Qazaxıstandan Azərbaycan qayığının güllə yağışına tutulması barədə RƏSMİ AÇIQLAMA » İnterxəbər.Az
interxeber.az » Siyasət » Qazaxıstandan Azərbaycan qayığının güllə yağışına tutulması barədə RƏSMİ AÇIQLAMA


Qazaxıstandan Azərbaycan qayığının güllə yağışına tutulması barədə RƏSMİ AÇIQLAMA

6-05-2020, 22:26
Oxunub: 900
Çap et
Xəzər dənizində Azərbaycan vətəndaşları ilə bağlı insidentə dair Qazaxıstan Respublikasının Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidmətinin (QR MTK SX) məlumatına görə, 30 aprel 2020-ci il gecə saat 3:55-də (Nur-Sultan vaxtı ilə) Rakuşeçnıy burnundan 30 mil aralıqda Xəzər dənizində qazaxıstanlı sərhədçilər tərəfindən içində dörd Azərbaycan vətəndaşı olan “bayda” tipli kiçik ölçülü qayıq saxlanılıb.

Bu barədə Qazaxıstanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Məlumatda qeyd olunub ki, saxlanılan qayıq Qazaxıstan Respublikasının ərazi sularında aşkar olunub. Sərhəd mühafizə katerin ekipajının beynəlxalq dəniz qanunvericiliyi ilə nəzərdə tutulan “dayan” əmrlərinə baxmayaraq, dövlət sərhəd pozucuları buna reaksiya verməyiblər və yüksək sürətlə sərhəd mühafizə kateri önündə təhlükəli manevrlər edərək, toqquşma təhlükəsi yaradıblar.

Pozucuların təqibi 1 saat 40 dəqiqə çəkib və bu müddət ərzində qayığın məcburi dayanması üçün “Qazaxıstan Respublikasının Dövlət Sərhədi haqqında” Qazaxıstan Respublikasının Qanunun tələblərinə ciddi riayət olunmaqla, sərhədçilər tərəfindən silahdan istifadə olunub. Beləliklə, odlu silahdan havaya 25 xəbərdarlıq, 87 qayığın getdiyi istiqamətə və 185 pozucuların mühərrikinə tuşlanan atəş açılıb.

Silahdan istifadə edilməsi zamanı üç pozucu yaralanıb. Saxlanma zamanı yaralananlara dərhal ilkin tibbi yardım göstərilib. Görülən tədbirlərə baxmayaraq, sahilə çatdıqda təcili tibbi yardım həkimləri saxlanılanların birinin ölüm faktını qeydə alıb.

Hazırda saxlanılanlarla bağlı Qazaxıstan Respublikasının aidiyyəti orqanları tərəfindən Qazaxıstan Respublikasının Cinayət Məcəlləsinin 392-ci maddəsinin 1-ci bəndinə uyğun olaraq, dövlət sərhədinin pozulması faktı ilə bağlı araşdırma tədbirləri görülür.

Qazaxıstan Respublikası Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidməti bildirir ki, 2017-ci ildə saxlanılan dörd brakonyerdən üçü eyni qanun pozuntusuna görə Qazaxıstan Respublikasının qanunvericiliyinə uyğun olaraq altı ay müddətinə azadlıqdan məhrum edilib.

Qazaxıstan tərəfi həlak olan Azərbaycan vətəndaşının ailəsinə başsağlığı verir. Bu gün səhər saatlarında mərhumun nəşi Azərbaycan tərəfinə verilib.

İnsidentlə bağlı tam məlumat Azərbaycan tərəfinə çatdırılıb.

Qazaxıstan tərəfi Azərbaycan vətəndaşları tərəfindən Qazaxıstan Respublikasının dövlət sərhədinin pozulması faktlarının çoxalması ilə bağlı narahatlığını bildirir. 2017-ci ildən bu günə qədər 41 Azərbaycan Respublikasının vətəndaşı saxlanılıb, onlardan 33-ü Qazaxıstan Respublikasının dövlət sərhədini pozduğuna görə məhkum olunub.
Reytinq: