DataLife Engine / “Neftçi” “Kəpəz”ə qalib gəldi

“Neftçi” “Kəpəz”ə qalib gəldi

“Neftçi” “Kəpəz”ə qalib gəldi
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VII turun daha iki oyunu keçirilib.

Interxeber.az Report-a istinadən xəbər verir ki, günün ilk oyunu Sumqayıtda baş tutub.

Şəhərin eyniadlı komandası sonuncu pillədə qərarlaşan AZAL-ı qəbul edib. Oyunda ilk qolu “təyyarəçilər” vurub. Oyunun 9-cu dəqiqəsində İlqar Ələkbərov fərqlənib. Komandaların hücumlarına baxmayaraq ilk hissə bu hesabla da başa çatıb.

İkinci hissənin 83-cü dəqiqəsində “Sumqayıt”da çıxış edən Mirabdulla Abbasov komandasına bir xal qazandıran qolu vurub. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Bu nəticədən sonra aktivinə bir xal yazan AZAL turnir cədvəlinin sonuncu pilləsindən xilas ola bilməyib. “Sumqayıt” isə 8 xalla 4-cü pillədə qalıb.

Günün son oyununda isə “Neftçi” və ”Kəpəz” komandaları üz-üzə gəlib. Masazır qəsəbəsində yerləşən ”Əlincə Arena”da baş tutan görüşə paytaxt klubu daha aktiv başlayıb. Oyunun 14-cü dəqiqəsində Denilson Pereyra gəncəlilərin qapısına yol tapıb. Oyunun qalan dəqiqələrində qapılara qol vurulmayıb.

Bununla da ”Neftçi” cari mövsümdə ikinci qələbəsini qazanaraq xallarını 6-ya yüksəldib. Bu qələbə 8 xalı olan “Neftçi”ni turnir cədvəlində 7-ci pillədə qərarlaşan “Zirə”yə yaxınlaşdırıb. “Kəpəz” isə səfər məğlubiyyəti nəticəsində 7 xalla 5-ci pillədədir.

Turun açılış oyununda “İnter” “Zirə”ni qəbul edib və qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb.

Qeyd edək ki, VII tura sabah keçiriləcək “Qəbələ” – “Qarabağ” oyunu ilə yekun vurulacaq.
1-10-2016, 18:11
Вернуться назад