Yerəbənzər planetlər mövcuddurmu? » İnterxəbər.Az
interxeber.az » Hadisə » Yerəbənzər planetlər mövcuddurmu?


Yerəbənzər planetlər mövcuddurmu?

20-12-2014, 19:35
Oxunub: 743
Çap et
Kaliforniya Texnologiya İnstitutundan olan tədqiqatçılar Kiqan Rayan və Devid Stivenson Amerika Astronomiya Cəmiyyətinin yığıncağında yerəbənzər planetlərin mövcudluq imkanını təsvir edən nəzəriyyə təqdim ediblər. Doğrudur, onlar iki eyni dərəcəli kosmik cisimdən ibarət olan ikili sistemi xatırladır.

Rayan və Stivenson öz məruzələrində vurğulayıblar ki, burada söhbət Yer və Ay və ya Pluton və Xaron kimi planetlər və onların peyklərindən ibarət planet sistemlərindən yox, təqribən Yerin çəkisinə bərabər eyni kütləyə malik obyektlərdən gedir. Enerji itkisi səbəbindən iki planet eyni "əlaqə”də olur və vahid planetar sistem yaradır. Alimlər onu ikili sistem adlandırıb. Onlar bəyan ediblər ki, bu cür sistem əgər mərkəzi ulduzdan kifayət qədər uzaq məsafədə formalaşıbsa, milyrdlarla il mövcud ola bilər.

Bəs yerəbənzər planetlərdən ikili sistemin formalaşması necə baş verir? Günəş ətrafında dövr edən böyük daşlı obyektlər bəzən bir-birinə kifayət qədər yaxınlaşa bilər ki, bu da baş-başa və ya yan-yana toqquşmaya səbəb olur. Nəticədə kütlə artımı baş verir və iki obyekt birləşir. Qırıntılardan peyklər yarana bilər. Amma əgər toqquşma toxunma ilə sürətlə baş verirsə, hər iki obyekt bir-birindən əks tərəfə itələnir və kənara sıçrayır.

Tədqiqatçılar hesab edirlər ki, orta variant da ola bilər, yəni birləşmə və itələnmə əvəzinə obyektlər cazibə qüvvəsi sayəsində orbital "tələ”də ilişib qalır. Bu zaman onlardan hər biri öz eyniliyini saxlayır.
Rayan və Stivenson protoplanetar toqquşmaların öyrənilməsi üçün istifadə edilən "hamarlanmış hissəciklərin hidrodinamikası” (SPH) adlı imitasiya modelləşdirilməsi texnikası vasitəsilə bu fərziyyəni yoxlamağa çalışıblar. Məsələn, Ayın yaranması ilə bağlı populyar "zərbə” nəzəriyyəsinin yoxlanılması da bu yolla keçirilib. Metodun mahiyyəti ondan ibarətdir ki, cisim çoxlu sayda hissəciklərdən ibarət kolleksiya kimi təqdim olunur.

Mütəxəssislər SPH vasitəsilə Yer böyüklükdə iki daşlı obyekt arasındakı toqquşmanı modelləşdirə biliblər. Bu zaman obyektlərə müxtəlif hərəkət sürətləri və başqa parametrlər verilib. Məlum olub ki, müəyyən ilkin göstəricilər əsasında doğrudan da iki "Yer”dən ibarət sistem formalaşıb.

Son vaxtlar praktikada ikili ulduzların, asteroidlərin və ya kosmik "qantellər”ə bənzəyən sistemlərin mövcudluğu sübut olunub. Amma ikili planetlərə hələlik yalnız elmi-fantastik kitabların səhifələrində rast gəlinib. Ona görə də biz bu gün ikili "Yer”in mövcudluğunu yalnız nəzəri cəhətdən güman edə bilərik.

Bu yaxınlarda keçirilmiş tədqiqatlar həmçinin göstərib ki, həyatın ola biləcəyi yertipli ekzoplanetlər əvvəllər həyatın mümkün olmadığı hesab edilən zonalarda da mövcud ola bilər.

"Kepler” orbital rəsədxanasının işlədiyi dörd il yarım ərzində müəyyən edilib ki, Süd Yolu rayonunda ekzoplanetliyə 3,5 mindən çox namizəd vardır. Qeyd edək ki, nəzəri cəhətdən həyatın yaranması üçün münasib şəraitin mövcud ola biləcəyi Günəşə bənzəyən ulduzlar ətrafında yerləşən planetlər ekzoplanet adlanır.

Bir neçə yüz ulduz sisteminə daxil olan minə yaxın ekzoplanetin mövcud olduğu təsdiq edilib. Doğrudur, əvvəllər aşkar edilən məskunlaşmış zonalarda yerləşən digər planetlərin ölçüsü Yerin ölçüsündən, ən azı, 40% böyük olub. Onları kütləsi Yerin kütləsindən böyük, lakin Yupiter və Neptun kimi qaz nəhənglərindən kifayət qədər kiçik olan, necə deyərlər, "superyer” dərəcəsinə daxil ediblər.
Bizim Günəş sistemimizdə bu cür ekzoplanetlər yoxdur. Məlum olub ki, bu tip ekzoplanetlərin hamısı, demək olar ki, narıncı və qırmızı "cırdtdanlar”ın ətrafında dövr edir. Eyni zamanda "superyerlər”in əksəriyyəti öz ulduzlarından kifayət qədər kiçik məsafələrdə yerləşir.

Bununla belə, nüfuzlu Astrophysical Journal Letters elmi jurnalında qeyd edilir ki, səthində suyun maye halında olduğu (bu, canlı orqanizmlərin mümkün mövcudluğunun əsas əlaməti hesab edilir) planetlər kifayət qədər uzaq orbitlərdə yerləşə bilər. Bu, hər şeydən əvvəl gənc günəşlərin yaxınlığında yerləşən planetlərə aiddir.

"Bu o deməkdir ki, yerüstü teleskopların növbəti nəsli planetləri erkən formalaşma mərhələsində - onların ulduzları hələ gənc olduğu vaxt "görə” bilər”- Kornell Univeritetindən olan Ramzes Ramires bildirib. Hələlik bizim teleskoplar bu cür obyektləri aşkar etmək gücündə deyildir, çünki planetlər erkən formalaşma mərhələsində "yetkin” ulduzlar ətrafında dövr edərək, demək olar ki, özlərinin bütün suyunu itirir. Buna baxmayaraq, texnologiyların inkişafı bu problemi həll edə bilər.(xezerxeber.com)
Yerəbənzər planetlər mövcuddurmu?
Reytinq: