DataLife Engine / Xaçmaz KOB evində on mininci xidmət göstərildi - FOTO

Xaçmaz KOB evində on mininci xidmət göstərildi - FOTO

Sahibkarlara dövlət-biznes (“G2B”) və zəruri biznes-biznes (“B2B”) xidmətlərinin vahid məkanda təqdim olunduğu Xaçmaz KOB evi tərəfindən on mininci xidmət göstərilib.

On mininci müraciət mənşə sertifikatı almaq üçün KOB evinə müraciət etmiş sahibkara hazır sənədin verilməsi ilə bağlı olub.

Qeyd edək ki, Xaçmaz KOB evində sahibkarlara İqtisadiyyat Nazirliyi, o cümlədən, Dövlət Vergi Xidməti, Əmlak Məsələləri Dövlət Xidməti, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, Sahibkarlığın İnkişafı Fondu, AZPROMO, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Gömrük Komitəsi, Qida Təhlükəsizliyi Agentliyi, Dövlət Reklam Agentliyi, “Azərpoçt” MMC, “Azəriqaz” İB, “Azərsu” ASC, “Azərişıq” ASC və digər qurumlar tərəfindən 150-yə yaxın dövlət xidməti göstərilir.

KOB evində, həmçinin, sahibkarlıq subyektlərinə bank, sığorta, lizinq, broker, tərcümə və s. kimi 100-dək zəruri biznes-biznes xidmətləri təqdim olunur.

Xaçmaz KOB evinin əsas üstünlüyü buraya müraciət edən sahibkarların vaxta və əməliyyat xərclərinə qənaət etməsi, xidmətlərin şəffaf və operativ təşkili, dövlət-biznes və biznes-biznes xidmətlərinin bir məkanda göstərilməsi, xidmət səviyyəsinin ölçüləbilən olmasıdır. KOB evində sahibkarlara göstərilən xidmətlərdən məmnunluq səviyyəsi 97 faiz təşkil edir.

Koronavirus pandemiyası ilə bağlı Xaçmaz KOB evində sahibkarlara xidmətlərin göstərilməsi zamanı karantin rejiminin tələblərinə tam şəkildə riayət olunur.
26-08-2020, 10:48
Вернуться назад