Həmsədrlərin, xüsusən Rusiya siyasi elitasının ünvanına cəmiyyətimizdən gələn irad və suallara deputat Ülvi Quliyev aydınlıq gətirib.

Son vaxtlar ölkəmizin ictimai-siyasi həyatında təmsil olunan şəxslər tərəfindən həmsədrlərin, ilk növbədə, Rusiyanın siyasi elitasının, informasiya subyektləri və ekspertlərinin ünvanına haqlı iradlar səsləndirilməkdədir. Şübhəsiz ki, bütün bunlar cəmiyyətimizdən gələn ictimai qınağın təzahürüdür. Onların səbəbi bizim cəmiyyətə yaxşı məlumdur və bu, son bir-iki ilin doğurduğu məsələ deyil. Düşünürəm ki, cəmiyyətimizdən gələn haqlı iradların xüsusən Rusiya ictimaiyyətinin diqqətinə çatdırılmasına ehtiyac var.

Ermənistan torpaqlarımızın 20 faizini işğal edəndə 366-cı rus alayı tərəfsiz mövqe tutmamışdı. Onun əsgər və zabitləri ya işğalçının arxasında dayanır, ya da düşmənlə çiyin-çiyinə mövqe tuturdu. Bunlar bizlərin gözü qarşısında baş verib. O vaxtlar cəmiyyətimizdə sonluğundan sual işarəsi çıxarılan, həqiqəti əks etdirən fikir formalaşmışdı. Ermənistan işğal siyasətində tək deyil,...arxalıdır...

Bu gün isə Ermənistanın ərazisində, Gümrüdə Rusiya Federasiyasının kifayət qədər təchizatlı hərbi bazası dislokasiya olunub. Cəmiyyətimizdə yenə suallar dolaşır. İnsanlarımız düşünür ki, biz Rusiyaya yaxın qonşu, strateji müttəfiq gözü ilə baxırıq. Ermənistanda rus məktəbləri bir sinif kimi ləğv olunduğu, rusdilli mediaya faktiki savaş açıldığı halda, ölkəmizdə rusdilli məktəblərin sayı kifayət qədərdir. Rusiya ali məktəblərinin filialları Azərbaycanda fəaliyyət göstərir, rus mədəniyyətinə bəslədiyimiz sayğı nümunələri açıq-aydın ortadadır. Bilirik ki, Rusiya yerləşdiyimiz bölgədə güc mərkəzidir. Məlumumuzdur ki, o, Ermənistan-Azərbaycan münaqişəsinin həllində tərəfsiz vasitəçilik öhdəliyini üzərinə götürmüş ATƏT Minsk Qrupunun üç həmsədrindən biridir, bəlkə də iddia etdiyi kimi birinci və əsas həmsədridir.

Cəmiyyətimizdə haqlı sual yaranır: tərəfsiz vasitəçilik missiyası və ciddi təchizatlı hərbi bazasının təcavüzkarın ərazisində yerləşdirilməsi bir-biri ilə uzlaşırmı? Haqlı sualdır və ictimai qınağın motivlərindən biridir. Bu motivi gücləndirən amil də mövcuddur. Danışıqlar prosesi az qala 30 ilə yaxındır ki, davam edir. Digər həmsədrlər öz yerində...Bəs görəsən bölgədə əsas söz sahibliyinə iddialı olan Rusiya bu illər ərzində Ermənistanı işğala son qoymağa sövq etməkdə acizmi qalıb və ya bunu istəməyib? Cəmiyyətimizdə dolaşan növbəti suallardan biri də elə budur. Axı Beynəlxalq birliyə, həmsədrlərə, o cümlədən Rusiyanın siyasi elitasına yaxşı məlumdur ki, münaqişə BMT TŞ-nın 822, 853, 874, 884 nömrəli qətnamələrinə uyğun şəkildə həll olunmalıdır, danışıqlar Rusiya Xarici İşlər naziri cənab S.Lavrovun dediyi tək “o cümlədən” yox, Azərbaycan Xarici İşlər naziri cənab C.Bayramovun vurğuladığı kimi “ilk növbədə” həmin qətnamələr - beynəlxalq-normativ aktların təsnifatında üstünlüyü olan sənədlər əsasında aparılmalıdır. Cəmiyyətimizdə ictimai qınağın növbəti mənbəyi də budur. Bütün bu həqiqətlərin fonunda Rusiyanın informasiya məkanında baş verənlər cəmiyyətimizdə aşıb-daşan sualların sayını daha da artırır. Söhbət yalnız internet məkanından getmir. İstər Rusiya cəmiyyətinə, istərsə də bizlərə yaxşı məlumdur ki, strateji müttəfiq, yaxın qonşu gözü ilə baxdığımız Rusiyanın hansı telekanalları rəsmi Kremlin əsas təbliğat missiyasını üzərinə götürüb və ya belə bir missiyanın həyata keçirilməsi onlara tapşırılıb.

Simonyan, Baqdasarov, Solovyov və sair soyadlardan, onların etnik mənsubiyyətindən asılı olmayaraq, həmin şəxslərin azərbaycanlılara yönəlik ictimai şüura, ilk növbədə yerli auditoriyaya aşıladıqları bir informasiya hədəfi var: ”Rusiya hər zaman Ermənistanın yanındadır”, “Qarabağı artıq itirmisiniz”, “özünüzü boşa yormayın”...Yalnız Azərbaycan ictimaiyyətinə deyil, beynəlxalq birliyə də artıq məlumdur ki, Kremlin rəsmi rupor funksiyasını hansı telekanallar yerinə yetirir. Cəmiyyətimizdə haqlı sual yaranır. Onda biz uşaqlarımıza rus dilini niyə öyrədirik? Bu sərsəm fikirləri eşidib - başa düşmələri üçünmü? Həqiqət naminə bir onu deyə bilərəm ki, rupora “üfləyənlər” arasında etnik ruslar azlıqdadır.

2016-cı ilin Aprel döyüşlərini, o zaman həmsədrlərin səsləndirdikləri bəyanat və çağırışları da cəmiyyətimiz unutmayıb. O vaxt ordumuz erməni təxribatının layiqli cavabını verdi, qələbəyə təminat yaradan əks-hücuma keçdi. Döyüşlər işğal altında olan Azərbaycan ərazisində aparılırdı, hərbi üstünlüyümüz açıq şəkildə ortada idi. Həmsədrlərdən, xüsusən də Rusiyadan “dur, dayan” çağırışı gəldi. Cəmiyyətimizdə növbəti sual yarandı: Niyə?

2020-ci il iyulun 12-də işğalçı Ermənistan artıq Qarabağda deyil, Tovuz rayonu istiqamətində, dövlət sərhədində təxribat törətdi. Məlum oldu ki, bu təxribatdan dərhal sonra Rusiyadan Ermənistana 7 reyslə, 3-4 ölkənin hava məkanı üzərindən, təyyarələrlə 400 ton həcmində hərbi yük daşınıb. Cəmiyyətimiz yenə sual edir: niyə, hansı məqsədlə? Həmin dövrdə S.Sarqsyan bəyanat yaydı ki, onun rəhbərliyi dövründə Rusiyadan Ermənistana 50 min ton həcmində pulsuz-parasız hərbi-texniki sursat daxil olub. Sualın ardınca yeni bir sual yarandı: bu, tərəfsiz vasitəçilik missiyasına uyğundurmu?

Öz ölkəsində anti-rus siyasəti apardığına görə Rusiyanın informasiya məkanında tənqid olunan Ermənistanın baş naziri N.Paşinyan elə ay olmur ki, Qarabağa - Azərbaycan ərazisinə gəlməsin. O gedir, Ermənistanın müdafiə naziri, qərargah rəisi, başqa rəsmiləri axışır. Şuşada dırnaqarası “inaqurasiya” tədbirinə qədər də, ondan sonra da bu cür təxribatlar həmsədrlərin, xüsusən də Rusiyanın gözü, 102-ci briqadasının “radarları” altında baş verir. Cəmiyyətimizdə növbəti haqlı sual yaranır: bəs bunlara dur-dayan deyən niyə olmur? Hansı səbəbdən təxribata adekvat qiymət verilmir? Ermənistana 400 ton hərbi yükün göndərilməsi Paşinyanın anti-rus siyasətinə cavabdırmı və ya xidmət?

Beynəlxalq səviyyəli görüşlərin birində Azərbaycan Prezidenti cənab İlham Əliyev digər ölkə başçılarının, o cümlədən Rusiya Prezidentinin iştirakı ilə N.Paşinyana sərt şəkildə bildirdi ki, Ermənistan Njde-faşizm ideologiyasının təbliği ilə məşğuldur. Faktlarla dedi. Həmsədrlərin, xüsusən həssaslıq göstərdiyimiz və gözlədiyimiz Rusiyanın siyasətində Ermənistana yönəlik görmək istədiyimiz bir dəyişiklik baş verdimi?

Əgər ATƏT-in Minsk qrupuna daxil olan həmsədrlərin - ABŞ-ın, Fransanın və ya Rusiyanın ərazisi işğala məruz qalsaydı, hər hansı biriniz bunu qəbul edib dözərdinizmi? İşğala son qoyulması, Beynəlxalq hüququn tələblərinin yerinə yetirilməsi adı altında aparılan danışıqlar 30 il boyu davam etsəydi, bu, imitasiyadır, deməzdinizmi?

Beynəlxalq səviyyədə rəsmən Azərbaycan ərazisi kimi tanınan torpaqların 20 faizi bu gün də işğal altında qalmaqdadır. Həmsədrlərin səyi işğala son qoyulması, torpaqlarımızın BMT TŞ-nın qətnamələrində qeyd olunduğu kimi qeyd-şərtsiz işğaldan azad edilməsi və azərbaycanlı əhalinin tarixi dədə-baba torpaqlarına qaytarılması ilə hələ də nəticələnməyib. Əksinə, Ermənistanın işğal siyasəti Azərbaycan ərazilərində qanunsuz məskunlaşdırma, etnik tərkibin dəyişdirilməsi, ilhaq siyasəti ilə davam etdirilir. Beyrut şəhərində baş vermiş partlayışdan sonra Livanda yaranmış vəziyyətdən Ermənistan öz məkrli məqsədləri naminə istifadə etməkdədir. Ermənistan rəsmi şəkildə bəyan etdi ki, Livandan olan etnik erməniləri işğal etdiyi Azərbaycan ərazilərində məskunlaşdırmaqla bağlı planını həyata keçirməkdə israrlıdır. Cəmiyyətimizdə isə növbəti haqlı sual yarandı. Niyə həmsədrlər, ilk növbədə Rusiya BMT Baş Assambleyasının 62/243 nömrəli qətnaməsinin tələblərini işğalçı Ermənistana beynəlxalq ictimaiyyətin də görüb-eşidə biləcəyi tərzdə xatırlatmırlar? Axı, bu qətnamənin tələbinə görə, Azərbaycan ərazilərinin işğalı nəticəsində yaranmış vəziyyəti heç bir dövlət qanuni tanımamalıdır və tanımayacaqdır, bu vəziyyətin olduğu kimi qalmasına isə heç bir dövlət kömək, yardım etməməlidir və etməyəcəkdir. Azərbaycan cəmiyyəti də bunu görüb-eşitmək arzusundadır!

Ermənistanın Tovuz rayonu istiqamətindəki təxribatından sonra cəmiyyətimiz bir neçə beynəlxalq təşkilatın Azərbaycanın-haqlının yanında olduğunu görə bildi. Beynəlxalq hüququn subyekti kimi bir sıra dövlətlərin də haqqa, yenə də sülhə çağrışlarını eşitdik. Amma işğalçı Ermənistanı fərdi qaydada sərt qınağa tuş gətirən qardaş Türkiyə və Pakistan oldu. Azərbaycan xalqı və cəmiyyətimiz yaxşılığı unutmayan, dəstəyə dəyər verən xalqdır, cəmiyyətdir. Erməni təxribatına ən sərt etirazını və aydın mövqeyini Türkiyə və onun rəsmi dairələri sərgilədi. Bu, tarixi köklərimizə sayğı ilə yanaşı, ilk növbədə beynəlxalq hüquqa və tarixi ədalətə olan hörmətin ifadəsi idi. Ermənilərin Tovuzdakı təxribatından sonra beynəlxalq mənzərəni əyani şəkildə müşahidə edə bilmiş cəmiyyətimizdə aşağıdakı suallar da yaranıb.

Əgər həmsədrlərdən birinin hərbi bazası təcavüzkarın göbəyində yerləşirsə, nədən beynəlxalq hüququn və haqqın yanında olduğunu açıq şəkildə ifadə edən qardaş Türkiyənin hərbi gücü də Azərbaycanda yerləşməsin?! Əgər Ermənistanın təqsiri ucbatından və həmsədrlərin səylərinin yetməməzliyindən danışıq prosesi imitasiya görüntüsü yaradırsa, işğalçının istəyi nəticəsində beynəlxalq hüquq arxa plana, hərbi təxribatlar və güc faktoru önə çıxarılırsa, gücə güclə cavab vermək haqqından Azərbaycanı kim məhrum edə və qınaya bilər?!

Cəmiyyətimizi düşündürən suallar sadaladıqlarımla bitmir. Bunlar üzdə olanlarıdır. Onların heç birinə, ağırlıq yükünə baxmayaraq, ortada bir həqiqət var: Xalqımızın ərazi bütövlüyünü bərpa etmək qətiyyəti beynəlxalq hüquqa, tarixi ədalətə söykənir. Bu hüquq və haqqımızın həyata keçirilməsində kim və ya kimlər bizim yanımızda olacaqsa, biz də onun və onların yanındayıq! Özü də əbədi!

Son xəbərlər

İran Suriyadan SEPAH zabitlərini təxliyə edir

Ukraynada səfərbərlik gücləndirilir

Prezident İlham Əliyev Hacıqabul rayonunda Şirvan suvarma kanalının təməlini qoyub - FOTO

İtaliya Tehrandakı konsulluğunu bağladı

Almaniya səfirliyinin əməkdaşlarının ailələri təcili şəkildə İranı tərk edirlər

Britaniya Ukraynaya dronları məhv edən döyüş lazeri verəcək

Moskva Avstriya səfirliyinin əməkdaşını arzuolunmaz şəxs elan etdi, vaxt qoydu

Gürcüstanda keçmiş baş nazir üçün istintaq komissiyası yaradıla bilər

İlham Əliyev Qəbələdə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib - FOTO

Prezident İlham Əliyev Gəncədə ulu öndərin abidəsini ziyarət edib - FOTO

Antiterror tədbirləri zamanı ağır yaralanan Azərbaycan Ordusunun zabiti vəfat edib

ABŞ Brüsseldə Ermənistana nələri vəd edib?

Prezident İlham Əliyev seneqallı həmkarına təbrik məktubu göndərib

Rusiya XİN: “KTMT-nin Ermənistana kömək etməməsi ilə bağlı bəyanatlar yalandır”

Azərbaycanla Rumıniya arasında qida təhlükəsizliyində əməkdaşlığa dair Anlaşma Memorandumları imzalanıb

Xocalıda qətlə yetirilənlərin öldürülmə şəraiti açıqlanıb

Qazaxıstanda fövqəladə vəziyyət elan edildi

Ermənistan yenə MDB tədbirini boykot edib - FOTO

CAR prezidenti İlham Əliyevi təbrik etdi

Modest Kolerov: “Ermənistan artıq Rusiya üçün maraqlı deyil”

Hikmət Hacıyev: “Çinli tərəfdaşlarla birgə iş ölkəmizin texnoloji inkişafına kömək edir”

Ermənistanda polis bölməsinə hücumun iştirakçıları bəlli oldu

Rusiyadakı Azərbaycan səfirliyinə “Crocus City Hall”dakı terror aktı ilə bağlı müraciət edilib?

Türkiyənin vitse-prezidenti Mehriban Əliyevanı təbrik edib

Ceyhun Bayramov Nüvə Enerji Sammitində çıxış edib - YENİLƏNİB + FOTO

ABŞ vətəndaşlarını Haitidən təxliyə edir

Hikmət Hacıyev: “BMT-nin yenilənmiş xəritəsi yeni reallıqların ən yaxşı təsviridir” - FOTO

Zaxarova: “Aİ-nin Ermənistandakı müşahidə missiyası Rusiya, İran və Azərbaycan əleyhinə casusluq edir”

Moldova XİN Rusiya səfirinə nota verdi

Paşinyan Azərbaycanla şərti sərhəddə yaşayan ermənilərə Bakının tələblərini çatdırdı

Tramp Putinlə münasibətindən danışıb

NATO baş katibinin Azərbaycana səfəri başlayıb - FOTO

Tramp: “Mən seçilməsəm, ABŞ qan gölünə çevriləcək”

Bütün xəbərlər