan Qarabağ erməniləri indi özləri qaçqın vəziyyətinə düşüblər.

BMT-nin (UNHCR) sifarişi ilə aparılmış 22 yanvar 2021-ci il tarixli araşdırmaya görə, “qaçqına bənzər vəziyyətdə” (refugee like situation) olan erməni ailələrinin 85%-dən çoxu indiki yaşayış yerlərini tərk etmək istəmirlər. Qalan 15%-ə gəldikdə isə onlar ya Dağlıq Qarabağın böyük şəhərlərinə (Xankəndi, Xocavənd) qayıtmağı, ya da Ermənistanın böyük şəhərlərinə köçməyi planlaşdırırlar.

Araşdırmanın nəticələrinə görə, erməni qaçqınlarının 60%-i üçün əsas qida mənbəyi ərzaq məhsullarının birbaşa paylanmasıdır. Qaçqın erməni uşaqlarının təqribən 43%-i, həmçinin onları qəbul edən ailələrin 40%-i müharibədən sonra təhsil almaq imkanından məhrum olub.

Qaçqınların 73%-dən çoxu, eləcə də ev sahiblərinin 49%-i münaqişənin qidalanma imkanlarını azaltdığını söyləyib. Qaçqın ailələrin təxminən 14%-i və ev sahibi ailələrin 11%-i həftədə ən azı bir dəfə ərzaq ala bilmir. Nəticədə onlar qida rasionlarını azaltmağa, pəhriz saxlamağa məcbur qalırlar.

Xatırladaq ki, Rusiya Federasiyası Müdafiə Nazirliyinin təqdim etdiyi rəsmi statistikaya görə, 2021-ci il noyabrın 10-da imzalanan üçtərəfli razılaşmadan sonra 50 mindən çox erməni bölgəyə qayıdıb. Mütəxəssislər bu rəqəmin real vəziyyəti əks etdirmədiyini bildirirlər.

Belə ki, bir çox ermənilər yalnız vacib əşyalarını götürmək və yenidən Ermənistana qayıtmaq üçün geri dönürlər. Bunu 20 yanvar 2021-ci ildə BMT-nin sifarişi ilə həyata keçirilmiş digər bir araşdırma da təsdiqləyir. Orada qeyd olunur ki, Ermənistan Miqrasiya Xidmətinin rəsmi məlumatlarına görə, Dağlıq Qarabağdan ölkəyə təxminən 91 min qaçqın gəlib. Müxtəlif hesablamalara görə, onlardan yalnız 20 mini Dağlıq Qarabağa qayıdıb. Sorğuda iştirak edənlərin təxminən 70%-i ən azı yaxın aylarda bölgəyə qayıtmağı düşünmədiklərini qeyd ediblər.
3-03-2021, 07:56
Вернуться назад