DataLife Engine / İsrail mediası yəhudilərin Azərbaycanla həmrəy olmasından bəhs edib

İsrail mediası yəhudilərin Azərbaycanla həmrəy olmasından bəhs edib

İsrail mediası bu ölkədə yaşayan yüzlərlə Azərbaycan yəhudisinin Tel-Əviv Yafoda müstəqil Azərbaycan dövlətinə dəstək və Ermənistanın təcavüzünə etiraz məqsədilə keçirdiyi 9 avqust 2020-ci il tarixli aksiyasını işıqlandırmaqda davam edir.

Bununla bağlı Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

İsrailin ILTV beynəlxalq telekanalının “İsrail xəbərləri” proqramında yayımlanan süjetində, “The Jewish Press” informasiya agentliyinin “İsraildə yaşayan yüzlərlə Azərbaycan yəhudisi Ermənistanın təcavüzünə qarşı çıxış edib” başlıqlı xəbərində bildirilib ki, təxminən 600 nəfərə yaxın insan şəhər boyunca yürüşdən sonra erməni mədəniyyət mərkəzinin və erməni kilsəsinin önündə toplaşıblar.

Həmvətənlərimiz Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu istiqamətindəki dövlət sərhədini artilleriya atəşinə tutması, 12 hərbi qulluqçunun və 76 yaşlı mülki şəxsin həlak olması xəbərindən hiddətləndiklərini bildiriblər. Onlar Ermənistanın Azərbaycan torpaqları olan Dağlıq Qarabağ bölgəsini və ona bitişik yeddi rayonu uzun illərdir işğalda saxlamasına kəskin etirazlarını ifadə ediblər.

Tədbirdə ravvin Şmuel Siman Tov, siyasi analitik Arye Qut, “İsraildə Azərbaycan evi”nin rəhbəri Şirin Nexamiya Mixaeli və başqalarının çıxış etdikləri, İsrailin multikulturalizmin, tolerantlığın hökm sürdüyü Azərbaycanla həmrəy olduğunu bir daha dünya ictimaiyyətinin nəzərinə çatdırdıqları vurğulanıb.

Onlar faşist əlaltısı olan Qaregin Njde kimilərinə heykəl ucaltmaqla Holokost qurbanlarının xatirəsini təhqir edən Ermənistanın iki ölkə arasındakı strateji tərəfdaşlıq münasibətlərinə xələl gətirə bilməyəcəyini bəyan ediblər.

Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə yəhudi əsilli azərbaycanlıların da həlak olduğu faktını xatırladan natiqlər Azərbaycanın tarixi Dağlıq Qarabağ bölgəsinin və ona bitişik yeddi rayonunun Ermənistanın işğalından azad edilməsini, bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünün öz tarixi torpaqlarına qaytarılmasını tələb ediblər.

Qeyd edək ki, ILTV beynəlxalq telekanalının “İsrail xəbərləri” proqramının 13.33-cü dəqiqəsindən başlayaraq göstərilən süjetdə Tel-Əviv Yafoda keçirilmiş aksiya, Dağlıq Qarabağ münaqişəsinin tarixi, Ermənistan silahlı qüvvələrinin son hərbi təxribatları barədə ətraflı məlumat verilib, eləcə də, Tovuz rayon sakinlərinin fikirləri səsləndirirlib.
15-08-2020, 06:56
Вернуться назад