DataLife Engine / XİN başçısı: “Ermənistan tərəfinə silah tədarükü Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesini sarsıdır”

XİN başçısı: “Ermənistan tərəfinə silah tədarükü Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesini sarsıdır”

Ermənistan rəhbərliyinə təcavüzkar ritorikası və silahlı təxribatların artan intensivliyi fonunda silah tədarükü gərginliyin eskalasiyası riskini yaradır, münaqişənin dinc yolla nizamlanması prosesinə xələl gətirir və ümumiyyətlə Azərbaycanın təhlükəsizliyinə təhdid yaradır.

Bu barədə Xarici İşlər naziri Ceyhan Bayramov Moskvaya səfəri ərəfəsində TASS-a müsahibəsində deyib:

“Azərbaycan dövlət sərhəddinin Tovuz rayonu hissəsində erməni təcavüzkarlarının silahlı hərəkətlərinin intensivləşməsi fonunda Ermənistana hərbi yüklərin verilməsi barədə yayılan məlumatlar Azərbaycan ictimaiyyətində ciddi narahatlığa səbəb oldu.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə iki ölkə arasında mövcud olan strateji tərəfdaşlıq, etibarlı dialoq və qarşılıqlı hörmət ruhunda baş tutan son telefon danışığı zamanı bu məsələ qaldırıldı”.

Nazirinin sözlərinə görə, 12-16 iyul tarixlərində Ermənistan-Azərbaycan sərhədinin Tovuz hissəsində erməni tərəfinin təxribatı təsadüfi hərbi toqquşma deyil:

“Biz sərhədin Tovuz hissəsində hücumu Ermənistanın Azərbaycan Respublikasına qarşı növbəti təcavüz aktı kimi qiymətləndiririk. Ermənistan Azərbaycanın yeni ərazilərini ələ keçirmək məqsədi güdür. Bu hərbi hücum Ermənistan tərəfindən yeni hərbi strategiya əsasında əvvəlcədən planlaşdırılıb, hansı ki, bu ölkənin Müdafiə nazirinin açıqlamasına görə, “əlverişli təhlükəsizlik vəziyyətini yaratmaq üçün önləyici zərbələrin endirilməsi” və “yeni ərazilər üçün yeni müharibə” tətbiqini nəzərdə tutur. Bu təcavüzkar hərbi doktrina əsasında hərəkət edən Ermənistan bu hücumu hərbi və siyasi hesablamalarına əsasən həyata keçirdi”.

“Ermənistan sərhədin Tovuz hissəsini qəfil hücum üçün ən uyğun yer hesab edib. Atışmanın miqyası və intensivliyi göstərir ki, erməni tərəfi bu hücumu əvvəlcədən planlaşdırıb və fəal hərbi zonaya daxil olmayan bu bölgəyə külli miqdarda silah və sursat yığıb.

Azərbaycanın sərhəd bölgələri və orada yerləşən mülki obyektlərin intensiv atəşə tutulması mülki əhali arasında çaxnaşma yaratmaq və insanları evlərini tərk etməyə məcbur etmək məqsədi daşıyırdı. Hücum Azərbaycanın böyük enerji və nəqliyyat infrastrukturlu obyektlərinin yerləşdiyi bölgəsi istiqamətində həyata keçirilib. Təbii ki, Ermənistandakı pandemiya ilə ağırlaşan daxili siyasi, sosial və iqtisadi problemlər onun silahlı hücumunun vaxtına təsir göstərib.

Azərbaycan silahlı qüvvələri hücumu dəf etdi və mövqelərini müdafiə etdi. Hərbi baxımdan vəziyyət gərgin olaraq qalır. Ermənistan Azərbaycanın mövqelərini atəşə tutmaqda davam edir”, - deyən nazir Ermənistan rəhbərlərinin Azərbaycana açıq şəkildə ərazi iddiaları irəli sürdüyünü, ölkənin ikinci böyük şəhəri olan Gəncə də daxil olmaqla yaşayış məntəqələrinə hərbi zərbələr endirməklə hədələdiyini və danışıqların yenidən başlaması üçün absurd şərtlər irəli sürdüyünü qeyd edib.

“İnanırıq ki, bölgədə təhlükəsizlik və sabitliyi təmin etmək və gələcəkdə bu kimi təxribatların təkrarlanmasının qarşısını almaq üçün, BMT Təhlükəsizlik Şurasının zaman məhdudiyyəti olmayan və münaqişənin həllinini əsasını təşkil edən dörd qətnaməsində tələb olunduğu kimi işğalçı qüvvələrin Azərbaycanın bütün işğal olunmuş ərazilərindən təcili, qeyd-şərtsiz və tam çıxarılması vacibdir.

Bununla əlaqədar olaraq ümid edirik ki, beynəlxalq ictimaiyyət, ilk növbədə ATƏT-in Minsk Qrupuna həmsədr olan ölkələr Ermənistanı status-kvonun saxlanması siyasətindən imtina etməyə, yuxarıda qeyd olunan BMT Təhlükəsizlik Şurasının qətnamələri və ATƏT-in qərarları əsasında substantiv danışıqlara başlamağa məcbur edəcəklər”, - deyə o, qeyd edib.

Nazir vurğulayıb ki, ATƏT-in Minsk Qrupu həmsədrləri bu ilin payızında Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüş təşkil etmək istəyirlər, “lakin Ermənistanın hərəkətləri faktiki olaraq vasitəçilərin səylərini heçə endirir”.
26-08-2020, 02:30
Вернуться назад