DataLife Engine / Prezident: “Biz Şuşada bütün tarixi abidələrimizi bərpa edəcəyik”

Prezident: “Biz Şuşada bütün tarixi abidələrimizi bərpa edəcəyik”

“Əsrlər boyu Azərbaycan xalqı Şuşada yaşayıb, yaradıb. Şuşa bütün Qafqazın incisidir. Şuşanı 28 ilə yaxın işğal altında saxlayan düşmən bizim mədəni irsimizə böyük zərbə vurdu”.

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər Xiyabanından xalqa müraciətində bəyan edib.

İlham Əliyev bildirib ki, düşmən bizim tarixi abidələrimizi, məscidlərimizi dağıdaraq təhqir edib:

“Biz artıq Şuşaya qayıtmışıq və bütün tarixi abidələrimizi bərpa edəcəyik. Məscidlərimizi bərpa edəcəyik və 28 ildən sonra Şuşada azan səsi ucalacaq. Bir neçə il bundan əvvəl, 2016-cı ilin Aprel döyüşlərində işğaldan azad edilən Cocuq Mərcanlı qəsəbəsində mənim göstərişimlə tikilən məscidin açılışında demişdim ki, bu məscid Şuşa məscidinin bənzəridir.

Ölçülərinə, memarlıq üslubuna görə eynidir. Demişdim ki, gün gələcək biz Şuşa şəhərində erməni vandalları tərəfindən dağıdılan məscidlərimizi bərpa edəcəyik. O gün gəlir. Bu gün Azərbaycan bayrağı Şuşada dalğalanır. Bütün Azərbaycan xalqı qürur hissi ilə bu xəbəri qarşılayır”.
8-11-2020, 13:19
Вернуться назад