DataLife Engine / Yevgeni Mixaylov: Arxasında erməni klanı dayanan şəxsləri Rusiyada vəzifəyə gətirmək istəyirlər

Yevgeni Mixaylov: Arxasında erməni klanı dayanan şəxsləri Rusiyada vəzifəyə gətirmək istəyirlər

Beynəlxalq münaqişələr üzrə rusiyalı ekspert, “Jurnalist araşdırması” “Youtube” kanalının aparıcısı Yevgeni Mixaylov uzun müddətdir ki, erməni diasporunun nümayəndələri tərəfindən təzyiqə məruz qalır.

Media.Az-la söhbətində bu barədə Yevgeni Mixaylovun özü məlumat verib.

“Gəlin, ondan başlayaq ki, mənim erməni dostum çoxdur. Amma erməni diasporunun bir kəsimi var ki, mən onların qeyri-qanuni fəaliyyətinə mane oluram. Mən jurnalist araşdırması ilə məşğul oluram və buna görə də tez-tez erməni diasporunun nümayəndələrinin törətdiyi iqtisadi və adi cinayətlərin şahidi oluram”, - deyə Mixaylov bildirib.

- Bildiyim qədərilə dəfələrlə şikayət etmisiniz...

- Bəli, mənim Qarabağla bağlı mövqeyim onların xoşuna gəlmir. Qarabağ probleminin dərhal həll edilməsi və işğal edilmiş torpaqların Azərbaycana qaytarılmasının vacibliyini dediyim üçün məni ekstremizmdə ittiham edirlər.

Guya mən ermənilərlə ruslar arasında millətlərarası münaqişəni qızışdırıram. Amma mən həmişə deyirəm: siz Rusiya vətəndaşısınız, Rusiya maraqlarını qorumalısınız. Onlar isə Qarabağ münaqişəsini nəzərə almırlar.

Erməni diasporu nümayəndələrinin təşkil etdiyi ekstremizm ittihamı ilə bağlı yarım il məhkəmə prosesi getdi. Mənim Azərbaycanda çıxan müsahibələrim və videolarım ekspertiza edildi. Amma nəticədə onlar uduzdular. İş mayın 6-da bağlandı. Mayın 8-də isə Moskvadan gələn məktubda mənim barəmdə Mətbuat Şikayətləri Şurasına edilən şikayət qeyd edilmişdi.

Mənə şikayət təqdim olundu və bildirildi ki, mən öz çıxışlarımla Paşinyan əleyhinə nifrət oyadıram. Ermənistanın yeni rəhbərliyini tənqid etməyim onları qıcıqlandırdı. Onlar rusların tarixən ermənilərə borclu olduğunu deməyə başladılar. Mən dostluq etdiyimizi istisna etmirəm, amma borclu olduğumuz... Bu məni qəzəbləndirdi.

Nəticədə isə, bir-birimizi məhkəməyə verməyəcəyimiz barədə razılaşma imzalandı. Amma bundan sonra da KİV-lərdə mənim barədə “pantürkizmin səsidir”, “Azərbaycan nefti hesabına danışır” və s. tipli məqalələr dərc edildi. Amma mən bir manat da almamışam (gülür).

- Son araşdırmalarınızın birində siz imkanlı erməni sahibkarların fəaliyyətindən danışdınız. Bildirdiniz ki, onlar özləri kimi adamları Rusiyanın cənubunda hansısa rəhbər vəzifəyə təyin etdirməyə çalışırlar...

- Rusiyanın cənubu xüsusi ərazidir. Krasnodar, Rostov-na-Don... Burada həm tarixən, həm də Krımdan köçən bir çox erməni yaşayır. Amma onlar artıq yerli xalqla qaynayıb-qarışıblar. Sonra isə Abxaziya, Yerevan və Qarabağdan gələn yeni ermənilər peyda oldu.

Onlar SSRİ dağılandan sonra bu ərazilərə yerləşməyə başladılar. Onlar korrupsiyadan istifadə etməyə başladılar. 1990-cı illərin əvvəlindən başlayaraq, hansısa erməni güc strukturunda işə düzələndə, sevinməyə başladılar.

Onu dəstəklədilər və bu, zəncirvari davam etdi. Yaranan sistemə görə, ziyana düşənə digərləri kömək edirdi. Bu, erməni diasporunun maraqları lobbi etməsidir və bir sıra istiqamətlərdə acınacaqlı vəziyyətin yaranmasına səbəb oldu.

“Hamı bilir ki, erməni hamını alar” deyə deyim var. Təbii ki, bu, obrazlı ifadədir. İndi mübarizə gedir, amma gecdir. Daha sərt tədbirlər görmək lazımdır. Erməni lobbisi hər yerdə güclüdür.

Bir daha qeyd edim, mən ermənilərin əleyhinə deyiləm. Mən onların Rusiya maraqlarına ziyan vurmasının əleyhinəyəm. Bu, Soçidə və Rostov vilayətində baş verir. İdarəetmə orqanlarına arxasında erməni maliyyə klanları dayanan insanları hazırlayırlar. Bu isə əhalinin qalan hissəsində etiraza səbəb olur.
21-09-2019, 22:30
Вернуться назад