DataLife Engine / Başçının töhmət aldığı tikinti necə olacaq?

Başçının töhmət aldığı tikinti necə olacaq?

Yasamal rayon icra başçısının töhmət almasına səbəb olan tikinti ilə bağlı sənədləşmə aparılır.

Interxeber-inəldə etdiyi xəbərə görə, İbrahim Mehdiyevə verilən töhmətdən sonra “Lake Residence” MMC tikinti işlərini həyata keçirmək üçün icazə sənədi almağa çalışır. Sənədləşmə işləri müsbət həllini tapdıqdan sonra qurudulmuş gölün yerində abadlıq işləri görüləcək, park salınacaq, sakinlərin istirahəti üçün şərait yaradılacaq. Bu məsələlər artıq razılaşdırılıb.

Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən aparılan araşdırma zamanı “Lake Residence” MMC tərəfindən tikinti işlərinin aparılması üçün müvafiq icazə sənədi alınmadığı müəyyən edilib. Yasamal rayonu, 593-cü məhəllə, General Akim Abbasov küçəsi, 25 saylı ünvanda qanunsuz olaraq tikinti işlərinin aparılmasına başlanılmışdı və həmin ərazidə mövcud olan gölün bir hissəsinin tikinti qırıntıları ilə doldurulması həyata keçirilmişdi.

Bununla əlaqədar MMC rəhbərliyinə xəbərdarlıq edilmiş, orada aparılan qanunsuz tikinti işlərinin ləğv edilməsi, gölün doldurulmuş hissəsinin təmizlənməsi və ətrafda əhalinin istirahətinin mənalı təşkili üçün ərazidə yüksək səviyyədə abadlaşdırma işlərinin öz vəsaiti hesabına həyata keçirilməsi tapşırılmışdı.

Tikintiyə müvafiq icazə sənədi olmadan aparılan tikinti işlərinin qarşısının vaxtında alınmaması və bu istiqamətdə işlərin yüksək səviyyədə həyata keçirilməsində nöqsanlara yol verdiyinə görə Yasamal icra başçısına da Bakı meri Hacıbala Abutalıbov tərəfindən töhmət verilmişdi.
20-04-2015, 19:52
Вернуться назад