DataLife Engine / Qarabağ erməniləri separatçı “DQR” rəhbərinin Azərbaycanla müharibəyə hazırlaşmaq çağırışını pisləyiblər

Qarabağ erməniləri separatçı “DQR” rəhbərinin Azərbaycanla müharibəyə hazırlaşmaq çağırışını pisləyiblər

Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platformasının həmsədri, Qarabağ Erməniləri Hərəkatının rəhbəri Artur Ağacanov Dağlıq Qarabağda müharibəyə hazırlığın zəruriliyi ilə bağlı səsləndirilən çağırışı pisləyib.

“Qondarma separatçı DQR-in prezidenti Araik Arutyunyan” bu yaxınlarda təxribatçı bəyanatla çıxış edərək açıq şəkildə Azərbaycanla müharibəyə hazırlaşmağa çağırıb. Əziz Qarabağ erməniləri, siz azərbaycanlılarla ermənilər arasında müharibəyə hazırlaşmağa təhrik edən Arutyunyana və onun kimilərinə qulaq asmayın”, - deyə Ağacanov “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.

Qarabağ Erməniləri Hərəkatının rəhbəri, əksinə, Qarabağ ermənilərini sülhə hazırlaşmağa çağırır. “Razılığa gəlmək, kompromis qərar tapmaq olar və bu, lazımdır. Gəlin, realist olaq və sülhə hazırlaşaq, Azərbaycanla tam şəkildə danışıqlar prosesinə başlamaq lazımdır. Nə Arutyunyan, nə onun kimiləri, nə də yaxınları döyüşməyəcək. Onlar ruhən, mentalitet baxımından bizə yaxın olan azərbaycanlılara qarşı vuruşmaq üçün sizi (Qarabağ ermənilərini – İF) qabağa verəcəklər.

Mən Qarabağdakı qohumlarım və dostlarımla ünsiyyətdə oluram. Onlar yeni müharibə, yeni itkilər və məhrumiyyətlər istəmirlər. Onları üçüncü tərəfin maraqları naminə Azərbaycan xalqı ilə döyüşməyə məcbur edirlər. Münaqişənin bütün tərəflərinə müraciət edirəm - təxribatlara uymayın”, - deyə Ağacanov qeyd edib.

O, həmçinin münaqişənin həlli üçün Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları arasında daha sıx təmas qurulmasına çağırıb:

“Sülh istəyən bütün ermənilərdən (belələrinin sayının kifayət qədər çox olduğuna şübhə etmirəm) Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platformasına cəsarətlə qoşulmağı xahiş edirəm. Sülhün alternativi yoxdur!”
9-09-2020, 06:03
Вернуться назад