Azərbaycanda pulsuz veriləcək məzar yerləri » İnterxəbər.Az
interxeber.az » Son xəbərlər » Azərbaycanda pulsuz veriləcək məzar yerləri


Azərbaycanda pulsuz veriləcək məzar yerləri

7-03-2016, 20:37
Oxunub: 197
Çap et
Aztəminatlı ailələrin mərhumları üçün məzar yerlərinin yerli bələdiyyələr hesabına təmin edilməsi nəzərdə tutulur.

Azərbaycanda pulsuz veriləcək məzar yerləri

“Bakı şəhərində qəbir yerlərinin standart qiymətləri müəyyənləşdirilib. Təklif olunan yeni layihəyə əsasən, paytaxt ərazisində qəbir yerlərinin qiyməti minimum əmək haqqının iki misli miqdarında olacaq. Həmin məbləğdən yuxarı olması mümkün deyil”.

Bu barədə ANS PRESS-ə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov danışıb. Deputatın sözlərinə görə, bununla bağlı qanun layihəsi artıq hazırlanıb və icrası üçün ayrı-ayrı strukturlarla razılaşdırılma aparılır: “Razılaşdırılma aparılmasına səbəb bu qanun layihəsində həm bələdiyyələrlə, həm tibb komitəsi və bir sıra başqa qurumlarla razılaşdırılacaq məsələlərin olmasıdır. Eyni zamanda Nazirlər Kabineti də məzar yerlərinin ayrılması üçün sərəncam verməlidir. “Qəbiristanlıqların yaradılması və idarə olunması haqqında qanun”a belə bir müddəanın əlavə edilməsinə səbəb vətəndaşlar arasında bərabərsizliyi aradan qaldırmaq məqsədi daşıyır”.
S.Novruzov deyir ki, yeni təklif edilən layihədə aztəminatlı ailələrin dünyasını dəyişən üzvləri üçün məzar yerlərinin yerli bələdiyyələr hesabına təmin edilməsi nəzərdə tutulub: “Bu layihədə aztəminatlı ailələrdən başqa şəhidlərin, müharibə qəhrəmanlarının, milli qəhrəmanların, Əfqanıstan veteranlarının, Qarabağ müharibəsi veteranlarının ailələrinə qəbir yerlərinin pulsuz verilməsi nəzərdə tutulub. Bu xərclər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən də qarşılana bilər. Bunun üçün isə Nazirlər Kabineti və Maliyyə Nazirliyi razılıq verməlidir”.
Azərbaycanda pulsuz veriləcək məzar yerləri

Azərbaycanda hazırlanan hazırkı qanun layihəsi dünya dövlətlərinin əksəriyyətində artıq uzun müddətdir ki, tətbiq edilir. Məsələn, qonşu Türkiyədə məzar yerlərinin qiymətləri hər il əhalinin maddi rifah səviyyəsinə görə yenidən müəyyənləşdirilir. İllərə görə qiymətlər yüksələ, eyni zamanda azala, yaxud sabit qala da bilər.

Məsələn, İstanbulda qiymətləri şəhər bələdiyyəsi müəyyənləşdirir. Bu şəhərdə məzar yerləri coğrafi mövqeyinə görə 4 kateqoriyaya bölünüb. Ötən ilin qiymətlərinə nəzər salsaq görərik ki, şəhərin mərkəz hissəsində 1-ci qrup ərazilərdə məzar yerinin qiyməti 5 min lirə (2780 manat), mərkəzdən kənarlara doğru, daha dəqiq 2-ci qrup yerlərdə məzar yerləri 1000 lirə (553 manat), 3-cü və 4-cü qrup yerlərdə isə qəbir yerlərinin qiymətləri 100 türk lirəsidir (55 manat). Düzdür, ilk baxışda 1-ci və 2-ci qruplar üçün qiymətlər yüksək görünə bilər. Ancaq qardaş dövlətdə aztəminatlı şəxslər dünyasını dəyişdikdə onların məzar yerləri, tabutu, meyitin yuyulması, tabutun örtüyü və cənazənin qəbiristanlığa aparılması üçün ölünün sahibindən heç bir pul tələb edilmir.
undan başqa, məsələn, İstanbulda dünyasını dəyişmiş vətəndaşlar hətta ölkənin bütün ucqar əyalətlərinə də pulsuz aparılır. Bu xidmətdən yararlanmaq istəyən vətəndaşların yaxınları isə kasıb olduqlarına dair yerli bələdiyyədən yaşıl kart almalıdırlar.

Bakıda da Türkiyədə olduğu kimi məzar qiymətləri qəbiristanlıqların yerləşdiyi məkanlara görə dəyişir. Ancaq ümumi olaraq minimum və maksimumlar götürülsə, demək olar ki, hazırda paytaxtda 200 manatdan 8000 manata qədər qəbir yeri satılır. Bir qədər paytaxtdan kənarda yerləşən Biləcəri qəbiristanlığında 1 kvadrat metrin qiyməti 400-500 manat arasında dəyişir. Həmin qəbiristanlıqda ən yaxşı qəbir yerinin 1 kvadratmetri 800-1000 manatdan ucuz deyil. Badamdar qəbiristanlığında 800-2000 manat, Günəşli qəbiristanlığında bu məbləğ 600-1500 manat, Qaraçuxur qəbiristanlığında 200-1000 manat, “Qurd qapısı” qəbiristanlığında 2000-3000 manat civarında və daha yuxarıdır".

Azərbaycanda pulsuz veriləcək məzar yerləri

Tarixə nəzər salınsa, görmək olar ki, müsəlman qəbirləri çox sadə olub və torpağa görə heç bir haqq alınmayıb.

Rusiya Federasiyasında isə 1996-cı ildə bu sahə ilə bağlı ayrıca qanun qəbul olunub. Qanunun müvafiq maddəsində dəfn yerləri və dəfn mərasiminin yerli idarəetmə orqanlarına tapşırılması öz əksini tapıb. Rusiya dövlətinin vətəndaşı üçün federasiya ərazisində məzar yerinin pulsuz ayrıldığı da qeyd olunur. Bu qanuna görə, tabut, cənazənin daşınması, dəfn mərasimi və bütün xidmətlərin haqqı, ölümün sənədləşməsi dövlət hesabına aparılır.
Reytinq: