DataLife Engine / Azərbaycan Ziyalısı

Azərbaycan Ziyalısı

Media araşdırma mərkəzi və Azərbaycan avropanın saytı tərəfindən keçirilmiş rəy sorğusunun nəticəsinə əsasən,
elm və təhsil sahəsində göstərdiyiləri uğurlu xidmətlərinə görə Məmmədova Gülzar İbrahim qızı "Azərbaycan Ziyalısı"adına layiq görülüblər.
Məmmədova Gülzar İbrahim qızı 1940-cı ildə Bakı şəhərində anadan olmuşdur.
1957-ci ildə 190 saylı orta məktəbi, 1963-cü ildə S.M.Kirov adına ADU-ni (indiki BDU) Şərqşünaslıq fakültəsinin Biblioqrafiya şöbəsini bitirərək, biblioqraf ixtisasına yiyələnmişdir.
G.Məmmədovanın əmək fəaliyyəti 1965-ci ildən muzeyə işə qəbul olunması ilə başlayır. 1965-ci ildən 1977-ci ilədək "Elmi fondlar" şöbəsi neqativ bölməsinin mühafizi işləmişdir. Bu müddət ərzində Azərbaycan ədəbiyyatının bütün dövrləri ilə bağlı yubiley və səyyar sərgilərin hazırlanmasında iştirak etmişdir.
1977-ci ildə "Azərbaycan Sovet ədəbiyyatı ekspozisiyası" (indiki "Yeni dövr Azərbaycan ədəbiyyatı") şöbəsinə keçirilmişdir.
1981-ci ildə repressiya qurbanı "İbrahimbəy Mehdi bəy oğlu Musabəyovun həyat və yaradıcılığı" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir.
1986-90-cı illər ərzində Gülzar Məmmədova dövlət planına daxil edilmiş "Azərbaycan nəsrində konflikt və xarakter problemləri" (Bayram Bayramovun nəsri əsasında) monoqrafiyasını işləyib hazırlamışdır. (10 ç.v.).
G.Məmmədova 1992-ci ildən 1994-cü ilə kimi "Yeni dövr (XIX-XX əsrlər) Azərbaycan ədəbiyyatı ekspozisiyası" şöbəsinin müdiri olmuşdur. G.Məmmədovanın iştirakı ilə "Yeni dövr (XIX-XX əsrlər) Azərbaycan ədəbiyyatı" mövzu-ekspozisiya planı (12 ç.v.) hazırlanmışdır.
1994-cü ildən - 2003-cü ilədək "Yeni dövr Azərbaycan ədəbiyyatı ekspozisiyası" şöbəsinin müdiri vəzifəsində işləmişdir.
G.Məmmədova respublikanın və keçmiş sovet məkanının arxivlərində, kitabxana, ədəbiyyat və ev muzeylərində, həmçinin görkəmli ədib və yazıçıların şəxsi arxivlərində araşdırmalar aparmış, yeni materiallar əsasında "ADR dövrü Azərbaycan ədəbiyyatı", "Repressiyaya məruz qalan Azərbaycan yazıçıları, "Azərbaycan-İraq (Türkman) ədəbiyyatı və mədəniyyəti ekspozisiyası"nın mövzu-ekspozisiya planını işləyib hazırlamışdır.
G.Məmmədova “Zülmətdən nura doğru...” (Bakı, Letterpress, 2015, 148 s.) kitabının müəllifidir.
G.Məmmədova müxtəlif illərdə "A.Bakıxanov- 200", "Ə.Cavad - 100", "Ə.Vahid - 100", "Şəhriyar- 90", "Bayram Bayramov- 70", "Ş.Qurbanov - 70", "Ə.Cəfərzadə- 70", "X.Rza - 70", "Heydər Əliyev Azərbaycan ədəbiyyatının və mədəniyyətinin hamisidir", "Şeyxülislam Hacı Allahşükür Paşazadə - 50", "Bulud Səhənd - 75", "C.Cabbarlı - 100", "M.Süleymanlı - 90", "Bəkir Nəbiyev - 70", "Əbülhəsən - 80" yubiley stend və səyyar sərgilərinin, həmçinin şöbə planına daxil olan yubiley (konfrans, elmi sessiya, xatirə gecəsi) tədbirlərinin müəllifi olmuşdur.
Alim muzeydə işlədiyi müddətdə repressiya qurbanı İ.Musabəyovun "Neft yə milyonlar səltənətində" adlı seçilmiş əsərlərini (Yazıçı, 6 ç.v.h 1984-2006) tərtib etmiş, bir çap vərəqi həcmində ön söz yazmışdır.
Gülzar İbrahim qızı “Azərbaycan – İraq (Türkman) ədəbiyyatı və mədəniyyəti ekspozisiyası”nın əsasında “İraq bizə iraq deyil” bukletini (Bakı, 2002), prof. Q.Paşayevlə birlikdə “İsi Məlikzadə – 70” (Bakı, 2004), “Hüseyn Arif – 80” (Bakı, 2004), “Akademik Bəkir Nəbiyev” (Bakı, 2005), “Əlibala Hacızadə – 70” (Bakı, 2005), “Fikrət Qoca – 70” (Bakı, 2005), “Tofiq Bayram – 70” (Bakı, 2005) kitablarını tərtib etmiş, “Bakıxanovların ekran təcəssümü” (müştərək, Bakı, Mütərcim, 2008), “Bakıxanovlarla nurlanan ekran” (müştərək, Bakı, Mütərcim, 2009) kitablarının redaktoru olmuş, “Bakıxanovlar ədəbi – mədəni elmi fikir tarixində” (müştərək, Bakı, Mütərcim, 2010) kitabını tərtib etmiş, “Ön söz” yazmışdır.
G.Məmmədovanın məqalələri N.Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyinin əsərlərində, AMEA "Xəbərləri"ndə, "Azərbaycan", "Ulduz", "Ədəbiyyat və incəsənət", "Литературный Азербайджан", "Qobustan", "Kitablar aləmində", "Elm", "Azərbaycan təbiəti", "Bakı", "Бакинский рабочий" Türkiyə "Kültür Evreni" beynəlxalq məcmuəsində və bu kimi dövrü mətbuat səhifələrində çap olunmuşdur.
G.Məmmədova Azərbaycan ədəbiyyatının müxtəlif problemləri ilə bağlı Azərbaycan Milli Televiziyası və Radiosu verilişlərində, eləcə də yubiley tədbirlərində elmi məruzələrlə çıxış etmişdir.
G.Məmmədova “Ən yaxşı vətənpərvər tədqiqatçı alim” qızıl medal mükafatçısı, A.A.Bakıxanov mükafatı laureatıdır.
6-11-2019, 14:44
Вернуться назад